Məhkəmə qərarları › İş №e-2(125)-3582/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3582/2024

19.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3582/2024 19.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə əsas borc üzrə 882,66 manat, faiz borcu üzrə 730,51 manat olmaqla, cəmi 1613,17 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 36,54 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi – iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 882,66 manat, faiz borcu üzrə 21,53 manat olmaqla, cəmi 904,19 manat pul vəsaitinin, dövlət rüsumuna görə ödənilmiş 30 manat və xidmət haqqına görə 0,40 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC (Bank) ilə Hüseynov Orucəli Həbib oğlu (borcalan) arasında bağlanmış BPM**********89 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə, hesabdan çıxarışa və bank kartına limitin təyin olunmasına dair razılaşmaya bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmaya əsasən Bank borcalana 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə ödəmək şərtilə 1000 manat məbləğində kredit vermişdir. X1 Həbib oğlu 11 noyabr 2020-ci il tarixdə “qaraciyər çatmamazlığı” xəstəliyi səbəbindən ölmüşdür. İddia tələbinə görə, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmış və cavabdeh borcalandan qalmış mirası qəbul etmişdir. Bankın “Gəncə” filialı tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, borcalanın banka ödənilməmiş 882,66 manat əsas, 21,53 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişlərin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, BPM**********89 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, "xxxx" ASC borcalanın adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxmağı, borcalanın adına bank hesablarını açmağı, borcalan Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərti ilə kredit limitini ayırmağı, borcalan isə Tam kart eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu – 882,66 manat, faiz borcu 730,51 manat olmaqla, cəmi borcu 1613,17 manat təşkil edir. İş materiallarında olan maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu – 882,66 manat, faiz borcu 21,53 manat olmaqla, cəmi borcu 904,19 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2021-ci il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş Hüseynov Orucəli Həbib oğlunun vərəsəsi arvadı – Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak miras qoyana məxsus Azərbaycan Beynəlxalq Bank ASC-nin Gəncə filialının xx.xx.2020-ci il tarixli, 1104 nömrəli məktubuna əsasən miras qoyan Hüseynov Orucəli Həbib oğluna məxsus olan 65,40 manat pul vəsaitindən və "xxxx" QSC “İnfrastruktur Departamenti”nin 4 nömrəli Gəncə elektrik təchizatı Sahəsinin xx.xx.2021-ci il tarixli, 04 nömrəli məktubuna əsasən miras qoyana məxsus olan 1963,15 manat pul vəsaitindən ibarətdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına 6-2-22/2-3170/2024 nömrəli bildiriş göndərilərək ona sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun 3 gün müddətində tam ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh mərhum əri Hüseynov Orucəli Həbib oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (904,19 manatdan) yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Hüseynov Orucəli Həbib oğlunın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, 882,66 manat əsas, 21,53 manat faiz borcu olmaqla, ümumilikdə 904,19 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh BPM**********89 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 882,66 manat əsas borc və 21,53 manat faiz borcu olmaqla, cəmi 904,19 (doqquz yüz dörd manat on doqquz qəpik) manat, ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi kimi 30,40 (otuz manat, qırx qəpik) manat pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar