Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3527/2024 08.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı «X1 Azərbaycan» QSC, Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş maddi zərərin əvəzi qismində 353,10 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh ilə "xxxx" QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Qeyd olunmuş müqavilələr üzrə cavabdeh öhdəliklərini yerinə yetirməmiş, iddiaçıya olan borcunu ödəməkdən imtina etmişdir. Bu səbəbdən də borcun tutulması tələbi ilə məhkəməyə müraciət edilmiş və Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(043)-1030/2021 saylı məhkəmə qətnaməsi ilə bankın iddiası qismən təmin edilmişdir. Nəticədə iddiaçı "xxxx" QSC "xxxx" MMC ilə bağlanmış xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinə əsasən məhkəmə qərarı üzrə borcun tələb edilməsini "xxxx" MMC-yə sifariş etmişdir. "xxxx" MMC öz növbəsində cavabdeh barəsində qeydiyyat ünvanına uyğun olaraq aidiyyəti orqanlara müraciət edərək borcun tam həcmdə geri ödətdirilməsini təmin etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 200 manat, xx.xx.2022-ci il tarixində ödənilən 40 manat, xx.xx.2022-ci il tarixində ödənilən 150 manat, xx.xx.2023-cü il tarixində ödənilən 150 manat, xx.xx.2023-cü il tarixində ödənilən 324 manat, xx.xx.2023-cü il tarixində ödənilən 300 manat, xx.xx.2023cü il tarixində ödənilən 250 manat, xx.xx.2023-cü il tarixində ödənilən 350 manat, xx.xx.2023-cü il tarixində ödənilən 147 manat, xx.xx.2023-cü il tarixində ödənilən 240 manat məbləğ "xxxx" MMC-nin vasitəsi ilə təmin edilmiş və buna görə də "xxxx" QSC tərəfindən "xxxx" MMC-yə 353,10 manat məbləğində xidmət haqqı ödənilmişdir. Yuxarıda qeyd edilən xx.xx.2017-ci il tarixli "Hüquqi xidmət haqqında" müqaviləsinin 5.1.1-ci bəndinə əsasən yerinə yetirmiş olduğu xidmətlərə görə "xxxx" MMC-yə cavabdeh(lər) tərəfindən "xxxx" QSC-yə ödənilmiş hər məbləğin 15% həcmində yəni ümumilikdə 353,10 manat məbləğində xidmət haqqı ödəmişdir. İddia tələblərini bir iddia ərizəsində birləşdirməklə bağlı isə qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2013-cü il qərarında isə qeyd olunur ki, iddia tələblərinin bir icraatda birləşdirilməsi o halda mümkündür ki, tələblərin xarakterinə, qarşılıqlı əlaqəsinə, ümumi sübutların mövcudluğuna görə mübahisənin tez və düzgün həlli imkanı olsun. Bu halda tələblərin birləşdirilməsinin əsas şərtlərindən biri tələblərin mübahisənin predmetinə aid olmasıdır. Mübahisənin predmeti mübahisənin obyektindən daha geniş şərh olunaraq onun maddi obyekti ilə yanaşı, subyektiv tələbin xarakterini də əhatə edir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir Belə ki, iş materiallarında olan “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə cavabdeh arasında bağlanmış 09 iyul 2019-cu il tarixli, 257690 nömrəli güzəştli kredit və zaminlik haqqında müqavilənin 6.4-cü bəndində qeyd edilmişdir ki, borcalan tərəfindən bu müqavilə üzrə öhdəlikləri lazımınca yerinə yetirilmədikdə kredit və ona hesablanmı faiz borcunu, o cümlədən kredit üzrə gecikdirilmiş və\və ya ödənilməmiş əsas borcu və ondan istifadə üçün hesablanmış bütün faizləri, bu müqaviləyə müvafiq olaraq hesablanan cərimə məbləğlərini, kreditin geri qaytarılması ilə bağlı çəkdiyi və\və ya çəkməli olduğu (o cümlədən sığorta və hüquqi xidmət ilə bağlı çəkdiyi\çəkməli olduğu) bütün xərclərin (zərərin) əvəzinin ödənilməsini tələb etmək (tutmaq\almaq) borcverənin hüququdur. İş materiallarına əlavə edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (büro) ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti (bank) arasında bağlanmış “Hüquqi xidmət haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə istehlak kreditləri, kredit kartları və/və ya kredit kartları ilə bağlı qarışıq müqavilələrə əsasən istifadə edilən kreditlərdən Bank qarşısında yaranan borclarının alınması (qaytarılması) üçün göstəriləcəyi hüquqi xidmətləri və bunların əvəzində ödəniləcək ödənişlərlə və xərclərlə əlaqədar məsələləri tənzimləyir. Müqavilənin 5.1.1-ci maddəsinə görə Bank müqaviləyə əsasən istifadə edilən kreditlərdən yaranan borclarla əlaqədar Büro tərəfindən icra nəzarəti başlandıqdan (məhkəmə iş dosyesi (iş qovluğu) təhvil alındıqdan) sonra pul (borcların) yığılması (qaytarılması) halında Büroya bir aylıq dövrdə həyata keçirilən ümumi borc (əsas borc, faiz, çəkilmiş xərclər və s.) yığılmasından (geri ödənişlərindən) cəmi 15 faizi nisbətində hüquqi xidmət (vəkillik) haqqı (xərci) ödəyəcəkdir. İş materiallarında olan xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli təhvil aktlarından görünür ki, büro iddiaçı QSCnin 2022-ci ilin sentyabr, oktyabr, noyabr, dekabr, 2023-cü ilin yanvar, mart, may, iyun, iyul, avqust və sentyabr ayları üzrə cavabdehin (o cümlədən digər borcluların) Banka geri ödənişlərini – müvafiq olaraq 200 manat (büroya ödəniləcək məbləğ 30 manat), 200 manat (büroya ödəniləcək məbləğ 30 manat), 40 manat (büroya ödəniləcək məbləğ 6 manat), 150 manat (büroya ödəniləcək məbləğ 22,50 manat), 150 manat (büroya ödəniləcək məbləğ 22,50 manat), 324 manat (büroya ödəniləcək məbləğ 48,60 manat), 300 manat (büroya ödəniləcək məbləğ 45 manat), 250 manat (büroya ödəniləcək məbləğ 37,50 manat), 350 manat (büroya ödəniləcək məbləğ 52,50 manat), 147 manat (büroya ödəniləcək məbləğ 22,05 manat) və 240 manat (büroya ödəniləcək məbləğ 36 manat) iddiaçı QSC-yə təhvil vermişdir. Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin e-2(043)-1030/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 2390,28 manat əsas borc, 9,51 manat faiz, 4,80 manat poçt xərci, 0,52 manat dəbbə pulu və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 2435,11 manat pulun tutularaq iddiaçı “X1 Azərbaycan” QSC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş, maliyyə arayışından görünür ki, cavabdehin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti arasında bağlanmış “Hüquqi xidmət haqqında” xx.xx.2017-ci il tarixli müqavilənin şərtlərinə uyğun olaraq borclu tərəfindən son tarix xx.xx.2023-cü ilə ödənilən borc məbləği "xxxx" MMC tərəfindən təmin edilmiş və bu ödənişlərə görə də “X1 Azərbaycan” QSC tərəfindən "xxxx" MMC-yə 353,10 manat məbləğində xidmət haqqı ödənilmişdir. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş-pretenziya göndərilərək ondan "xxxx" MMC-yə köçürülmüş 353,10 manat məbləğində xidmət haqqının ödənilməsi tələb edilmiş, pretenziya məktubu göndərilmiş, pretenziya göstərilənlər icra olunmadığı təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Beləliklə, mülki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi üzrə, borclu tərəfindən öhdəliklər lazımınca yerinə yetirilmədiyindən, kreditor tərəfindən məhkəməyə müraciət edilmiş və qəbul olunmuş Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 2(043)-1030/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən müqavilə üzrə yaranmış əsas borc, faiz borcu və cərimə ilə yanaşı, dövlət rüsumu və digər xərclər iddiaçının xeyrinə tutulmuşdur. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün müvafiq İcra Şöbəsinə göndərilmiş, icra mərhələsində tələb üzrə borcun tutulması üçün müəyyən icra hərəkətləri aparılmış və borc tam həcmdə ödənilmişdir. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə bağlanmış, göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən MMC-yə 353,10 manat məbləğində pul ödənilmişdir. Hazırda iddiaçı cavabdehdən borcun vaxtında ödənilməməsi ilə əlaqədar " Lider Legal” MMC tərəfindən hüquqi xidmət göstərildiyinə görə sonuncuya hüquqi xidmət haqqı ödənilməsini əsas gətirərək, ödəmiş olduğu xidməti haqqı məbləğinin cavabdehdən tutulmasını xahiş edir. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, mülki-prosessual qanunvericilik nümayəndəyə çəkilmiş xərcləri işə baxılması ilə əlaqədar olan məsrəflərə aid etmiş və həmin məbləği ağlabatan məbləğdə xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutmuşdur. Digər tərəfdən, məhkəmə qeyd edir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli Hüquqi xidmət haqqında müqavilə ümumi, mücərrədd şəkildə MMC tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi əks olunmuş, konkret olaraq cavabdeh ilə bağlı heç bir müddəa öz əksini tapmamışdır. Bundan başqa, qeyd edilməlidir ki, iddiaçı "Lider Legal” MMC ilə onun arasında bağlanmış hüquqi xidmət haqqında müqavilə çərçivəsində məhz icra mərhələsində borcun qaytarılması ilə bağlı "xxxx" MMC-nin ona hüquqi xidmət göstərməsinə istinad etsə belə, hüquqi xidmətin göstərilib-göstərilmədiyi, xidmətin nədən ibarət olması barədə sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tələb etdiyi məbləğ məhkəmə qərarının icrası mərhələsində ona hüquqi yardımın göstərilməsi ilə bağlı olsa belə, iddia yenə də təmin edilə bilməz. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 78.1-ci maddəsinə əsasən, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmuru borcludan tutulmalı pul məbləğinin 7 faizi həcmində icra ödənişinin alınması barədə qərar qəbul edir. Qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən on bir manat, borclu hüquqi şəxsdən isə əlli beş manat miqdarında icra ödənişi alınır. Qanunvericilik icra mərhələsində çəkilən xərclərin alınmasını icra məmurunun müstəsna səlahiyyətlərinə aid etməklə, həmin məbləğin tutulmalı olan məbləğin 7 faizi həcmində müəyyən etmiş, icra ilə bağlı çəkilən xərcləri iddiaçının cavabdehdən tələb etməsi isə qanunla nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən "xxxx" MMC-yə aralarında bağlanmış hüquqi yardım haqqında müqavilə əsasında 353,10 manat pul ödənilməsinin cavabdehdən tələ edilməsi üçün hər hansı əsas yoxdur. Buna görə də hazırki iddianın təmin edilməsi üçün əsaslar müəyyən edilmədiyindən, iddia rədd edilməlidir. Belə ki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3527/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3527/2024
08.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver