Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3524/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Aslanzadə Nəzrin Xəqani qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4795,16 manat məbləğində əsas borcun, 668,04 manat məbləğində faiz borcunun, 208,56 manat məbləğində cərimə olmaqla, cəmi 5671,76 manat borcun və 79 manat məbləğində ödənilmiş dövlət rüsumunun xeyirlərinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Nağd pul layihəsi müqaviləsinə əsasən bank borcluya 48 ay müddətinə, illik 22% olmaqla 7500 manat məbləğində kredit verilmişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Kredit şərtlərinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, bankdan həm kart üzrə, həm də nəğd kredit götürmüşdür. İşlədiyi müddətdə vaxtında ödənişlər etmişdir. Daha sonra işləmək üçün xarici ölkəyə getmiş, işi zəif olmuş, səhhəti ilə bağlı da çətinlikləri olduğundan borcunu ödəyə bilməmişdir. Həmin müddətdə bank tərəfindən dəfələrlə məlumat verilmiş, borcunu ödəyəcəyini, lakin hazırda imkanı olmadığını bildirmişdir. Ailəlidir, himayəsində iki azyaşlı uşağı vardır. Borcunu hissə-hissə ödəməyə razıdır, ancaq birdəfəyə ödəmək imkanı yoxdur. Faiz borcu və cərimə məbləği azaldılmaqla, iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, CP/01408/88/29 nömrəli kredit sazişinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə, illik 22% olmaqla 7500 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən 7500 manat məbləğində pulu qəbul etmişdir. xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 4795,16 manat əsas borcu qalmış, 668,04 manat faiz və 208,56 manat cərimə hesablanmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, borcun ödənilməsi ilə bağlı cavabdehə xəbərdarlıq olunmuşdur. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iddia tələbinin cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, cərimənin tutulması hissəsində iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, 208,56 manat cərimə məbləği azaldılaraq 20,8 manat həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə iş üzrə araşdırılmış sübutlarla müəyyən edildi ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli, CP/01408/88/29 nömrəli kredit müqaviləsi üzrə cavabdehdən 4795,16 manat əsas borc, 668,04 manat faiz borcu və 20,8 manat cərimə olmaqla, cəmi 5484 manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 74,84 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/01408/88/29 nömrəli kredit müqaviləsi üzrə 4795,16 manat əsas borc, 668,04 manat faiz borcu və 20,8 manat cərimə olmaqla, cəmi 5484 (beş min dörd yüz səksən dörd) manat və dövlət rüsumunun əvəzi olaraq 74,84 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev
Məhkəmə qərarları › İş №e-2(125)-3524/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3524/2025
31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver