Məhkəmə qərarları › İş №e-2(125)-3929/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3929/2023

05.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3929/2023 05.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 895,88 manat əsas, 34,15 manat faiz borcu olmaqla, cəmi 930,03 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5078215A127 saylı kredit müqaviləsinə əsasən sonuncuya kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2022-ci il tarixli Z-RGTK5078215A127 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zamilik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, maliyyə arayışı və kassa məxaric qəbzidir. Cavabdehlərin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 895,88 manat əsas, 34,15 manat faiz borcu olmaqla, cəmi 930,03 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Buna görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5078215A127 saylı kredit müqaviləsi və kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 20 faiz dərəcəsi ilə (faktiki illik faiz dərəcəsi 20,75) 990,88 manat kredit verilmişdir. Müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş qrafiki üzrə ödənişlər gecikdirildikdə gecikən əsas borca gündəlik 0,6 faiz dəbbə pulu hesablanır. Müqavilənin 3.1.4.1-ci bəndinə əsasən borcalan tərəfindən əsas borc və ya onun bir hissəsinin ödəniş qrafiki üzrə ödənilməsi müddətləri pozulduqda kreditor bu müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Müqavilənin əlavəsi olan ödəniş qrafikində borcalanın xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək hər ay 36,82 manat, sonuncu ay isə 37,62 manat olmaqla, əsas borcun bir hissəsini və borca görə hesablanmış aylıq faiz məbləğini qaytarması razılaşdırılmışdır. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Z-RGTK5078215A127 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5078215A127 saylı kredit müqaviləsi üzrə öhdəliyinin tam həcmdə icra edilməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 895,88 manat əsas, 34,15 manat faiz borcu olmaqla, cəmi 930,03 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarına əsasən, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı kredit müqaviləsi üzrə öz öhdəliklərini lazımi qaydada icra etsə də Cavabdeh1 öhdəliklərini vaxtında icra etməmiş və öhdəliyi pozmuşdur. Öhdəliyin icra edilməsini və ya lazımınca icra edilməsini sübut etmə yükü borclunun üzərinə düşür. Borclu öhdəliyi icra etməsinə dair hər hansı sübut təqdim etməmişdir. Odur ki, müqavilə şərtlərinə uyğun olaraq iddiaçı cavabdehlərdən müqavilə üzrə müəyyən edilmiş əsas və faiz borcunun ödənilməsini (vaxtından əvvəl qaytarılmasını) tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borclu Cavabdeh1 və eyni tarixli zaminlik müqaviləsinə əsasən kredit müqaviləsi üzrə öhdəliyin icra edilməsi üçün borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüş zamin Cavabdeh2 müştərək qaydada 895,88 manat əsas borc və 34,15 manat faiz borcu alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-6.1 və 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli RGTK5078215A127 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 895,88 manat əsas borc və 34,15 manat faiz borcu olmaqla, cəmi 930,03 manat (doqquz yüz otuz manat üç qəpik) pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar