Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3689/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı «X1 Azərbaycan» Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı «X1 Azərbaycan» QSC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10991,85 manat əsas, 1215,70 manat faiz, 852,91 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 11,14 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 13076,40 manat borcun, həmçinin ödənilmiş 129,23 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Bank cavabdehə şəxsi istehlak məqsədilə 5 il müddətinə 10000 manat məbləğində kredit kartı limiti ayırmışdır, cavabdeh isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx.xx.2015-ci ildə «X1 Azərbaycan» QSC və Cavabdeh arasında Bank hesabı, debet kart, kredit kartı və zaminlik haqqında qarışıq müqavilə bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə Bank tərəfindən cavabdehə istehlak yönümlü 10000 manat məbləğində, 5 il müddətinə kredit kart limiti (kredit xətti) ayrılmışdır. Cavabdeh həmin kredit kart limiti (kredit xətti) üzrə istifadə etmiş olduğu vəsaiti (krediti) və ona hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə “Bank”a qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Bank müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcunu ödəməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildirişlər göndərmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı məhkəmədə iştirak edə bilmədiyini qeyd etmiş, xx.xx.2024-cü il tarixli məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, məhkəmə iclası təxirə salınmış, lakin cavabdeh sonrakı məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsinin 4.27-ci bəndinə əsasən Bank cavabdehə 5 il müddətinə 10000 manat məbləğində kredit kartı limiti(kredit xətti) açmış, cavabdeh isə müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, komisyonları və həmçinin nəzərdə tutulmuş digər ödənişləri (bütün borcları) bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.23-cü bəndinə əsasən “kart/əlavə kart sahibi” bu müqavilə ilə üzərinə düşən öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə onların maliyyə (əmlak) vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə kartdan istifadə nəticəsində yaranmış borcun qaytarılması üçün təhlükə yaradarsa “Bank” kartın fəaliyyətini dayandırmaqla kart üzrə yaranmış bütün borcun (hesablanmış faizlərin, komissiyaların və s.) dərhal qaytarılmasını tələb edə bilər, tələbləri yerinə yetirilmədikdə isə borcun qaytarılması üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirləri həyata keçirə, o cümlədən məhkəməyə müraciət edə bilər. Müqavilənin 4.25-ci bəndinə əsasən kart(lar) üzrə borc(lar)la bağlı geri ödənişlər aparılarkən, ödənilən borc(lar) məbləği(ləri) nəzərdə tutulmuş ödəniş üçün yetərli olmadıqda, əvvəlcə kreditin(borcun) gecikdirilməsindən əmələ gələn zərər/cərimələr, sonra faizlər və nəhayət kreditin (borcun) əsas məbləği üzrə borc ödənilir (silinir). “Borcalanın” müəyyənləşdirdiyi başqa qayda etibarsızdır. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsi üzrə 10991,85 manat əsas, 1215,70 manat faiz, 852,91 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 11,14 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 13076,40 manat borcu yaranmışdır. xx.xx.2024-cü il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək ona xx.xx.2015-ci il tarixli Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 10991,85 manat əsas, 1215,70 manat faiz, 198,90 manat cərimə, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 11,14 manat olmaqla, cəmi 12417,59 manat borcun (gecikmənin) olması, bununla əlaqədar ona cərimə, faiz və müqavilədə nəzərdə tutulmuş xərclər, o cümlədən komissiyanın hesablandığı barədə xəbərdarlıq edilmiş, qarışıq müqavilə üzrə öhdəliklərinin kobud şəkildə pozulması ilə əlaqədar, həmin müqavilə üzrə olan borc məbləğinin məhkəmədən kənar qaydada 5 iş günü ərzində qaytarılması və ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2024-cü il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etmişdir. Həmin tarixə cavabdehin Banka borcu ödənilməmiş əsas borc qismində 10991,85 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1215,70 manat təşkil etmişdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bankla borcalan arasında xx.xx.2015-ci il tarixdə 5 il müddətinə bağlanmış Bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq kredit müqaviləsi üzrə borcun qaytarılması müddəti bitmiş, lakin borcalan öhdəliyini vaxtında və tam yerinə yetirməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmişdir. Borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də öhdəliyini lazımınca icra etməmiş, banka olan borcunu tam qaytarmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 198,90 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Bundan başqa, iş materiallarına əlavə edilmiş poçt qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin yaşadığı ünvana pretenziya məktubu göndərilmiş və bunun üçün iddiaçı 4,80 manat poçt xərci ödəmişdir. Cavabdehin müqavilədən irəli gələn vəzifələrini icra etməməsi nəticəsində, iddiaçı ona pretenziya məktubu göndərməklə müvafiq qaydada poçt xərci ödəmiş, habelə müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə bank tərəfindən 11,14 manat xərc çəkilmişdir və bununla da banka əlavə zərər vurulmuşdur. Odur ki, iddiaçının qeyd olunan əlavə xərclər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 10991,85 manat, faizlər üzrə 1215,70 manat, cərimə üzrə 198,90 manat, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 11,14 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 12422,39 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 127,27 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 10991,85 manat əsas borc, 1215,70 manat faiz borcu, 198,90 manat cərimə borcu, müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə 11,14 manat və bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə 4,80 manat poçt xərcləri olmaqla, cəmi 12422,39 (on iki min dörd yüz iyirmi iki manat otuz doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 127,27 (bir yüz iyirmi yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3689/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3689/2024
25.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver