Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3935/2025 05.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, 800804-665987/4 nömrəli, xx.xx.2025-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh iddiaçının xeyrinə əsas borc üzrə 15200 manat, faiz borcu üzrə 1211,75 manat olmaqla, cəmi 16411,75 manat pul vəsaitinin və dövlət rüsumuna görə 139,23 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2025-ci il tarixli, 800804-665987/4 nömrəli istehlak kredit müqaviləsinə, kassa məxaric orderinə və hesabdan çıxarışa əsasən Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 18,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 15200 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2029-ci il tarixi də daxil olmaqla hər ay 450,48 manat, sonuncu ay isə 450,59 manat ödəməlidir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, cavabdeh əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 10 iyun 2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15200 manat məbləğində əsas bоrc və 1211,75 manat faiz borcu оlmaqla, 16411,75 manat məbləğində kredit bоrcu yaranmışdır. Krеdit müqaviləsinin şərtlərinə əsasən cavabdeh müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, cavabdeh krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun məzmununa uyğun izahat verməklə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, qeyd olunan məbləğdə pul vəsaitini kredit götürmüşdür. Götürdüyü pul vəsaitinin hamısını xəstəliyinin müalicəsi ilə əlaqədar xərcləmişdir. Hazırda yenidən əməliyyat olunmalıdır. Ona köməklik olunması üçün dəfələrlə banka müraciət etsə də, aralarında razılıq əldə olunmamışdır. Odur ki, xəstə olması nəzərə alınmaqla borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən müqavilə və ödəniş cədvəli barədə müqaviləyə 1 saylı əlavə imzalanmışdır. Tərəflər arasında müqavilənin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Həmin müqaviləyə, kassa məxaric orderinə və hesabdan çıxarışlara görə Bank borcalana şəxsi istehlak məqsədi ilə 48 ay müddətinə illik 18,5 faiz dərəcəsi ilə ödəmək şərtilə 15200 manat məbləğində kredit vermiş, borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etmək və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 1.1-ci bəndinə görə bu müqaviləyə uyğun olaraq Bank müqavilənin 2-ci bəndinə müəyyən edilmiş şərtlərlə borcalana kredit verməyi, borcalan isə həmin kreditin qəbul edilməsini və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtləri” və bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada kreditin əsas məbləğini banka qaytarmağı, kreditə hesablanmış faizləri, kreditin rəsmiləşdirilməsi və xidmət olunmasına görə haqları, kreditin qaytarılmasını gecikdirdiyi üçün faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.8-ci bəndinə görə kreditin borcalan tərəfindən qaytarılması və kredit üzrə faizlərin ödənilməsi bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Müqavilənin 2.10-cu bəndinə görə bu müqavilədə və müqavilənin əlavəsi olan ödəniş cədvəli ilə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, borcalana gecikdirilmə faizləri hesablanır və borcalan tərəfindən tam həcmdə ödənilir. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə əks olunmamış tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, fors-major halları, mübahisələrin həlli qaydası və bu müqavilədən irəli gələn digər münasibətlər Ümumi Şərtlərlə tənzimlənir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.1-ci bəndinə görə ümumi şərtlər və müqavilə ilə nəzərdə tutulan hallarda və qaydada kredit üzrə əsas borcun, o cümlədən kreditin vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı Banka ödənilməli olan faiz borclarını, ödənişlərin gecikdirilməsinə görə faizləri (gecikdirilmə faizləri), həmçinin dəbbə pulunu (cərimə, penyanı) dərhal qaytarılmasını tələb etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.1.16-cı bəndinə görə borcalan bu Ümumi Şərtlər və Müqavilə üzrə öhdəliklərini, habelə Bank qarşısında olan digər öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditin qalıq məbləğinin, hesablanmış faizlərin, cərimə, xidmət haqlarının və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb etmək, habelə kartın mülkiyyətçisi kimi müvafiq tədbirlər görmək (kartın bloklaşdırılması, kredit xətti limitinin sıfırlanması və s.) və bank praktikası ilə müəyyən olunmuş digər sanksiyalar tətbiq etmək Bankın hüququdur. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Kredit və qeyri-kredit xidmətlərinin göstərilməsinin Ümumi Şərtlərinin 2.2.6.1-ci və 2.2.6.1.2-ci bəndlərinə görə Bank borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla) halında Ümumi Şərtlər və Müqavilə üzrə kredit öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2025-ci il tarixə xx.xx.2025-ci il tarixli, 800804-665987/4 nömrəli kredit müqaviləsi üzrə Banka 15200 manat əsas, 1211,75 manat faiz borcu olmaqla, cəmi 16411,75 manat kredit borcu mövcuddur. xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Bank tərəfindən cavabdehə sözügedən kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun xəbərdarlığı aldığı günün növbəti iş günündən başlayaraq 7 gün müddətindən gec olmayaraq ödənilməsi tələb olunmuş, 16364,62 manat (15200 manat əsas və 1164,62 manat faiz) məbləğində borcu xx.xx.2025-ci il tarixinədək ödəmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.5. Qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 746.1. İstehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. 746.3. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə istehlak krediti müqaviləsinə bu Məcəllənin borc müqaviləsi və kredit müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 746.5.2. İstehlak krediti müqaviləsində ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) nəzərdə tutulduqda, həmin faizlərin məbləği istehlak krediti müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə beş faiz bəndi əlavə edilməklə hesablanan məbləğdən çox ola bilməz. Bu halda əlavə dəbbə pulu (cərimə, penya), komissiya və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz. Gecikdirilmə faizlərinin hesablanması 180 gündən çox davam edə bilməz. Əgər borcverənə dəyən zərər gecikdirilmə faizlərinin məbləğindən çoxdursa, borcverən istehlakçıdan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq istehlak krediti müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Qanuna və müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli məktub göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etməklə kredit müqaviləsini xx.xx.2025-ci il tarixdə birtərəfli qaydada ləğv etmişdir. Həmin tarixə cavabdehin Banka borcu - ödənilməmiş əsas borc qismində 15200 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1164,62 manat təşkil etmişdir. Mülki Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bank borcalanla xx.xx.2025-ci il tarixdə bağlanmış 800804-665987/4 nömrəli kredit müqaviləsindən xx.xx.2025-ci il tarixdə imtina etməklə ona xitam vermişdir. Həmin tarixə borcalanın Banka borcu ödənilməmiş əsas borc qismində 15200 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1164,62 manat təşkil etmişdir. Buna görə də borcalanın Banka faiz borcunun hesablanması məhkəməyə iddia ərizəsi ilə müraciət edildiyi tarixədək deyil, tərəflər arasındakı müqaviləyə xitam verildiyi tarixədək hesablanmalıdır. Bununla yanaşı nəzərə alınmalıdır ki, Bankın borcalana qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7ci maddəsinə uyğun olaraq, tərəflər arasındakı müqavilənin ləğv edildiyi xx.xx.2025-ci il tarixdən sonra gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsi tələbi mövcud deyildir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi ödənilməmiş əsas borcun əvəzi qismində 15200 manat, xx.xx.2025-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 1164,62 manat məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, hazırki iş üzrə məhkəmə iclaslarında iştirak edən borcalan məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Əksinə, məhkəmə iclasında iştirak edən borcalan bankdan sözügedən pul vəsaitini götürdüyünü, yuxarıda qeyd edilən məbləğdə borcunun olmasını etiraf etmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, iddia ərizəsi verilənədək deyil, xx.xx.2025-ci il tarixli kredit müqaviləsi birtərəfli qaydada ləğv edildiyi vaxtadək, yəni xx.xx.2025-ci il tarixinədək hesablanmış borc əsas götürülməli və cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 15200 manat, faizlər üzrə 1164,62 manat olmaqla, cəmi 16364,62 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 139,1 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 800804-665987/4 nömrəli, xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 15200 manat əsas borc, 1164,62 manat faiz borcu olmaqla, cəmi 16364,62 (on altı min üç yüz altmış dörd manat altmış iki qəpik) manat, ödənilmiş dövlət rüsumunun əvəzi kimi 139,10 (bir yüz otuz doqquz manat on qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-3935/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3935/2025
05.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver