Məhkəmə qərarları › İş №e-2(125)-3583/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3583/2024

05.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3583/2024 05.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X11 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin X1nın vərəsəsi Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti borcalan mərhum X3 vərəsəsi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1286,62 manat borcun, ödənilmiş 32,87 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-in nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək göstərdi ki, "xxxx" ASC-in Gəncə filialı ilə mərhum X6 arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən ona 1500 manat kredit verilmişdir. X1 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən məlum olmuşdur ki, X3 miras əmlakına dair Cavabdeh vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Cavabdeh mərhum X2 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın bank qarşısında olan öhdəliyini icra etməmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən mərhum X1nın banka ödənilməmiş 1286,62 manat əsas borcu qalmışdır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək yerinə yetirməmişdir. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, 2016cı ildə anası Həcər Abdullayeva ilə banka getmiş, kredit götürmüşdürlər. Həmin vaxt kredit müqaviləsində sığorta ilə bağlı müddəa göstərilmiş, sığortaya xeyli məbləğdə pul tutulmuş, bankda demişdirlər ki, “Nəsə olsa sığorta ödəyəcək.” İndi təqdim olunan müqavilədə isə sığorta ilə bağlı heç nə yoxdur. Sığortasız heç kimə pul verilmir. Mirası 2021-ci ildə qəbul etmişdir. Vərəsəlik obyekti olan ev 2021-ci ildə satılmışdır. Bankdan heç bir xəbərdarlıq olunmamışdır. 1 ay bundan əvvəl xəbər tutmuşdur ki, bank məhkəməyə müraciət edib. 810 manat təqaüd alır. Başqa bankdan da kredit götürmüşdür, hazırda həmin kredit borcunu ödəyir. 2 uşaq oxudur. Borcu ödəməyə maddi imkanının olmadığını göstərərək, iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2016-cı il tarixli, 4-xx.xx.2016-SM146 nömrəli təminatsız kredit müqaviləsindən görünür ki, mərhum X4 iddiaçı tərəfindən 36 ay müddətinə, illik 22% dərəcəsi ilə 1500 manat məbləğində kredit verilmişdir. xx.xx.2016-cı il tarixli memorial orderin surətindən görünür ki, X5 1500 manat pulu "xxxx" ASC-in Gəncə filialından qəbul etmişdir. Maliyyə arayışından görünür ki, mərhum X6 ilə iddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, 4-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi üzrə 1286,62 manat əsas borcu qalmışdır. AZ-İ 816132 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2016-cı ildə ölmüşdür. Gəncə şəhəri 1 saylı notariat ofisində 2V-146 reyestr nömrə ilə təsdiq edilmiş, xx.xx.2021-ci il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh Gəncə şəhəri 1 saylı dövlət notariat ofisi tərəfindən xx.xx.2013-cü il tarixdə təsdiq edilən və reyestrdə 2V-1-139 nömrə ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 miras qalmış vəsiyyətnamədə göstərilən Gəncə şəhəri, Nizami rayonu, Yeni-Gəncə qəsəbəsi, 260 ünvanında yerləşən ümumi sahəsi 71,2 kv.m olan qeyri-yaşayış binasından ibarət miras əmlakdan tam hissədə pay almalıdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, hüquq normaları baxımından qiymət verib belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 1273-ci maddəsinə əsasən mirasın qəbulunun və ya qəbulundan imtinanın hüquqi nəticələri mirasın açıldığı andan baş verir. MM-in 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. MM-in 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. MM-in 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2016-cı il tarixli, 4xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi üzrə 1286,62 manat kredit borcu alınaraq "xxxx" ASC-in xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia ərizəsi verilməsi üçün ödənilmiş 32,87 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli, 4-xx.xx.2016-SM146 nömrəli kredit müqaviləsi üzrə 1286,62 (bir min iki yüz səksən altı manat 62 qəpik) manat kredit borcu, iddia ərizəsi verilməsi üçün ödənilmiş 32,87 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar