Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3591/2025 30.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə 2452,52 manat əsas, 81,63 manat faiz borcu olmaqla, cəmi 2534,15 manat kredit borcu və kart kredit limiti üzrə 798,26 manat əsas, 17,54 manat faiz borcu olmaqla, cəmi 815,8 manat kredit borcunun, həmçinin ödənilmiş 53,5 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC-nin (Bank) Gəncə filialı ilə Nəzərəliyev Raqtay Sabir oğlu (borcalan) arasında bağlanmış BPM**********22 nömrəli, xx.xx.2019-cu il tarixli kredit (tam kart çərçivə) müqaviləsinə və kassa məxaric orderlərinə əsasən Bank borcalana 48 ay müddətinə illik 24 faiz dərəcəsi ilə ödəmək şərtilə ümumilikdə 2750 manat məbləğində nağd kredit, həmçinin bankla borcalan arasında bağlanmış bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 800 manat məbləğində kart krediti limiti verilmişdir. xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit (tam kart çərçivə) müqaviləsi üzrə ödəniş cədvəli əsasında borcalan xx.xx.2023-cü il tarixinədək hər ay 89,7 manat, sonuncu ay isə 86,16 manat ödəməli idi. X2 Sabir oğlu 09 sentyabr 2020-ci il tarixdə “dəqiqləşdirilməmiş ürək dayanması” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin əldə olunmuş məlumata görə borcalan xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bankın xx.xx.2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən borcalanın Banka ödənilməmiş 2452,52 manat əsas, 81,63 manat faiz borcu qalmışdır. xx.xx.2025-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən isə borcalanın Banka ödənilməmiş 798,26 manat əsas, 17,54 manat faiz borcu qalmışdır. Borcalan xx.xx.2020-ci il tarixdə vəfat etmişdir, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, borcalandan qalmış mirası cavabdeh qəbul etmişdir. Cavabdeh mərhum borcalandan qalmış mirası qəbul etmələrinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, tələblə bağlı bütün sübutların iddia ərizəsinə əlavə edildiyini bildirmiş, həmçinin mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş göndərmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit (tam kart çərçivə) müqaviləsindən və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, "xxxx" ASC borcalanın adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxmağı, borcalanın adına bank hesablarını açmağı, borcalan Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərti ilə kredit limitini ayırmağı, borcalan isə Tam kart eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş (şəxsi ehtiyacların ödənilməsi (istehlak)) təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Borcluya ayrılmış kredit xətti məbləği 800 manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli nağd kredit üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək olan ödənilməmiş borcu – 2452,52 manat əsas, 81,63 manat faiz borcu olmaqla, cəmi borcu 2534,15 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli kart kredit limiti üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək olan ödənilməmiş borcu – 798,26 manat əsas, 17,54 manat faiz borcu olmaqla, cəmi borcu 815,8 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2023-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il tarixdə ölmüş Nəzərəliyev Raqtay Sabir oğlunun vərəsəsi arvadı – Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak miras qoyana məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 225,2 kv.m, yaşayış sahəsi 100,8 kv.m, yardımçı sahəsi 124,4 kv.m, 4 otaqlı fərdi yaşayış evindən ibarətdir, fərdi yaşayış evi və torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Bank tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına bildirişlər göndərilərək onlara sözügedən kredit müqavilələri üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və kredit müqavilələri üzrə yaranmış öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə 3 gün müddətində məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit (tam kart çərçivə) müqaviləsi və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilələr üzrə öhdəlik icra edilməmişdir. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh, mərhum Nəzərəliyev Raqtay Sabir oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Nəzərəliyev Raqtay Sabir oğlunun kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – arvadı X1 tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 53,5 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli, BPM**********22 nömrəli kredit (tam kart çərçivə) müqaviləsi və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşması üzrə yaranmış 2452,52 manat əsas və 81,63 manat faiz borcu olmaqla, cəmi 2534,15 (iki min beş yüz otuz dörd manat on beş qəpik) manat kredit borcu, kart kredit limiti üzrə 798,26 manat əsas və 17,54 manat faiz borcu olmaqla, cəmi 815,80 (səkkiz yüz on beş manat səksən qəpik) manat, həmçinin ödənilmiş 53,50 (əlli üç manat əlli qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3591/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3591/2025
30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver