Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3844/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh1 nümayəndəsi Nümayəndə3 və digər Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, 24 iyun 2019-cu il tariхli, FR/93156/69/29 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 1220,3 manat əsas, 1,23 manat faiz borcu olmaqla, cəmi 1221,53 manat borcun və 33 manat dövlət rüsumunun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Məmmədov Mürsəl Nəcəf oğlu (borcalan) arasında xx.xx.2019-cu il tarixli, FR/93156/69/29 nömrəli güzəştli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və YGN-FR9315629A69C-1 nömrəli ödəniş tapşırığına əsasən Bank “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restruktrizasiya olunan əsas kredit borcunun 3872,53 manat qalıq məbləğinin, 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə qaytarılmasını borcalanla razılaşdırmış, borcalan krediti müəyyən olunmuş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. X1 Nəcəf oğlu 20 aprel 2023-cü il tarixdə ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, borcalan ilə iddiaçı arasında bağlanmış xx.xx.2019cu il tarixli, FR/93156/69/29 nömrəli kredit müqaviləsinə əsasən 3872,53 ona məbləğində kredit verilmişdir. Hazırda mərhum borcalanın 1221,53 manat Banka borcu vardır. Borcalan xx.xx.2023cü il tarixdə vəfat etmişdir. 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisinin verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borcalanın vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Həmçinin əlavə etdi ki, bankla X1 Nəcəf oğlu arasında xx.xx.2019-cu il tarixdə kredit müqaviləsi bağlanmışdır. Borcalan xx.xx.2023-cü il tarixdə ölmüşdür. Cavabdehlər borcalanın övladları olmaqla, həm də vərəsələridir. Bunu təsdiq edən vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnamələri iş materiallarına əlavə edilmişdir. Bundan başqa, müqavilənin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Nümayəndə3 məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, 24 iyun 2019-cu il tariхli, FR/93156/69/29 nömrəli müqavilə cənab Prezidentin fərmanının problemli kreditlərin tətbiq dairəsi zamanı bağlanan müqavilədir, hesab edir ki, iddiaçı bank iddia müddətini ötürüb, odur ki, iddia müddətinin tətbiq edilərək iddianın təmin edilməməsini xahiş edir. Bundan başqa bank ilə bağlanmış kredit müqaviləsinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin fərmanının tətbiq dairəsinə düşməsinin aydınlaşdırılması üçün Mərkəzi Banka sorğu verilməsini xahiş edir. Həmçinin izahatında bildirdi ki, borcalanla bank arasında sözügedən müqavilə bağlanmış, borcalan ölən günədək ödənişlər etmişdir. Odur ki, borcun bağışlanılmasını, yaxud da hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 iddia tələbini qəbul etdiyini bildirərək borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsini, Cavabdeh1 nümayəndəsi Nümayəndə3 və digər Cavabdeh2 dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə borcalan arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Bankla borcalan arasında bağlanmış müqavilənin 5.1.1-ci bəndinə əsasən kredit alan aylıq ödənişlərini ödəniş cədvəlinə (əlavə №1) uyğun olaraq vaxtında və lazımınca icra etməkdikdə və ya kredit alan bu müqavilə ilə müəyyənləşdirilən vəzifələrindən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə bank kreditin qalıq məbləğinin və digər xərclərinin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 24 iyun 2019cu il tariхli, FR/93156/69/29 nömrəli kredit müqaviləsi üzrə 1220,3 manat əsas, 1,23 manat faiz borcu olmaqla, cəmi 1221,53 manat kredit borcu mövcuddur. İş materiallarında olan, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-1090 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilən və reyestrdə 27 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş Məmmədov Mürsəl Nəcəf oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri Cavabdeh1 və Cavabdeh2dır, onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. şəhadətnamə verilən miras əmlak Gəncə RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AD685545 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 0508817, mühərrikin nömrəsi ******* və buraxılış ili 1990-cı il olan VAZ 21063 minik markalı, 20CB579 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan, 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən təsdiqlənmiş 2V-1091 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən edilir ki, Gəncə şəhər 5 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə təsdiq edilən və reyestrdə 27 nömrəsi ilə qeyd olunan vəsiyyətnaməyə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş Məmmədov Mürsəl Nəcəf oğlunun vəsiyyətnamədə göstərilən əmlakının vərəsələri Cavabdeh1 və Cavabdeh2dır, onların hər biri miras əmlakdan bərabər hissədə irs almalıdır. şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən mülkiyyətdə olan 0,026 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 155 kv.m olan 4 otaqlı fərdi yaşayış evindən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hüquq münasibətinn yarandığı vaxt qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik tam icra edilməmişdir. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq, məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (müvafiq olaraq miras qoyanın oğlu və qızı), mərhum Məmmədov Mürsəl Nəcəf oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, hazırda iddiaçının tələb etdiyi məbləğin həmin əmlakın dəyərindən yüksək olması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Məmmədov Mürsəl Nəcəf oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş vərəsələri – oğlu Cavabdeh1 və qızı Cavabdeh2 tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka müqavilə üzrə əsas və faiz borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, cavabdehlər məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən cavabdehlər banka sözügedən məbləğdə borcun olduğunu təsdiq etmişlər. Məhkəmə Cavabdeh1 nümayəndəsi Nümayəndə3 iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan sübutlar əsasında müəyyən edilir ki, iddiaçı iddia ərizəsi ilə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmişdir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır, bu isə o deməkdir ki, Bank ilə borcalan arasında xx.xx.2019-cu il tarixdə 5 il müddətinə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2024-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır. Bu qənaət Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında ifadə olunmuş hüquqi mövqeyə də uyğundur. Məhkəmə qeyd edir ki, sözügedən müqavilənin təşkil etdiyi tələblər üzrə üç illik iddia müddətinin axımı xx.xx.2024-cü il tarixdə başlamış, iddiaçı isə xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia əsaslı olduğundan iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 33 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 24 iyun 2019-cu il tariхli, FR/93156/69/29 nömrəli krеdit müqaviləsi üzrə yaranmış 1220,30 (bir min iki yüz iyirmi manat otuz qəpik) manat əsas və 1,23 (bir manat iyirmi üç qəpik) manat faiz borcu olmaqla, cəmi 1221,53 (bir min iki yüz iyirmi bir manat əlli üç qəpik) manat məbləğində pul və ödənilmiş 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3844/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3844/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver