Məhkəmə qərarları › İş №e-2(125)-365/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-365/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-365/2025 14.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) iddiaçının xeyrinə 2019,15 manat əsas, 17,71 manat faiz və 0,01 manat cərimə borcu olmaqla, cəmi 2036,87 manat kredit borcunun və kart kredit limiti üzrə 288,93 manat əsas, 3,09 manat faiz borcu olmaqla, cəmi 292,02 manat kredit borcunun, həmçinin ödənilmiş 43,29 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC-nin (Bank) Gəncə filialı ilə Mahmudov Natiq Cəbrayıl oğlu (borcalan) arasında bağlanmış BPM**********16 nömrəli, xx.xx.2021-ci il tarixli tam kart çərçivə müqaviləsinə və kassa məxaric orderlərinə əsasən Bank borcalana 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə ödəmək şərtilə 3300 manat məbləğində nağd kredit, həmçinin bankla borcalan arasında bağlanmış bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 300 manat məbləğində kart krediti limiti verilmişdir. xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödəniş cədvəli əsasında borcalan xx.xx.2025-ci il tarixinədək hər ay 103,98 manat, sonuncu ay isə 103,19 manat ödəməli idi. X1 Cəbrayıl oğlu 16 may 2023-cü il tarixdə “ağciyərin ikincili bədxassəli yenitörəməsi” xəstəliyi səbəbindən ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tam kart çərçivə müqaviləsinə və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmaya əsasən əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Lakin borcalan xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Bankın xx.xx.2024-cü il tarixli nağd kredit üzrə maliyyə arayışına əsasən borcalanın Banka ödənilməmiş 2019,15 manat əsas, 17,71 manat faiz və 0,01 manat cərimə borcu qalmışdır. xx.xx.2024-cü il tarixli kart kredit limiti üzrə maliyyə arayışına əsasən isə borcalanın Banka ödənilməmiş 288,93 manat əsas, 3,09 manat faiz borcu qalmışdır. Müəyyən edilmişdir ki, mərhumun adına vərəsəlik işi açılmışdır. Cavabdehlər mərhum borcalandan qalmış mirası qəbul etməsinə baxmayaraq, onlaraa çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdehlər öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin izahatında qeyd etdi ki, faiz borcu borcalanın öldüyü tarixədək hesablanmış, həmin tarixdən sonra kredit müqavilələri üzrə əlavə faiz borcu hesablanmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, mərhum Mahmudov Natiq Cəbrayıl oğlu onun əri olmuşdur. Mərhum əri iddiaçı Bankla xx.xx.2021ci il tarixdə sözügedən kredit müqavilələrini bağlayaraq qeyd olunan məbləğlərdə krediti götürmüşdür. Ərinin ölümündən sonra o və qızı, yəni digər Cavabdeh1 notariusa ərizə ilə müraciət edərək vərəsəliyi qəbul etmişdir. Miras əmlak cəmi 2 otaqlı mənzildən ibarətdir. Belə ki, maddi imkanı xeyli zəifdir, hazırda xadimə işləyir, başqa gəlir yeri yoxdur. Odur ki, iddiaçı Bank tərəfindən onlara güzəşt edilmədiyindən məhkəmədən sözügedən borc məbləğinin onlardan tutulmamasını, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbinin təmin edilməməsini xahiş etdi və izahatında bildirdi ki, mərhum Mahmudov Natiq Cəbrayıl oğlunun qızıdır. Mərhum atasının xəstəliyi ilə əlaqədar iddiaçı Bankdan xx.xx.2021-ci il tarixdə qeyd olunan məbləğlərdə krediti götürmüşlər. Atasının ölümündən sonra o və anası, yəni digər Cavabdeh2 notariusa ərizə ilə müraciət edərək vərəsəliyi qəbul etmişdir. Belə ki, maddi imkanı xeyli zəifdir, öhdəsində iki uşağı var. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsindən və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşmadan görünür ki, "xxxx" ASC borcalanın adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxmağı, borcalanın adına bank hesablarını açmağı, borcalan Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərti ilə kredit limitini ayırmağı, borcalan isə Tam kart eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş (şəxsi ehtiyacların ödənilməsi (istehlak)) təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Borcluya ayrılmış kredit xətti məbləği 300 manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli nağd kredit üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş borcu – 2019,15 manat əsas, 17,71 manat faiz və 0,01 manat cərimə borcu olmaqla, cəmi borcu 2036,87 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kart kredit limiti üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinədək olan ödənilməmiş borcu – 288,93 manat əsas, 3,09 manat faiz borcu olmaqla, cəmi borcu 292,02 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə Şəhəri 5 saylı notariat ofisi tərəfindən verilmiş 543 nömrəli, xx.xx.2024-cü il tarixli vəkil sorğusuna cavab məktubunda bildirilmişdir ki, borcalan xx.xx.2023-cü il tarixdə vəfat etmiş və onun barəsində xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır, mərhum borcalanın vərəsələri arvadı – Cavabdeh2 Firudddin qızı və qızı – Cavabdeh1dır, onlara xx.xx.2023-cü il tarixdə 2V-153 reyestr nömrəsi ilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Bank tərəfindən xx.xx.2024-cü il tarixdə cavabdehlərin ünvanına bildiriş göndərilərək onlara sözügedən kredit müqavilələri üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və kredit müqavilələri üzrə yaranmış öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə 3 gün müddətində məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq tam kart çərçivə müqaviləsi və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşma bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilələr üzrə öhdəlik icra edilməmişdir. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdehlər mərhum Mahmudov Natiq Cəbrayıl oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsələri kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən (2328,89 manatdan) yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Mahmudov Natiq Cəbrayıl oğlunun kredit müqavilələri üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – arvadı Cavabdeh2 və qızı Cavabdeh1 tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclasında iştirak edən cavabdehlər isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Bundan başqa qeyd edilməlidir ki, cavabdehlər borcalanın bankdan pul vəsaitini götürdüyünü və tələb edilən məbləğdə borcunun olduğunu inkar etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin və cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 43,29 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada xx.xx.2021-ci il tarixli, BPM**********16 nömrəli tam kart çərçivə müqaviləsi və bank kartına kredit limitinin təyin olunmasına dair Razılaşması üzrə yaranmış 2019,15 manat əsas, 17,71 manat faiz və 0,01 manat borcu olmaqla, cəmi 2036,87 (iki min otuz altı manat səksən yeddi qəpik) manat kredit borcu və kart kredit limiti üzrə 288,93 manat əsas, 3,09 manat faiz borcu olmaqla, cəmi 292,02 (iki yüz doxsan iki manat iki qəpik) manat və ödənilmiş 43,29 (qırx üç manat iyirmi doqquz qəpik) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar