Məhkəmə qərarları › İş №e-2(125)-3473/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3473/2023

18.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3473/2023 18.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəsinə baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavаbdеhlər Cavabdeh1 və Cavabdeh2 iddiаçı İddiaçı Açıq Səhmdаr Cəmiyyətinin хеyrinə xx.xx.2021-ci il tarixli, BİR-115-2021 saylı kredit müqaviləsi üzrə 3459,03 manat əsas borc, 111,75 manat faiz borcu və 147,86 manat cərimə borcu olmaqla, cəmi 3718,64 manat borcun və 57,18 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, BİR-115-2021 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə illik 20% hesablanmaqla, 36 ay müddətinə qaytarılmaq şərti ilə 5 500 manat məbləğində kredit vəsaiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli, BİR-115-2021 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 204,40 manat təşkil edir. Verilmiş kreditin təminatı olaraq Cavabdeh1, Cavabdeh2 və bank arasında xx.xx.2021-ci il tarixdə, Z/BİR-115-2021 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərə tutulmuş qaydada icra edilməsi həyata keçirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbəbindən “Bank” tərəfindən cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Lakin həm xəbərdarlıq göndərilməsinə həm də şifahi şəkildə məlumat verilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2023-ci il tarixinə hesablanmaqla cavabdehin bank qarşısında ümumilikdə 3718,64 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğdən 3459,03 manat əsas borc, 111,75 manat faiz borcu və 147,86 manat isə cərimə borcu təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehlərə bildiriş göndərməklə iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehlərdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iddia ərizəsinə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. xx.xx.2021-ci il tarixli, BİR-115-2021 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 20 faiz ödəmək şərti ilə 5500 manat məbləğində kredit verilmişdir. Müqavilənin 5.1.6-cı bəndinə əsasən borcalan davam edən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, annutitet ödənişlər 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə və s. müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını tələb etmək hüququna malikdir. Müqavilənin 6.2-ci bəndinə əsasən ödənişlər gecikdirildikdə 3 iş günü güzəşt müddəti ərzində də ödəniş olmazsa əsas borc məbləğindən və faizlərdən əlavə ödənişlərin gecikdirildiyi üçün borcalan banka vaxtında qaytarılmayan məbləğin müqaviləsinin 1.6-cı bəndində (1 faiz) göstərilmiş gündəlik faiz miqdarında cərimə ödəyir. 05 iyul 2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, xx.xx.2021-ci il tarixli, Z/BİR- 115-2021 saylı kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək aylıq 204,40 manat ödənilməsi nəzərdə tutulmuşdur. xx.xx.2021-ci il tarixli, Z/BİR-115-2021 saylı nömrəli zaminlik müqaviləsindən görünür ki, Bədəlov X1 Tamilla Rəhim qızının xx.xx.2021-ci il tarixli, BİR-115-2021 saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. 03 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, BİR-115-2021 saylı kredit müqaviləsi 03 aprel 2023-cü il tarixə 3459,03 manat əsas borc, 121,46 manat faiz borcu, 146,17 manat cərimə borcu olmaqla, cəmi 3726,66 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından bəlli olur ki, tərəflər arasında kredit və zaminlik müqaviləsi bağlanmış və bununla da onlar arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, Cavabdeh1 isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri vaxtında və tam olaraq yerinə yetirməmiş, ödəniş qrafiki üzrə ödənişləri gecikdirmişdir. Öhdəliyin bu şəkildə pozulması müqavilə şərtlərinə uyğun olaraq banka müqaviləyə birtərəfli qaydada xitam vermək və verilmiş kreditin və ona hesablanmış faizlərin vaxtından əvvəl geri qaytarılmasını tələb etmək hüququ verir. Cavabdeh Bədəlov X1 Tamilla Rəhim qızının kredit müqaviləsi üzrə öhdəliyinin icra edilməsi üçün birgə məsuliyyət daşıması barədə öhdəlik götürmüşdür. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliyini icra etmədiyindən iddiaçının hər iki cavabdehdən öhdəliyin icrasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş maliyyə arayışında cavbadehin 121,46 manat faiz borcu olduğu göstərilsə də tələb olunan faiz borcu 111,75 manat olduğundan iddia tələbindən kənara çıxmadan faiz borcu iddiaçının tələb etdiyi miqdarda təmin edilməlidir. İddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən gecikdirilmiş ödənişlərə görə müqavilə üzrə 147,86 manat dəbbə pulu tələb etmişdir. Cavabdehin müqavilə üzrə gecikdirdiyi məbləğ və müddətlər nəzərə alınmaqla gecikdirilən hər günə görə gecikdirilən ödəniş məbləğinin 1 faizi miqdarında cərimə nəzərdə tutulduğundan (müqavilənin 1.6-cı bəndi) iddiaçının hesabladığı cərimə məbləği müqavilənin şərtlərinə uyğundur. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 50 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehlərdən kredit müqaviləsi üzrə 3459,03 manat əsas borc, 111,75 manat faiz borcu, 50 manat cərimə borcu olmaqla, cəmi 3620,78 manat pul müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 57,18 manat dövlət rüsumunun da cavabdehlərdən iddiaçının xeyrinə tutulmasını əsaslı hesab edir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli, Z/BİR-115-2021 saylı nömrəli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 3459,03 manat əsas borc, 111,75 manat faiz borcu, 50 manat dəbbə pulu olmaqla, cəmi 3620,78 manat (üç min altı yüz iyirmi manat yetmiş səkkiz qəpik) pul və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 57,18 manat (əlli yeddi manat, on səkkiz qəpik) pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar