Məhkəmə qərarları › İş №e-2(125)-3608/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3608/2024

23.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3608/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5854,79 manat, faiz borcu üzrə 701,63 manat, cəmi 6556,42 manat pul vəsaitinin və xx.xx.2023-cü il tarixli, BRCB4408775B299 nömrəli kredit kartı müqaviləsinə əsasən əsas borc üzrə 984,55 manat, faiz borcu üzrə 138,84 manat, cəmi 1123,39 manat pul vəsaitinin və 96,80 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli kredit müqaviləsinə, müvafiq hesabdan çıxarışa, ödəniş qrafikinə əsasən Bank borcalana istehlak məqsədi ilə 24 ay müddətinə illik 18 faiz dərəcəsi ilə ödəmək şərtilə 8000 manat məbləğində krediti cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə vermiş, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmış, borcalan krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, BRCB4408775B299 nömrəli birkart kredit müqaviləsinə və müvafiq hesabdan çıxarışa əsasən Bank borcalana şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmış, “birkart” ödəniş kartı vasitəsi ilə, 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə ödəmək şərtilə 1000 manat məbləğində kredit vermiş, borcalan isə həmin kredit xəttindən istifadə etmiş və krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki əsasında cavabdeh xx.xx.2025-ci il tarixi də daxil olmaqla 24 ay müddətinə hər ay 399,39 manat, sonuncu ay isə 402,40 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2023-cü il tarixə xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 5854,79 manat, faiz borcu üzrə 701,63 manat, cəmi 6556,42 manat və xx.xx.2023-cü il tarixli digər kredit müqaviləsinə əsasən əsas borc üzrə 984,55 manat, faiz borcu üzrə 138,84 manat, cəmi 1123,39 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddia tələbinə etiraz etməyərək bildirmişdir ki, kredit müqavilələri üzrə qeyd olunan məbləğlərdə pul vəsaitlərini şəxsi istehlak məqsədilə bankdan götürmüşdür, hazırda 600 manat məbləğində aliment ödəyir, hər ay banka 400 manat məbləğində kredit ödəmək imkanı yoxdur. Həmçinin yeni ailə qurmuşdur, bu yaxınlarda uşağı dünyaya gələcək. Bankla hissə-hissə ödəniş edilməsi barədə razılığa gəlməyə çalışsa da, onunla bank arasında heç bir razılıq əldə olunmamışdır. Odur ki, məhkəmədən banka olan kredit borcunun hər ay hissə-hissə, aylıq 50 manat olmaqla ödənilməsinə şərait yaradılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli iki kredit müqaviləsi və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Bank borcalana qeyd edilən məbləğlərdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli müqavilənin 1.1.8-ci bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulunun, xidmət haqqının, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Müqavilənin 2.8-ci və 2.8.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, əgər müştərinin banka bir neçə müqavilə üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini bank özü müəyyən edir. xx.xx.2023-cü il tarixli, BRCB4408775B299 nömrəli müqavilənin 4.2-ci maddəsinə əsasən bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, irəlidə qeyd edilənlər nəzərdə tutulur: bu müqavilənin qüvvədə olduğu müddət ərzində kredit tarixçəsinin pişləşməsi və s. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə cavabdehin Banka xx.xx.2023-cü il tarixli GTKR0409853B299 nömrəli kredit müqaviləsi üzrə 5854,79 manat əsas, 701,63 manat faiz olmaqla, cəmi 6556,42 manat borcu və xx.xx.2023-cü il tarixli BRCB4408775B299 nömrəli kredit müqaviləsi üzrə 984,55 manat əsas, 138,84 manat faiz olmaqla, cəmi 1123,39 manat borcu yaranmışdır. Beləliklə, sözügedən müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2023-cü il tarixli GTKR0409853B299 nömrəli və xx.xx.2023-cü il tarixli BRCB4408775B299 nömrəli kredit müqavilələri üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və tam borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq iki kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilələrdə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli məktub göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqavilələrini birtərəfli qaydada ləğv etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqavilələrindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam vermişdir. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilələrin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Beləliklə, bankın xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə bağlanmış kredit müqavilələrindən xx.xx.2024-cü il tarixdə imtina etməklə ona xitam verdiyini və tələbin həddini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka hər iki müqavilə üzrə borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən cavabdeh banka sözügedən məbləğdə borcu olduğunu bildirmişdir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddia təmin edilməli, kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2024-cü il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5854,79 manat əsas borc və 701,63 manat faiz borcu olmaqla, cəmi 6556,42 manat, xx.xx.2023-cü il tarixli, BRCB4408775B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 984,55 manat əsas borc və 138,84 manat faiz borcu olmaqla, cəmi 1123,39 manat məbləğində pul vəsaiti tutulmalıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 96,80 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, GTKR0409853B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 5854,79 manat əsas borc və 701,63 manat faiz borcu olmaqla, cəmi 6556,42 (altı min beş yüz əlli altı manat qırx iki qəpik) manat, xx.xx.2023-cü il tarixli, BRCB4408775B299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 984,55 manat əsas borc və 138,84 manat faiz borcu olmaqla, cəmi 1123,39 (bir min bir yüz iyirmi üç manat otuz doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 96,80 (doxsan altı manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar