Məhkəmə qərarları › İş №e-2(125)-3522/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3522/2025

29.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3522/2025 29.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5442,17 manat əsas, 782,19 manat faiz və 217,54 manat cərimə olmaqla, cəmi 6441,9 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 87 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə İddiaçı ASC (Bank) ilə Cavabdeh (borcalan və ya cavabdeh) arasında xx.xx.2023-cü il tarixli, AL/44294/92/29 nömrəli “Plastik kartı üzrə kredit xətti müqaviləsi” (“BolKart”) adlandırılan Kredit sazişi bağlanmış, eləcə də həmin sazişə dair xx.xx.2023-cü il tarixli razılaşma imzalanmışdır. Həmin müqavilə, razılaşma İddiaçı ASC-nin Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri ilə birlikdə müqavilə məfhumunu əmələ gətirir. Həmin müqaviləyə, razılaşmaya və balansdankənar məxaric orderinə əsasən Bank istehlak məqsədləri ilə cavabdehə 59 ay müddətinə, illik 25 % ödəmək şərtilə limiti 10000 manat olan ilkin olaraq 1800 manat məbləğində kredit xətti açılmışdır (bolkart verilmişdir). Tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqaviləyə xitam verilməsi əsasları, kredit xəttindən istifadə və ödəniş qaydaları, kartın verilməsi və istifadəsi üzrə xüsusi şərtlər, habelə tərəflər arasında müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər “İddiaçı ASC-nin “26” aprel 2014-cü il tarixli müştərilərinə kreditləşmə və xidmət şərtləri” ilə müəyyən olunur. Şərtlər bu Sazişin ayrılmaz tərkib hissəsi sayılır və ona əlavə olunur. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən müştəriyə 3801000AL4429429A92 saylı cari hesab(lar) (c/h) və və 2321000AL4429429A92 saylı ssuda hesab(lar)İ (s/h) açılır. xx.xx.2023-cü il tarixli balansdankənar məxaric orderindən görünür ki, Cavabdeh “X1 Contacless” adlı bir ədəd kartı İddiaçı ASC-dən təhvil almışdır. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, AL/44294/92/29 nömrəli Kredit Sazişinə dair xx.xx.2023-cü il tarixli razılaşmadan görünür ki, sazişin kredit xəttinin maksimal məbləği və valyutası 5600 manat müəyyən edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, həmçinin cavabdehlə heç bir razılığa gəlmədiklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, sözügedən məbləğdə krediti götürmüşdür. Kredit götürən zaman işlədiyi üçün ödənişlər etsə də, işdən çıxdıqdan sonra ödənişlər edə bilməmişdir. Hazırda borcunu ödəmək istəyir. Himayəsində ikiazyaşlı övladının olmasının və cəmi 399 manat əmək haqqı almasının nəzərə alınaraq məhkəmədən borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin öhdəlikləri “Müştərilərinə kreditləşmə və xidmət şərtləri (mikrokreditləşmə üzrə)” ilə tənzimlənir. Həmin şərtlərin ümumi hissəsinin 7.1.1-ci bəndinə əsasən müştəri ödənişlərini Müqavilədə (həmçinin onun əlavələrində) göstərilən qaydada vaxtında və lazımınca icra etmədikdə, müştərinin əmlak vəziyyəti, Müqavilə üzrə pul öhdəliklərinin icra edilməsi üçün təhlükə yaradan dərəcədə pisləşdikdə və s. hallarda Bank kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, komisyon haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görə və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq edə bilər. Sözügedən şərtlərin xüsusi hissəsinin 5.7-ci bəndində əsasən müqavilə üzrə ayrılmış kredit xətti daxilində «Bolkart layihəsi»nə qoşulmuş satış və xidmət şəbəkələrində istifadə edilmiş hər bir məbləğ, istifadə zamanı seçilmiş ödəniş növünə uyğun olaraq 1 (bir), 3 (üç), 6 (altı) və ya 12 (on iki) ay ərzində (bundan sonra «Öhdəliklərin icra müddət(lər)i») müştəri tərəfindən banka geri ödənilməlidir. Bank tərəfindən müəyyən edilən hallarda fərqli ödəniş növləri (müddətləri) müəyyənləşdirilə bilər ki, bu barədə bank müştərini fərdi və kütləvi məlumatlandırma vasitələri ilə məlumatlandıra bilər. 5.8.1-ci bəndinə əsasən razılaşdırılmış tarix aralığında aylıq ödəniş həyata keçirilmədikdə, müqavilənin şərtlərinə uyğun olaraq öhdəliyin icra olunmaması kimi başa düşülür və gecikdirilmiş kredit yaranır. 5.29-cu bəndində əsasən müştəri müqavilə üzrə ödəniş öhdəliklərinin vaxtında icra edilməməsinə görə kredit sazişində razılaşdırılmış ödəniş aralığının (Xüsusi hissənin 5.20-ci bəndi ilə müəyyən edilmiş şərt nəzərə alınmaqla) birinci günündən sonuncu gününədək olan müddət ərzində ona verilmiş möhlət müddəti istisna olmaqla, ödəniş aralığının birinci günündən başlayan 90 (doxsan) günlük müddət ərzində, ödənişin hər gecikdirildiyi gün üçün Xüsusi hissənin 5.8-ci bəndində göstərilən halda əsas borc məbləğinin 1 (bir) faizi həddində, Xüsusi hissənin 5.9-cu bəndində göstərilən halda isə ödənilməmiş faiz məbləğinin (nəzərdə tutulduqda həmçinin geri ödənilməsi məcburi olan məbləğin müvafiq hissəsinin) 1 (bir) faizi həddində, ümumilikdə hər gün üçün kreditin valyutasından asılı olaraq 0,50 manatdan/ABŞ dollarından/Avrodan az olmamaq şərtilə Banka cərimə ödəyir. Müqavilə üzrə ödənişlər cavabdeh tərəfindən qismən aparılmışdır. İş materiallarına əlavə edilmiş, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehin Banka olan borcu əsas məbləğ üzrə 5442,17 manat, faiz məbləği üzrə 782,19 manat və cərimə üzrə 217,54 manat təşkil edir. xx.xx.2025-ci il tarixdə Bank tərəfindən cavabdehin ünvanına bildiriş göndərilərək ona xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması, bununla əlaqədar onlara faiz borcu və cərimə hesablandığı, eləcə də müqavilənin birtərəfli qaydada ləğv edildiyi barədə xəbərdarlıq edilmiş və 5442,17 manat əsas, 819,99 manat faiz və 217,54 manat cərimə üzrə borcun dərhal ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi, borcdan əlavə məhkəmə və icra xərclərinin də tutulacağı bildirilmişdir. Sözügedən xəbərdarlığın cavabdehə göndərilməsini və cavabdehin həmin xəbərdarlığı qəbul etməsini təsdiq edən poçt göndərişinin surəti iş materiallarına əlavə edilmişdir. Hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdən birtərəfli qaydada ləğv etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə xx.xx.2023-cü il tarixli, AL/44294/92/29 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, bankın xx.xx.2023-cü il tarixdə bağlanmış AL/44294/92/29 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka müqavilə üzrə əsas və faiz borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən cavabdeh banka sözügedən məbləğdə borcunun olduğunu təsdiq etmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 217,54 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 87 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh AL/44294/92/29 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5442,17 manat əsas borc, 782,19 manat faiz borcu və 217,54 manat cərimə olmaqla, cəmi 6441,90 (altı min dörd yüz qırx bir manat doxsan qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 87 (səksən yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar