Məhkəmə qərarları › İş №e-2(125)-3616/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3616/2025

14.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3616/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2022-ci il tarixli, DKM/007N05A00898522 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.835 manat 42 qəpik, xx.xx.2025-ci il tarixə kreditdən istifadəyə görə 13 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 72 manat 83 qəpik, xx.xx.2025-ci il tarixə vaxtı keçmiş əsas borc məbləğinə 15 faiz dərəcəsi ilə hesablanmış cərimə qismində 22 manat 17 qəpik, cəmi 6.930 manat 42 qəpik, xx.xx.2025ci il tarixdən (iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən) qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 13 faiz dərəcəsi ilə hesablanmış adi faizlər, illik 15 faiz dərəcəsi ilə hesablanmış penya və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 89 manat 50 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmədə iddianı müdafiə edərək göstərdi ki, "xxxx" ASC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/007N05A00898522 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh2 48 ay müddətinə, illik 13% faiz dərəcəsi ilə 19.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/007N05A00898522/01/ZM nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 Cavabdeh2 kredit müqaviləsi üzrə bank qarşısında öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti daşımaq öhdəliyi götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin ümumi hissəsini iddiaçıya qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, xx.xx.2025-ci il tarixinə Cavabdeh2 bank qarşısında əsas borcun əvəzi qismində 6.835 manat 42 qəpik, xx.xx.2025-ci il tarixdə qədər kreditdən istifadəyə görə 13 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş faiz borcu qismində 72 manat 83 qəpik, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə 15 faiz dərəcəsi ilə hesablanmış cərimə qismində 22 manat 17 qəpik, cəmi 6.930 manat 42 qəpikdən ibarətdir. Cavabdeh2 kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq iddiaçıya kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15% dərəcəsi penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 22 manat 17 qəpik təşkil edir. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə Cavabdeh2 tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq sonuncu ilə, eyni zamanda digər Cavabdeh1 ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair xəbərdarlıq göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir nəticə əldə edilməmişdir. Buna görə də "xxxx" ASC hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçının nümayəndəsi C.E.Məmmədov iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, DKM/007N05A00898522 nömrəli kredit müqaviləsinin və ödəniş cədvəlinin surətindən görünür ki, ASC “Xalq” Bankı tərəfindən Cavabdeh2 kreditdən istifadəyə görə illik 13% borc faizləri ödəməsi şərtilə, 48 ay müddətinə yəni xx.xx.2025-ci il tarixədək 19.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 5.2-ci bəndinə görə borcalan tərəfindən əsas borcun tam məbləğinin və ya müvafiq hissəsinin qaytarılması müddətləri pozulduqda, borcalan ödəniş vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 15 faiz dərəcəsi ilə hesablanan penya ödəyir. İşdə olan xx.xx.2022-ci il tarixli, DKM/007N05A00898522/01/ZM nömrəli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış eyni tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına dair eyni həcmdə məsuliyyəti öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, GNC-XO-21.4.2025-003 nömrəli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Həmin Məcəllənin 740.4-cü maddəsinə görə faizlər, o cümlədən gecikdirilmiş vaxt üçün hesablanan faizlər və digər haqlar yalnız borcun qaytarıldığı günədək ödənilməmiş əsas borc qalığı məbləğinə hesablanır. Həmin Məcəllənin 740.6-cı maddəsinə görə borc müqaviləsi üzrə faizlər illik faiz dərəcəsinin üç yüz altmış beşə və ya borc müqaviləsində nəzərdə tutulduğu halda üç yüz altmışa bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanır. Həmin Məcəllənin 21.1 və 21.2-ci maddələrinə görə Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarına əsasən bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsinin ləğv anınadək pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi "xxxx" ASC Cavabdeh2 ilə bağlanmış xx.xx.2022-ci il il tarixli, DKM/007N05A00898522 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə Cavabdeh2 "xxxx" ASC-yə borcu ödənilməmiş borcu əsas borc qismində 73.46 manat 83 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 77 manat 87 qəpik təşkil etmişdir. Qeyd olunan səbəbdən Cavabdeh2 "xxxx" ASC-yə faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Hazırki halda isə "xxxx" ASC ödənilməmiş əsas borcun əvəzi qismində 6.835 manat 42 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 72 manat 83 qəpik məbləğində Cavabdeh2 və Cavabdeh1 onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Buna görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinin tələblərini nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 və Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli, DKM/007N05A00898522 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.835 manat 42 qəpik, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 72 manat 83 qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Bundan başqa, "xxxx" ASC-nin iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən yekun məhkəmə aktının qəbul edildiyi harızki tarixə xx.xx.2025-ci il tarixədək keçən dövr 55 gün təşkil edir və "xxxx" ASC həmin dövr üzrə ödənilməli olan pul vəsaitinin əldən çıxmış fayda qismində cavabdehlərdən onun xeyrinə tutulmasını tələb edir. Buna görə də müvafiq olaraq əldən çıxmış fayda qismində qismində illik 13 faiz dərəcəsi üç yüz altmış beşə bölünərək, borcun verildiyi faktiki günlərin (borcun verildiyi gün daxil, qaytarıldığı gün isə xaric olmaqla) sayına vurulmaqla hesablanmalı, ödənilməmiş əsas məbləğ 6.835 manat 42 qəpik pul vəsaitinin həmin faiz dərəcəsi üzrə tutulmalı məbləğ – 133 manat 84 qəpik tapılmalıdır (13% : 365 gün x 55 gün=1,958%; 6.835 manat 42 qəpik%1,958 = 133 manat 84 qəpik). Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımincə icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 22 manat 17 qəpik təşkil edən cərimə məbləğinin 5 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh2 xx.xx.2022-ci il tarixli, DKM/007N05A00898522 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə ödənilməmiş əsas borcun əvəzi qismində 6.835 manat 42 qəpik, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 72 manat 83 qəpik, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək kreditdən istifadəyə görə 13 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş faiz borcun əvəzi qismində 133 manat 84 qəpik, cərimə qismində 5 manat məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 89 manat 50 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, DKM/007N05A00898522 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 6.835 (altı min səkkiz yüz otuz beş) manat 42 (qırx iki) qəpik, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 72 (yetmiş iki) manat 83 (səksən üç) qəpik, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək kreditdən istifadəyə görə 13 faiz dərəcəsi ilə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 133 (bir yüz otuz üç) manat 84 (səksən dörd) qəpik, cərimə qismində 5 (beş) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 89 (səksən doqquz) manat 50 (əlli) qəpik, cəmi 7.136 (yeddi min bir yüz otuz altı) manat 59 (əlli doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar