Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-339/2024 26.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Tahir oğlunun sədrliyi, Salmanzadə Ülkər Hikmət qızının katibliyi, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, X2 hüquqi varisi və eyni zamanda iş üzrə Cavabdeh iştirakı ilə, İddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ləğv prosesində olan "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11986,17 manat əsas borc, 5039,72 manat faiz, 1072,36 manat əldən çıxmış fayda olmaqla, cəmi 18098,25 manat məbləğində kredit borcunun və 145 manat dövlət rüsumunun tutularaq LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə X4 məxsus olan, faktiki Cavabdeh sahibliyində və istifadəsində olan Gəncə şəhəri, X8 küçəsi, 231 ünvanında 0,008 ha torpaq sahəsində yerləşən 107,3 kv.m ümumi, 41,6 kv.m yaşayış, 65,7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evinə yönəlməsi, həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq alıcıya təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli, 17 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 144 ay müddətinə, illik 8% faiz ödənilmək şərtilə 27000 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq X5 ilə xx.xx.2009-cu il tarixli, 17 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə X4 məxsus olan və faktiki Cavabdeh istifadəsində və sahibliyində olan Gəncə şəhəri, X8 küçəsi, 231 ünvanında 0.008 ha topraq sahəsində yerləşən 107.3 kv.m ümumi, 41.6 kv.m yaşayış, 65.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evi İddiaçı ASC-də ipoteka ilə yüklü edilmişdir. Lakin buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 11986.17 manat əsas borc, 5039.72 manat faiz, 1072.36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 18098.25 manat məbləğində borcu mövcuddur. X1 xx.xx.2019-cu ildə vəfat etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin saytında daxil etdiyimiz məlumatlara uyğun X4 məxsus vərəsəlik işi aşkar edilməmişdir.Əldə olunan məlumata əsasən X4 məxsus olan Gəncə şəhəri, X8 küçəsi, ev 231 ünvanında 0.008 ha topraq sahəsində yerləşən 107.3 kv.m ümumi, 41.6 kv.m yaşayış, 65.7 kv.m yardımçı sahədən ibarət 2 otaqlı fərdi yaşayış evində həyat yoldaşı Cavabdeh yaşayır. Borcalanipotekaqoyan X5 vəfat etdiyi səbəbindən Cavabdeh prosessual hüquqi varisliyi cəlb olunaraq işə baxılmalıdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, yoldaşı X5 vəfat etmişdir, nəvəsi isə xəstədir. Müalicəsi çox xərc tələb edir, həmçinin başqa kreditləri də vardır. Müddət veriləcəyi təqdirdə başqa bir mülkünü satıb borcu birdəfəlik ödəyəcəkdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2009-cu il tarixli 17 nömrəli kredit müqaviləsindən görünür ki, borcalanlar (birgə borclular) mərhum X4 və Cavabdeh yaşayış sahəsinin alınması məqsədi ilə "xxxx" ASC tərəfindən 144 ay müddətinə, illik 8 % ödəmək şərti ilə 27000 manat ipoteka krediti verilmişdir. xx.xx.2009-cu il tarixli, 17 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 1.4-cü bəndindən görünür ki, mənzilin satış qiyməti 40000 manat olmuşdur. Həmin pulun 13000 manat məbləğində olan hissəsi Alıcı-İpoteka qoyanın özü tərəfindən, 27000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2009-cu il tarixli 17 saylı kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit hesabına ödənilir. xx.xx.2009-cu il tarixli, 17 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin 1.5-ci bəndindən görünür ki, alıcı-ipoteka qoyan, daşınmaz əmlakı (ipoteka predmetini) bu müqavilə əsasında yaranmış hüquqa əsasən tərəflər arasında bağlanılmış kredit müqaviləsi üzrə yaranmış öhdəliyinin təminatı kimi kreditor-ipoteka saxlayana ipotekaya verir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA № ******* nömrəli, qeydiyyat tarixi xx.xx.2010-cu il tarixli çıxarışın surətindən görünür ki, X2 mülkiyyətində olan Gəncə şəhəri, X8 küçəsində yerləşən 231 nömrəli fərdi yaşayış evi xx.xx.2009-cu il tarixli 17 saylı kredit müqaviləsinin təminatı kimi xx.xx.2009-cu il tarixdən xx.xx.2021-ci il tarixədək 144 ay müddətə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklü edilərək bu barədə daşınmaz əmlakın dövlət reyestrində 25 nömrəli reyestr kitabının 118 nömrəli vərəqində qeydiyyat aparılmışdır. 19.01.210-cu il tarixli ZB-İP000167 nömrəli ipoteka kağızından görünür ki, xx.xx.2009-cu il tarixli 17 nömrəli kredit müqaviləsi və xx.xx.2009-cu il tarixli, 17 nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka kağızı verilmişdir. Tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, tutmanın ipoteka predmetinə yönəldilməsi haqqında bildiriş cavabdehlərə göndərilmiş həmin ünvanda yaşamadıqları səbəbindən təqdim olunmamışdır. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, cavabdeh ipoteka predmetinin ilkin satış qiymətinin 40 000 manat müəyyən edilməsinə razıdır. xx.xx.2023-cü il tarixə olan borc üzrə məlumatdan görünür ki, xx.xx.2009-cu il tarixli kredit müqaviləsi üzrə borc xx.xx.2023-cü il tarixə 11986 manat əsas, 5039,72 manat faiz və gecikdirilmiş vaxt üçün hesablanan 1072,36 manat əldən çıxmış fayda olmaqla, ümumilikdə 18098,25 manat təşkil edir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqavləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya keçirməyi öhdəsinə götürür, digər iştirakçı isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. MM-in 317.2-ci maddəsinə əsasən satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsaslarından biri də əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmamasıdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. «İpoteka Haqqında» Qanunun 39.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən məhkəmənin həll etdiyi məsələlərdən biri də ipoteka predmetinin ilkin satış qiymətidir. Cavabdeh ipotekanın ilkin satış qiyməti razı olduğunu bildirmişdir. Göründüyü kimi tərəflər arasında ipoteka ilə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulun bir hissəsini ödəməklə, öhdəliyi tam icra etməmişlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-cı maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iş üzrə müəyyən olunmuş halları araşdırıb, sübutlara hüquq normaları baxımından qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2009-cu il tarixli 17 saylı kredit müqaviləsi müqaviləsi üzrə 11986,17 manat əsas borc,5039,72 manat faiz,1072,36 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış əldən çıxmış fayda olmaqla, cəmi 18098,25 manat kredit borcu alınaraq LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməli, tutma xx.xx.2009-cu il tarixli, 17 nömrəli alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, X8 küçəsi, 231 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, ilkin satış qiyməti (likvit dəyəri) 40.000 (qırx min) manat müəyyən olunmaqla, onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2009-cu il tarixli, 17 saylı kredit müqaviləsi üzrə borc ödənilməlidir. Ödənişlər həyata keçirildikdən sonra artıq qalan vəsait Cavabdeh qaytarılmalıdır. Həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində fərdi yaşayış evi boşaldılmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün ödənilmiş 145 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2009-cu il tarixli 17 saylı kredit müqaviləsi müqaviləsi üzrə 11986,17 manat əsas borc, 5039,72 manat faiz və 1072,36 manat əldən çıxmış fayda olmaqla, cəmi 18098,25 (on səkkiz min doxsan səkkiz manat 25 qəpik) manat kredit borcu və 145 manat dövlət rüsumu alınaraq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Tutma xx.xx.2009-cu il tarixli alqı-satqı və ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan Gəncə şəhəri, X8 küçəsi, 231 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evi açıq hərracda satılaraq, ilkin satış qiyməti (likvit dəyəri) 40.000 (qırx min) manat müəyyən edilsin, onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər çıxıldıqdan sonra əldə olunmuş pul vəsaiti hesabına xx.xx.2009-cu il tarixli, 17 saylı kredit müqaviləsi üzrə borc ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsi üçün kifayət etmədikdə qalan borc ümumi qaydada ödənilsin Ödənişlər həyata keçirildikdən sonra artıq vəsait qalrsa Cavabdeh qaytarılsın. Həmin əmlaka tutma yönəldikdə və açıq hərracda satıldıqdan sonra bir ay müddətində fərdi yaşayış evi boşaldılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-339/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-339/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver