Məhkəmə qərarları › İş №e-2(125)-3691/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3691/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3691/2024 18.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3577 manat həcmində borc məbləği, ödənilmiş 55,77 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3632,77 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, İddiaçı MMC ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış borc müqaviləsindən görünür ki, borcverən 3577 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu borcalana verməyi, borcalan isə borcu müqavilə şərtlərinə uyğun olaraq borcverənə geri qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən, borc məbləğinin verilməsi borcverən tərəfindən borcalanın bank hesabına köçürülmə yolu ilə həyata keçirilir və borc məbləğinin verildiyi an həmin məbləğin borcalanın bank hesabına köçürüldüyü an hesab olunur. İddiaçı MMC yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan 3577 (üç min beş yüz yetmiş yeddi) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləğini cavabdeh 03 (üç) aydan gec olmayaraq tam həcmdə geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən bu günkü tarixinədək cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlığa baxmayaraq, heç bir ödəniş olunmamışdır. Əlavə olaraq bildirmişlər ki, xx.xx.2024-cü il tarixdə cavabdehə borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Məktubda müqavilə üzrə cavabdeh öz üzərinə götürdükləri öhdəliklərini icra etməyi üçün xx.xx.2024-cü il tarixədək müddət göstərilmişdir. Məktub rəsmi qaydada poçt vasitəsilə ünvanlarına göndərilmişdir. Xəbərdarlıq məktubunun göndərilməsinə də baxmayaraq, borc məbləği cavabdeh tərəfindən hazıra kimi qaytarılmamışdır. İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq bildirmişdir ki, inzibati binanın fəaliyyətdə olduğu Bakı şəhərinə uzaq məsafədə yerləşdiyinə görə, məhkəmə iclaslarında iştirakı mümkün olmayacaqdır. Həmçinin məhkəmə iclaslarında iştirakları iddia tələbi məbləğinin şişirdilməsinə gətirib çıxaracağına görə məhkəmə hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan, təqdim etdikləri sübutlar əsasında keçirilməsi və nəticə verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə, cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə ilk öncə qeyd edir ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. Hazırki iş üzrə tərəflər arasında “borc müqaviləsi” adlanan xx.xx.2023-cü il tarixli sadə yazılı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. Müqavilədə borcun məbləği, qaytarılması şərtləri və müddəti açıq göstərilmişdir. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən borcalan bu müqavilənin 1.1.-ci bəndində nəzərdə tutulmuş məbləği müqavilə qüvvəyə mindiyi tarixdən 3 (üç) aydan gec olmayaraq (təhvil-təslim aktı və va online ödəmə ilə (Əlavə 1)) tam şəkildə ödənilməlidir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən, cavabdeh borc məbləğini «15» dekabr 2023-cü il tarixədək tam həcmdə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024cü il tarixli pretenziya məktubundan (məktubun cavabdehə xx.xx.2024-cü il tarixdə çatdırılması barədə müvafiq “poçt göndərişinin verilməsi haqqında” xəbərnamə işə əlavə edilməklə) görünür ki, cavabdehdən iddiaçı MMC-yə olan 3577 manat borcunun xx.xx.2024-cü il tarixinədək ödənilməsi xahiş edilmiş, əks təqdirdə borcun vaxtında və tam şəkildə qaytarılmadığı halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Qeyd edilən maddi hüquq normalarının mənasından da aydın olur ki, hazırkı mübahisəyə tətbiqi nəzərə alınmaqla, borc müqaviləsi o halda bağlanmış hesab edilir ki, borc verən özünə məxsus olan pula mülkiyyət hüququnu borc alana keçirmiş (vermiş) olsun. Həmçinin, Məcəllənin 740.2-ci maddəsində qanunvericilik borc müqaviləsinin forması ilə bağlı imperativ qaydada da müəyyən etmişdir ki, məbləği üç manatdan çox olan müqavilə yalnız yazılı olduqda, bağlanmış sayılır. Mülki Məcəllənin 529.1-ci maddəsinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. MPM, həmçinin müəyyən edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 88). İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (maddə 106.1). Sübutetmə vəzifəsinin bölgüsü baxımından borc müqaviləsi üzrə öhdəliyin yaranmasını sübuta yetirmək vəzifəsini iddiaçının, öhdəliyin icra edilməsini və ya öhdəliyə digər əsasla xitam verilməsini sübuta yetirmək vəzifəsi isə cavabdehin üzərinə düşür. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq xx.xx.2023-cü il tarixli yazılı kredit müqaviləsi bağlanmışdır və müqaviləyə əsasən 3577 manat pulun xx.xx.2023-cü il tarixədək qaytarılması nəzərdə tutulmuşdur. Müqavilədə borca görə faiz nəzərdə tutulmamışdır. İddiaçı pretenziya göndərməsinə baxmayaraq, cavabdehin heç bir ödəniş etməməsinə əsaslanaraq sadə yazılı qaydada bağlanılmış müqavilə ilə öhdəliyin yaranmasını sübuta yetirmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak edib iddianı aradan qaldıran, iddiaçıya hər hansı borcunun olmadığını təsdiq edən hər hansı mötəbər sübutunu məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən sözügedən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və ona görə də iddia təmin edilməli, 3577 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə, həmçinin xərclərlə bağlı məsələni müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, MPM-in 119.1-ci maddəsinə əsasən, iddiaçı tərəfindən ödənilmiş 55,77 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 3577 (üç min beş yüz yetmiş yeddi) manat və ödənilmiş dövlət rüsumuna görə 55,77 (əlli beş manat yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçınə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar