Məhkəmə qərarları › İş №e-2(125)-3878/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3878/2025

04.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3878/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Musayev Ələddin Anar oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, Cavabdeh2 iştirakı ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" ASC Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.167 manat 72 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 37 manat 68 qəpik, cərimə qismində 3 manat 87 qəpik, xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə limit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 245 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 7 manat 60 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 55 manat 02 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə3 iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ilə İsmayılova Sarancan Nağı qızı arasında xx.xx.2020-ci il tarixli BPM**********20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayılova Sarancan Nağı qızına 48 ay müddətinə illik 22 faiz olmaqla 3.210 manat məbləğində verilmişdir. Həmçinin, "xxxx" ASC ilə İsmayılova Sarancan Nağı qızı arasında xx.xx.2020-ci il tarixli BPM**********20 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən İsmayılova Sarancan Nağı qızına illik 24 faiz olmaqla 36 ay müddətinə 500 manat məbləğində kredit limiti təyin edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqavilələri ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilələr ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. İsmayılova Sarancan Nağı qızı xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. 2 saylı Gəncə Regional «ASAN xidmət» mərkəzində Notariat Ofisinin xx.xx.2024-cü il tarixli, 1572 nömrəli məktubuna əsasən İsmayılova Sarancan Nağı qızından qalmış mirası əri Cavabdeh2, övladları Cavabdeh1 və Cavabdeh3 qəbul etmişdir. İsmayılova Sarancan Nağı qızının xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.167 manat 72 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 37 manat 68 qəpik, cərimə qismində 3 manat 87 qəpik, xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə limit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 245 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 7 manat 60 qəpik məbləğində borcu qalmışdır. Cavabdehlər mərhum İsmayılova Sarancan Nağı qızından qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı cavabdehə müraciət etsə də cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Sonda Nümayəndə3 iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, mərhum arvadı İsmayılova Sarancan Nağı qızının kredit müqaviləsi bağlamasından və hazırki tələb üzrə öhdəliklərindən xəbərdar olmamışdır. Bundan başqa, onun arvadı ürək xəstəsi olmasına baxmayaraq onunla öhdəliklərin sığortalanmasına dair hər hansı müqavilə bağlanmamışdır. Onun hazırki tələb üzrə borclarını ödəməyə maddi imkanı yoxdur. Belə ki, himayısində biri yetkinlik yaşına çatmayan olmaqla iki uşaq vardır. Sonda Cavabdeh2 iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini və Cavabdeh2 dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC İsmayılova Sarancan Nağı qızına 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 3.210 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İsmayılova Sarancan Nağı qızının xx.xx.2020-ci il tarixli “bank kartına kredit limitinin təyin olunmasına dair” razılaşmanın surətindən görünür ki, İsmayılova Sarancan Nağı qızı xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsinin şərtlərini qəbul etmişdir. İşdə olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tam kart çərçivə müqaviləsi üzrə maliyyə arayışından görünür ki, İsmayılova Sarancan Nağı qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart çərçivə müqaviləsinə əsasən İsmayılova Sarancan Nağı qızının "xxxx" ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 3.167 manat 72 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 37 manat 68 qəpik, cərimə qismində 3 manat 87 qəpik təşkil edir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2020-ci il tam kart çərçivə limit müqaviləsi üzrə maliyyə arayışından görünür ki, İsmayılova Sarancan Nağı qızı ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2020-ci il tarixli tam kart limit çərçivə müqaviləsinə əsasən İsmayılova Sarancan Nağı qızının "xxxx" ASC-yə borcu ödənilməmiş əsas borcun əvəzi qismində 245 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 7 manat 60 qəpik məbləğində təşkil edir. İşdə olan xx.xx.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, X1 xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-dən 3.177 manat 90 qəpik məbləğində pul vəsaitini qəbul etmişdir. İş materiallarında olan AZ-İİ seriyalı, 140405 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İsmayılova Sarancan Nağı qızı xx.xx.2020-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. İş materiallarında olan 2 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisinin verdiyi xx.xx.2024-cü il tarixli, 1572 nömrəli məktubun surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü xx.xx.2020-ci il tarixdə vəfat etmiş İsmayılova Sarancan Nağı qızının adına 2 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Miras əmlaka dair vərəsələrdən əri Cavabdeh2, qızı Cavabdeh1 və qızı Cavabdeh3 vərəsəliyi qəbul etmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almışdırlar. İşdə olan 2 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, 2V-88 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə vəfat etmiş İsmayılova Sarancan Nağı qızının vərəsələri əri Cavabdeh2, qızı Cavabdeh1 və qızı Cavabdeh3 miras əmlakdan bərabər hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və fərdi yaşayış evindən ibarətdir. İş materiallarında olan 2 saylı Gəncə regional «Asan xidmət» mərkəzində Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1172 nömrəli məktubdan görünür ki, vərəsələrdən İsmayılova Sarancan Nağı qızından miras qalmış əmlakın siyahasının tərtib olunmasına dair müraciət edən olmamışdır və notarius tərəfindən İsmayılova Sarancan Nağı qızının miras əmlakın siyahısı tərtib olunmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli bildirişin surətindən görünür ki, "xxxx" ASC tərəfindən borcu könüllü ödəməsi barədə Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 xəbərdarlıq edilmişdir. Beləliklə, işdə olan sübutlarla İsmayılova Sarancan Nağı qızının xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi və tam kart limit çərçivə müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.167 manat 72 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 37 manat 68 qəpik, cərimə qismində 3 manat 87 qəpik, xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart limit çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 245 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 7 manat 60 qəpik borcunun yarandığı, İsmayılova Sarancan Nağı qızının ölümündən sonra həmin şəxsə məxsus miras əmlakın qəbul edilməsinə dair 2 saylı Gəncə regional «ASAN xidmət» mərkəzinin notariat ofisində vərəsəlik işi açıldığı və mərhumdan qalan miras əmlakın cavabdehlər tərəfindən qəbul edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır; Həmin Məcəllənin 1255-ci maddəsinə görə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; Həmin Məcəllənin 1151.1-ci maddəsinə görə mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir; Həmin Məcəllənin 1306.1-ci maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; Həmin Məcəllənin 1307-ci maddəsinə görə mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditoru qarşısında məsuliyyət daşımalıdırlar. Vərəsələr əsas öhdəliyi icra etməkdən yayındıqları və ya lazımınca icra etmədikləri təqdirdə, eləcə də miras əmlakın həcmi vərəsələrə əsas öhdəliyi icra etməyə və ya lazımınca icra etməyə imkan vermədikdə, pozulmuş mənafeyinin təmin edilməsi üçün kreditorun zaminə qarşı tələb irəli sürmək hüququ yaranır. Mülki Məcəllənin qeyd olunan normalarından da göründüyü kimi miras aktivini qəbul etmiş vərəsələr mirasqoyanın öhdəlikləri üçün qəbul etdiyi miras payı həcmində birgə borclu kimi məsuliyyət daşıyır. Eyni zamanda mirasqoyanın borclarının miras aktivindən çox olmasını sübuta yetirmək yükü də vərəsələrin üzərinə düşür. Göstərilən qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd edir ki, mərhum kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 vərəsə kimi ondan miras qalmış əmlakı rəsmi qaydada qəbul etmişdir. Lakin cavabdehlər mirasqoyanın öhdəliyini icra etməmişdir. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.167 manat 72 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 37 manat 68 qəpik, cərimə qismində 3 manat 87 qəpik, xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə limit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 245 manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 7 manat 60 qəpik pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 55 manat 02 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 3.167 (üç min bir yüz altmış yeddi) manat 72 (yetmiş iki) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 37 (otuz yeddi) manat 68 (altmış səkkiz) qəpik, cərimə qismində 3 (üç) manat 87 (səksən yeddi) qəpik, xx.xx.2020-ci il tarixli, BPM**********20 nömrəli tam kart çərçivə limit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 245 (iki yüz qırx beş) manat, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 7 (yeddi) manat 60 (altmış) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 55 (əlli beş) manat 02 (iki) qəpik, cəmi 3.516 (üç min beş yüz on altı) manat 89 (səksən doqquz) qəpik məbləğində pul vəsaiti tutulsun. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar