Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3514/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh Dadakişi oğluna qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" KB ASC, Cavabdeh Dadakişi oğlundan iddiaçının xeyrinə əsas borc üzrə 179,36 manat, faiz borcu üzrə 32,31 manat, cərimə üzrə 7,24 manat olmaqla, cəmi 218,91 manat pul vəsaitinin, bank xidmət haqqına görə 0,40 manat və dövlət rüsumuna görə 30 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə Cavabdeh Dadakişi oğlu (cavabdeh və ya borcalan) xx.xx.2024-cü il tarixdə ərizə-anketi imzalayaraq iddiaçı Banka təqdim etməklə Bankın internet səhifəsində yerləşdirilmiş xx.xx.2023-cü il tarixli, 02U/23 nömrəli “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair standart şərtlər” ilə tanış olaraq aksept etmiş, mobil tətbiqdə göstərilən məbləğdə və müddətə kredit xəttinin ayrılmasını xahiş etmişdir. SMS məlumatlara dair elektron portaldan çıxarışa və hesab üzrə çıxarışa əsasən xx.xx.2024-cü il tarixdə SMS sifarişi ilə illik 28 faiz hesablanmaqla, xx.xx.2027-ci il tarixədək qaytarmaq şərti ilə cavabdehə bank tərəfindən 200 manat məbləğində kredit verilmiş, beləliklə xx.xx.2024-cü il tarixində tərəflər arasında “bank xidmətlərinə dair ümumi oferta” müqaviləsi bağlanmışdır. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, onun 01 may 2025-ci il tarixə Banka 179,36 manat əsas borcu, 32,31 manat faiz borcu yaranmış, ona 7,24 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 218,91 manat təşkil edir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixdə bağlanmış xx.xx.2023-cü il tarixli “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair standart şərtlər”ə dair müqavilədən görünür ki, müştəri və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə Bank tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının, eləcə də komissiya haqlarının, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun üçüncü növbədə mövcud kredit faizlərinin və dördüncü növbədə kreditin (kredit xəttinin) əsas məbləğinin ödənilməsinə yönəldilir. “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsinə dair standart şərtlərin”: 3.1-ci və 3.1.2-ci bəndlərinə və hesabdan çıxarışa əsasən vaxtı çatmış borcun (faizlər və/və ya haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və/və ya haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında Bank kreditin (o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı Banka ödənilməli olan faiz və/və ya digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını Müştəridən tələb edə bilər. 4.1.1-ci bəndinə əsasən müştəri, kreditin və/və ya ona hesablanmış faizlərin, o cümlədən standart məlumatlandırma formasında göstərilən digər ödənişlərin ödənilməsini gecikdirdikdə, Bank Müştəridən dəbbə pulu tələb edə bilər. Ödənişlərin gecikdirilməsinə görə dəbbə pulunun məbləği standart məlumatlandırma formasında göstərilir. 4.4.2-ci bəndinə əsasən müştəri, kredit və ondan istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri bu Standart Şərtlər, standart məlumatlandırma forması və kredit xətti müqaviləsində müəyyən olunmuş müddətlərdə Banka qaytarmağı öhdəsinə götürür. xx.xx.2025-ci il tarixli elektron arayışdan və hesabdan çıxarışdan görünür ki, cavabdehin 794sGNDJb/24 nömrəli kredit müqaviləsi üzrə Banka 179,36 manat əsas borc, 32,31 manat faiz borcu, 7,24 manat cərimə borcu olmaqla, cəmi 218,91 manat borcu yaranmışdır. xx.xx.2025-ci il tarixdə Bank tərəfindən cavabdehin ünvanına bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün Banka xx.xx.2025-ci il tarixə 179,36 manat əsas, 22,56 manat faiz, 3,51 manat cərimə olmaqla, cəmi 205,43 manat borcun (gecikmənin) olması, borc məbləğinə əlavə olaraq cərimə hesablandığı barədə xəbərdarlıq edilmiş və bütün borc məbləğinin tam olaraq 3 iş günü ərzində ödənilməsi təklif olunaraq kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif olunmuş, əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması tələbi ilə əlaqədar məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Qanuna və müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin Banka borcu - ödənilməmiş əsas borc qismində 179,36 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 22,56 manat, cərimə borcu üzrə 3,51 manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank xx.xx.2024-cü il tarixdə bağlanmış 794sGNDJb/24 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, bankın xx.xx.2024-cü il tarixdə bağlanmış 794sGNDJb/24 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam verdiyini və qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 179,36 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 22,56 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 3,51 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil xx.xx.2024-cü il tarixli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2025-ci il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 179,36 manat, faizlər üzrə 22,56 manat, cərimə üzrə 3,51 manat olmaqla, cəmi 205,43 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsasən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh Dadakişi oğlundan 794sGNDJb/24 nömrəli, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 179,36 manat əsas borc, 22,56 manat faiz borcu, 3,51 manat cərimə olmaqla, cəmi 205,43 (iki yüz beş manat qırx üç qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30,40 (otuz manat qırx qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3514/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3514/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver