Məhkəmə qərarları › İş №e-2(125)-336/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-336/2024

09.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-336/2024 09.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X3 Əli oğlunun sədrliyi, X1 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 14169.07 manat məbləğində kredit bоrcu, 1593.92 manat məbləğində faiz bоrcu və 504.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16267 (on altı min iki yüz altmış yeddi) manat 40 (qırx) qəpik məbləğində bоrcun və ödənilmiş 138.8 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumişərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 830.93 manat ödəniş etmiş və оnun iddiaçıya 14169.07 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 178 gün üçün hesablanmış faiz borcu 1593.92 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 178 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 504.41 manat təşkil edir. Odur ki, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 14169.07 manat məbləğində kredit bоrcu, 1593.92 manat məbləğində faiz bоrcu və 504.41 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 16267 (on altı min iki yüz altmış yeddi) manat 40 (qırx) qəpik məbləğində bоrcun və ödənilmiş 138.8 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 məhkəməyə elektron ərizə göndərərək, iddianı müdafiə etdiklərini bildirmiş, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxaılmasını məhkəmədən xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan iddiaçı bankla Cavabdeh arasında bağlanmış, xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. İşdə olan İddiaçı QSC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş planından görünür ki, cavabdeh tərəfindən kreditin qaytarılmasının hissə-hissə həyata keçirilməsi nəzərdə tutulmuş, o, xx.xx.2022-xx.xx.2026-cı illər ərzində ümumilikdə 22034.4 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı QSC-nə aid xx.xx.2023-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə 14169.07 manat məbləğində əsas borcu, 1593.92 manat məbləğində faiz borcu və 504.41 manat cərimə olmaqla, ümumilikdə 16267.4 manat borcu yaranmışdır. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borcu xatırladılmış və 14.169.07 manat əsas məbləğ, 1380,78 manat faiz məbləği və 419.4 manat cərimənin ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 138.8 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 009A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit vermişdir. Cavabdeh kredit bоrcundan cəmi 830.93 manat ödəniş etmiş, xx.xx.2023-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət qalan vəsaiti qaytarmamış və nəticədə cavabdehin Banka 16267 (on altı min iki yüz altmış yeddi) manat 40 (qırx) qəpik məbləğində borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Buna görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MM-nin 427.3-cü maddəsinə görə öhdəlik onun icrası gününü nəzərdə tutursa, həmin gün icra edilməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinin tələblərinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq banka ödəməli olduğu ödənişləri tam icra etməmişdir. Buna görə də yaranmış kredit və faiz borcları ondan tutulmalıdır. Məhkəmə faiz borcu ilə bağlı qeyd edir ki, xx.xx.2023-cü il tarixli xəbərdarlıq göndərildiyi tarixdən iddiaçı ilə cavabdeh arasındaki kredit müqaviləsi ləğv edilmiş sayılır. Odur ki, faiz borcu xəbərdarlıq tarixinə hesablanmış 1380.78 manat hissəsində təmin edilməlidir. Məhkəmə tələbin dəbbə pulu ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddiaçı Bankın xx.xx.2022-ci il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə 504.41 manat dəbbə pulunun cavabdehdən tutulması tələbi qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış kredit razılaşmalarının 4.2.2-ci bəndinə əsasən ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1 % məbləğində cərimə ödəyir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Bu baxımdan da məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditor bankın da əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Odur ki, məhkəmə xx.xx.2022-ci il tarixli 009A********** saylı kredit müqaviləsi üzrə dəbbə pulunun 504.41 manatdan azaldılaraq 50 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də borclunun mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 421.2–ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Həmin Məcəllənin 423.2–ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Həmin Məcəllənin 424.2–ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia qismən təmin edilməli, Cavabdeh 14169.07 manat məbləğində əsas borc, 1380.78 manat məbləğində faiz borcu və 50 manat cərimə borcu tutularaq iddiaçı banka ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 138.8 manat dövlət rüsumunun 133.46 manatı da cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 14169.07 manat məbləğində əsas borc, 1380.78 manat məbləğində faiz borcu, 50 manat cərimə borcu və 133.46 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı QSC-yə verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Mustafa Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar