Məhkəmə qərarları › İş №e-2(125)-3634/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3634/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3634/2023 11.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «tərəflər arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi, əsas borcun əvəzi qismində 8.401 manat 03 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.022 manat 09 qəpik, cəmi 9.423 manat 12 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 115 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi K.M.Əlizadə iddianı müdafiə edərək bildirdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 25% əlavə borc hesablanmaqla, 9.600 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Sonda K.M.Əlizadə iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri, ekspert rəyini tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC Cavabdeh 36 ay müddətinə, illik 25% əlavə hesablanmaqla, 9.600 manat məbləğində kredit vermişdir. İşdə olan xx.xx.2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit müqaviləsinə əlavə edilən 1 nömrəli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı ASC-dən aldığı krediti hissə-hissə ödəmək şərtilə xx.xx.2025-ci ilə qədər ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh İddiaçı ASC-nin xəzinədarlığından 9.600 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İşdə olan İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh əsas borcun əvəzi qismində 8.401 manat 03 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.022 manat 09 qəpik, cəmi 9.423 manat 12 qəpik borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcu könüllü ödəməsi barədə xəbərdarlıq edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/6157 nömrəli ekspert rəyindən görünür ki, hesabdan çıxarış məlumatları və İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2023-cü il tarixində banka olan borcu ödənilməmiş əsas borc qismində 8.389 manat 82 qəpik, faiz borcu qismində isə 718 manat 46 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməmişdir. Nəticədə kredit müqaviləsinin şərtlərinə və ekspert rəyinə uyğun olaraq müəyyən olunmuşdur ki, iddiaçının əsas borc qismində 8.389 manat 82 qəpik, 05 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 718 manat 46 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 8.389 manat 82 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 718 manat 46 qəpik, cəmi 9.108 manat 28 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin edilməsini nəzərə alaraq, hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq 111 manat məbləğində dövlət rüsumu və iş üzrə ekspertiza tədqiqatının dəyərinin bir hissəsinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti cavabdehə, iş üzrə ekspertiza tədqiqatının dəyərinin digər əvəzi qismində 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 fevral 2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 15 fevral 2022-ci il tarixli, CE/99382/84/4 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8.389 (səkkiz min üç yüz səksən doqquz) manat 82 (səksən iki) qəpik, 05 aprel 2023-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 718 (yeddi yüz on səkkiz) manat 46 (qırx altı) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 111 (bir yüz on bir) manat, cəmi 9.219 (doqquz min iki yüz on doqquz) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Ekspertiza tədqiqatının dəyərinin bir hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, ekspertiza tədqiqatının dəyərinin digər hissəsinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar