Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3364/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Məmmədova Gülnarə Eldar qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5373,58 manat əsas, 66,42 manat faiz borcu, kredit müqaviləsinin müddəti bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 20,25 manat faiz borcu olmaqla, cəmi 5460,25 manat borcun, həmçinin ödənilmiş 74,60 manat dövlət rüsumunun tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında 109.LN.1675.180719.00001 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və hesabdan çıxarışa əsasən Bank borcalana 60 ay müddətinə, ilk 12 ay güzəşt müddəti olmaqla, illik 1 faiz dərəcəsi ilə ödəmək şərtilə 5911,66 manat məbləğində kredit ayırmış, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehə 60 (altmış) ay müddətinə illik 1 (bir) faiz dərəcəsi ilə 5911,66 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixinə cavabdehin kredit üzrə cəmi borcu 5460,25 manat təşkil edir. Bundan 5373,58 manat əsas, 66,42 manat faiz borcu, 0 manat cərimə borcu və kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 20,25 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********883 saylı, xx.xx.2022-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiaçının nümayəndəsi X1 məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin “Elektron Məhkəmə” İnformasiya sistemində yaradılmış elektron kabinetinə məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış yerləşdirilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq “Elektron Məhkəmə” İnformasiya sistemindən çıxarış işə əlavə edilmişdir. Həmçinin, məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən həmin cavabdehin və iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqavilə və əlavəyə, eləcə də hesabdan çıxarışa görə Bank borcalana 60 ay müddətinə, ilk 12 ay güzəşt müddəti olmaqla illik 1 faiz dərəcəsi ilə ödəmək şərtilə 5911,66 manat məbləğində kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 7.1-ci və 7.1.1-ci bəndlərinə əsasən Borcalan üzərinə götürmüş öhdəliyi (tam və ya qismən) yerinə yetirməzsə, eləcə də borc tam və ya qismən təmin olunmazsa, borcalanın ödəmə qabiliyyətinin olmaması səbəbindən kreditor müqavilə üzrə kreditin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər, eləcə də borcalan verilmiş krediti, onun bir hissəsini və ya hesablanmış faizləri müqavilədə nəzərdə tutulmuş vaxtda yaxud 1 nömrəli əlavədə göstərilən cədvəl üzrə 3 (üç) ay müddətində ödəməzsə, kreditor kreditin hesablanmış faizlərlə birlikdə vaxtından əvvəl qaytarılmasını və (və ya) girov (ipoteka) qoyulmuş əmlakın satılmasını tələb etmək və (və ya) borcun ödənilməsini digər təminatlarına yönəltmək hüququna malikdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli, 12-5/2-H-41-154/2024 nömrəli arayışdan görünür ki, cavabdehin 109.LN.1675.180719.00001 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə olan borcu əsas məbləğ üzrə 5373,58 manat, müqavilə müddəti üçün faiz məbləği üzrə 66,42 manat, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 20,25 manat olmaqla, cəmi 5460,25 manat təşkil edir. Beləliklə, müqavilə üzrə cavabeh tərəfindən ödənişlər qismən aparılmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdehin ünvanına **********883 nömrəli bildiriş göndərilərək (məktubun cavabdehə xx.xx.2022-ci il tarixdə çatdırılması barədə “poçt göndərişinin verilməsi haqqında” xəbərnamənin surəti işə əlavə edilməklə) ondan münasibətləri məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə 109.LN.1675.180719.00001 nömrəli, xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə 5718,34 manat əsas, 4,21 manat faiz olmaqla, ümumilikdə 5722,55 manat məbləğində borcun 3 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə ona məhkəməyə müraciət olunacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Qanuna uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2022-ci il tarixdən birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin Banka borcu - ödənilməmiş əsas borc qismində 5718,34 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 4,21 manat təşkil etmişdir. Lakin iddiaçı hazırkı iddiasında cavabdehdən əsas borca münasibətdə bundan az məbləğdə, yəni əsas borc üzrə 5373,58 manat, faiz borcu üzrə 66,42 manat və əlavə faiz üzrə 20,25 manat olmaqla, cəmi 5460,25 manat pul vəsaitinin tutulmasını tələb etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2019-cu il tarixdə bağlanmış 109.LN.1675.180719.00001 nömrəli kredit müqaviləsindən xx.xx.2022-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2022-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi də mövcuddur. Bankın xx.xx.2019-cu il tarixdə bağlanmış 109.LN.1675.180719.00001 nömrəli kredit müqaviləsindən xx.xx.2022-ci il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi iddia ərizəsində qeyd edilən məbləğdə əsas borc və müqavilənin ləğv edildiyi vaxtadək hesablanmış faiz borcu hissədə əsaslıdır. Bundan başqa, məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014cü il qərarında ifadə edilmiş hüquqi mövqelərə görə kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. İddiaçı əsas və faiz borcunun qaytarılması tələbi ilə yanaşı cavabdehdən həm də müqavilənin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz olmaqla 20,25 manat pul tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində qeyd olunur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Öhdəliyin icrasının uzun müddətdir ki, gecikdirilməsi, eləcə də hesablanmış bu məbləğə hər hansı etirazın olmaması nəzərə alındıqda bankın həmin tələbinin borcalana münasibətdə əsaslı olması müəyyən edilir. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğlərdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək borcalandan iddia ərizəsində qeyd etdiyi əsas borcun, müqavilə ləğv edildiyi vaxtadək hesablanmış faiz borcunun və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. Odur ki, iddia qismən təmin edilməli, cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 5373,58 manat, faizlər üzrə 4,21 manat və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz üzrə 20,25 manat olmaqla, cəmi 5398,04 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 73,98 manat dövlət rüsumunun əvəzi cavabdehdən ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 5373,58 manat əsas borc, 4,21 manat faiz borcu və gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış faiz üzrə 20,25 manat borcu olmaqla, cəmi 5398,04 (beş min üç yüz doxsan səkkiz manat dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 73,98 (yetmiş üç manat doxsan səkkiz qəpik) manat məbləğində pul vəsaiti tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3364/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3364/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver