Məhkəmə qərarları › İş №e-2(125)-3504/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3504/2025

30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3504/2025 30.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə 3026,8 manat, faiz borcuna görə 257,92 manat və cərimə borcuna görə 0 manat olmaqla, cəmi 3284,72 manat məbləğində pulun və 53 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tələblərin xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçının “Gəncə” filialı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli saxlanc girov müqaviləsi bağlanaraq girov qoyulmuş aşağıda adıçəkilən 39,2 qram çəkidə olan, 583 əyarlı, 1 ədəd “yolka sepdən” ibarət qızılzinət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyasının açıq hərracdan satılaraq əldə edilmiş vəsaitin xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə cəmi 3284,72 manat məbləğində pulun və 53 manat məbləğində dövlət rüsumunun ödənilməsinə yetərli olmadığı halda qalan borcun cavabdehdən ümumi qaydada tutulması barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli müqaviləyə əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə illik 30 faiz dərəcəsi ilə ödəmək şərtilə 3070 manat məbləğində kredit vermiş, borcalan isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, dəbbə pulunu (cərimə penya) Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Ödəniş cədvəlinə əsasən borcalan xx.xx.2027-ci il tarixi də daxil olmaqla 36 ay müddətində hər ay 130,33 manat, sonuncu ay 129,35 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı bankın «Gəncə» filialı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli saxlanc girov müqaviləsinə və saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akta əsasən cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə 39,2 qram çəkidə olan, 583 əyarlı, 1 ədəd “yolka sep” adlı qızıl-zinət əşyası girov qoyulmuşdur. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixli, GNLMB16931 nömrəli kredit müqaviləsinin şərtlərinə görə cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəli əsasında, hər ayın 25-dən gec olmayaraq ayda 130,33 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1. maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımı qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1 % həcmində dəbbə pulu hesablanır. xx.xx.2025-ci il tarixinə olan maliyyə arayışına əsasən cavabdehin xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 3026,8 manat, faiz borcuna görə 257,92 manat, cərimə borcuna görə 0 manat olmaqla, borcun cəmi məbləği 3284,72 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün cavabdehdən xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə kredit borcuna görə əsas borca görə 3026,8 manat, faiz borcuna görə 257,92 manat,cərimə borcuna görə 0 manat olmaqla, cəmi 3284,72 manat pul tutulmalı və tələblər girov predmetinə yönəldilməlidir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında münasibətlər bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə Bank Xidmətlərinin göstərilməsinə dair Müştəri ilə Bank arasında bağlanan X1” ilə tənzimlənir. Həmin ümumi şərtlərə əsasən müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu müqaviləyə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etmək bankın hüququdur. Müştəri ona verilmiş kreditin və/və ya onun faizinin kreditin ödəniş cədvəli üzrə ödənişini 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirdikdə, yaxud kreditin və/və ya onun faizinin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozduqda (90 (doxsan) gündən az olmamaqla); bank verdiyi krediti hesablanmış faiz, komissiya və müvafiq halda gecikdirilmə faizi və dəymiş zərərlə birlikdə vaxtından əvvəl qaytarılmasını müştəridən tələb edə bilər. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli, RB-02/PK-2004 nömrəli maliyyə arayışından görünür ki, 07 may 2025-ci il tarixinə cavabdehin 25 dekabr 2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə Banka 3026,8 manat əsas borc, 257,92 manat faiz borcu, 0 manat cərimə olmaqla, cəmi 3284,72 manat borcu yaranmışdır. Bank tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2025-ci il tarixə 3026,8 manat əsas, 257,92 manat faiz, 0 manat cərimə olmaqla, cəmi 3284,72 manat borcun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü ərzində ödənilməsi təklif olunaraq əks təqdirdə, müqavilənin şərtlərinə əsasən, həmin borcun ödənilməsi üçün qanunamüvafiq tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.

297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Qanuna və müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2024-cü il tarixdə bağlanmış GNLMB-16931 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Bankın xx.xx.2024-cü il tarixdə bağlanmış GNLMB-16931 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam verdiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edir ki, bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Cavabdeh ilə bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditin təminatı qismində ona məxsus qızıl-zinət əşyasının girovla yüklü edilməsinə razılıq vermişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbin girov qoyulmuş əşyalara yönəldilməsinə dair hissədə də iddia əsaslıdır. Belə ki, cavabdehin iddiaçıya olan pul öhdəliyi girovla təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməsini məhkəmə qaydasında tələb etməkdə haqlıdır. Odur ki, iddianın həmin hissəsi də təmin edilərək, borc tələbi kreditin təminatı kimi girovla yüklü edilmiş göstərilən əşyaya yönəldilməlidir. Məhkəmə eyni zamanda tələbin girovla yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin girov qoyulmuş göstərilən əşyaya yönəldilməsi girovla yüklü edilmiş göstərilən əmlakın açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Məhkəmə iddianın satışdan əldə edilmiş vəsait borcun ödənilməsinə kifayət etmədikdə tutmanın cavabdehdən ümumi qaydada tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması nəticəsində borcun tutulmalı olması və tutmanın girov predmetinə yönəldilməli olması müəyyən olunmuşdur. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə qalan borcun tutulması üçün icra icraatı çərçivəsində tədbirlər görülməsi qanunvericilikdən irəli gəlir. Buna görə həmin hissədə tələb iddia icraatı çərçivəsində araşdırılan məhkəmə mübahisəsi deyildir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 3026,8 manat, faizlər üzrə 257,92 manat olmaqla, cəmi 3284,72 manat tutulmalı, tələb üzrə tutma cavabdehə məxsus girov predmeti olan 39,2 qram çəkidə olan, 583 əyarlı, 1 ədəd “yolka sepdən” ibarət qızıl-zinət əşyasına yönəldilərək həmin əşya açıq hərracdan satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 53 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi:

İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GNLMB-16931 nömrəli kredit müqaviləsi üzrə 3026,8 manat əsas borc, 257,92 manat faiz borcu olmaqla, cəmi 3284,72 (üç min iki yüz səksən dörd manat yetmiş iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 53 (əlli üç) manat pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Tələb üzrə tutma Cavabdeh məxsus girov predmeti olan 39,2 qram çəkidə, 583 əyarlı, 1 ədəd “yolka sepdən” ibarət qızıl-zinət əşyasına yönəldilərək həmin əşya açıq hərracdan satılsın və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi təmin edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar