Məhkəmə qərarları › İş №e-2(125)-3772/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3772/2025

25.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3772/2025 25.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, Cavabdeh 1500 manat sığorta ödənişi məbləği və ödənilmiş 35 manat dövlət rüsumu olmaqla, cəmi 1535 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə X2 arasında xx.xx.2022-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Kia Optima” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “Kia Optima” markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilİ idarə edərkən Bakı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “Porsche Cayenne” markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən 1500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bakı Şəhər BPİ DYPİ-dən iddiaçının ünvanına inzibati xəta haqqında qərar daxil olmuş, həmin qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci və 327.1-ci maddələri ilə təqsirli bilinmiş və Cavabdeh idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1500 manat sığorta ödənişi məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. İddiaçı tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/574 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də, müvafiq sığorta ödənişi məbləği bu günədək iddiaçıya ödənilməmişdir. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. İş materiallarında olan icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, “Kia Optima” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı xx.xx.2022-ci il tarixdə PAA********** nömrəli icbari sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 1 (bir) il müddətinə icbari sığortalanmışdır. İş materiallarına əlavə edilmiş, Bakı şəhər DYPİ tərəfindən verilmiş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən sözügedən yol nəqliyyat hadisəsi toqquşma xx.xx.2022-ci il tarixində, saat 15:50 dəqiqədə Bakı şəhərində baş vermişdir. Həmin arayışa görə “Kia Optima” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi cavabdeh X2, hadisə baş verdiyi anda sürücüsü onu etibarnaməsiz idarə edən Cavabdeh olmuşdur, toqquşma nəticəsində ziyan vurulmuş “Porsche Cayenne” minik markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X3, hadisə zamanı avtonəqliyyat vasitəsini idarə edən şəxs X4 olmuşdur. İş materiallarında olan inzibati xəta haqqında İXP ******* nömrəli protokola və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 15:50-də “Kia Optima” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 25-04333/11/AA-3118/22 nömrəli sığorta aktına əsasən 1500 manat sığorta ödənişi X1 ödənilməsi üçün hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 103OPX1223331B12 nömrəli ödəniş tapşırığına əsasən 1500 manat sığorta ödənişi iddiaçı ASC tərəfindən "xxxx" ASC vasitəsi ilə X1 ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, AS-25/574 nömrəli pretenziya məktubundan görünür ki, cavabdehdən iddiaçı ASC tərəfindən həyata keçirilən 1500 manat sığorta ödənişinin 5 (beş) gün müddətində iddiaçı ASC-yə ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli hesablama aktından görünür ki, “Porsche Cayenne” minik markalı, ** OB *** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1500 (bir min beş yüz) manat maddi zərər hesablanmışdır. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan və iş materiallarına əlavə edilmiş sürücülük vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək B1, B, C1, C kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun: 13.4-cü maddəsinə əsasən sığorta şəhadətnaməsinin kimin adına verilməsindən asılı olmayaraq, fərdi qəza və ya mülki məsuliyyət üzrə sığorta təminatı, müvafiq icbari sığorta şəhadətnaməsində göstərilmiş əmlakı qanuni əsaslarla təyinatına uyğun istismar edən istənilən şəxsin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş vermiş müvafiq hadisələrə və hallara şamil olunur; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə qeyd edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs” ifadəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsi nəzərdə tutur. Belə ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs avtomobilin idarə edilməsi ilə bağlı nəzəri və təcrübi biliklərə malik olmur. Belə şəxsin avtomobili idarə etməsi sığorta hadisəsinin baş verməsi riskini artırır. Sığorta hadisəsi baş verdikdə isə sığortaçı sığorta ödənişi verməli olur və son nəticədə sığortaçının əsaslı mənafeləri pozulmuş olur. Göründüyü kimi, qanunverici sığortaçının əsaslı mənafeyinin müdafiəsini təmin etmək üçün belə bir normanı qanuna daxil etmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, həmin Qanunun 13.4-cü maddəsinə “qanuni əsaslar” ifadəsi yalnız etibarnaməni və ya digər yazılı sənədi deyil, avtomobilin istismar edilməsi üçün mülkiyyətçinin şifahi razılığını da nəzərdə tutur. İradənin yazılı və ya şifahi formada ifadə edilməsindən asılı olmayaraq avtomobilin istismarı mülkiyyətçinin iradəsinə uyğun olması kifayətdir ki, qanuni əsas mövcud olsun. Nəzərə almaq lazımdır ki, avtomobili idarə etmək hüququ olmayan şəxs tərəfindən idarə edilməsinə görə məsuliyyəti inzibati xətalar qanunvericiliyi müəyyən etmişdir (İXMnin 332-ci maddəsi). Bu məsuliyyəti müəyyən etməkdə inzibati xətalar qanunvericiliyinin iki məqsədi vardır: birincisi, avtomobil mülkiyyətçilərinin mənafeyi müdafiə olunsun və başqa şəxslər mülkiyyətçinin iradəsi olmadan avtomobilə sahiblənə bilməsinlər; ikincisi, yol hərəkəti sahəsində hüquqpozmalara qarşı mübarizə imkanları gücləndirilsin, yəni qayda pozuntusu zamanı avtomobili idarə edən şəxsin (sürücünün) şəxsiyyətinin müəyyən edilməsi və məsuliyyətə cəlb olunması mümkün olsun. Göründüyü kimi, bu normanın sığortaçıların mənafeyinin qorunması ilə bağlı məqsədi yoxdur və ola da bilməz. Belə ki, əvvəla, sığorta münasibəti inzibati xətalarla bağlı münasibət deyil, mülki münasibətdir və mülki hüquqa aid qanunlarla tənzimlənir. Mülki hüququn tələbi isə ondan ibarətdir ki, əşyanın başqasının sahibliyinə verilməsi üçün istifadə müqaviləsi bağlanmalıdır. Mülki hüquqa görə avtomobil əşyadır və onun idarə edilməsi əşyadan istifadə edilməsi kimi qəbul edilmir. Əgər avtomobilin başqa şəxs tərəfindən idarə edilməsi mülkiyyətçinin razılığına əsasən həyata keçirilirsə, bu o deməkdir ki, mülkiyyətçi ilə həmin şəxsin arasında istifadə müqaviləsi mövcuddur. Eyni zamanda, mülki hüquq inzibati hüququn müəyyən etdiyi avtomobilin idarə edilməsinə dair etibarnaməni tanımır. Belə ki, mülki hüquqda etibarnamə təmsilçilik münasibətlərinin yaranması üçün əsasdır (Mülki Məcəllənin 362-ci maddəsi). Avtomobilin idarə edilməsi isə mülki hüquqda əşyadan istifadə etmək kimi qəbul olunur. Mülki hüquqda “əşyadan istifadə etmək” deyəndə əşyanın faydalı təbii xassələrinin hasil edilməsi başa düşülür, avtomobilin təbii xassəsini nəqletməkdir ki, çünki o, nəqliyyat vasitəsidir. Ona görə də şəxs avtomobildən istifadə edərkən onun nəqletmə imkanlarından yararlanır, nəqletmə zamanı təmsilçiliyin yaranması (avtomobil mülkiyyətçisinin üçüncü şəxs qarşısında təmsil edilməsi) mümkün deyil. Təmsilçilik avtomobil üzərində sərəncam verilməsi və üçüncü şəxslərlə əlaqədar digər bu kimi hərəkətlərin həyata keçirilməsi zamanı mümkündür. Bundan başqa, yol hərəkəti münasibətlərində avtomobilin idarə edilməsi ilə bağlı təmsilçilik münasibətinin yaranması mümkün deyil. Çünki, avtomobili idarə edən şəxs yol hərəkəti iştirakçısına çevirilir və bu münasibətdə başqa şəxsin nümayəndəsi kimi deyil, “sürücü” kimi iştirak edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 33-cü bəndində yol hərəkəti iştirakçılarının anlayışı verilib və orada “sürücü”nün nümayəndəsi institutu nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində göstərilən “hüququ olmayan şəxs”lərə yalnız sürücülük hüququ olmayan şəxslər və nəqliyyat vasitəsini mülkiyyətçinin razılığı olmadan və onun iradəsinə zidd olaraq idarə edən şəxslər aiddir. Hazırki işdə isə yol nəqliyyat hadisəsini törətməkdə təqsirli olan Cavabdeh “Kia Optima” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etsə də onun sürücülük hüququ olmuşdur və belə halda iddiaçının sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1500 manat sığorta ödənişi məbləğini tələb etmək üçün cavabdehə qarşı subroqasiya hüququ yaranmamışdır. Şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunmadığından, iddiaçı tərəfindən ödənilmiş 35 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar