Məhkəmə qərarları › İş №e-2(125)-3939/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3939/2023

04.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3939/2023 04.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 manat, pul məbləğinin ödənilməsinin gecikdirilməsi faizi qismində 847 manat 50 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 manat 54 qəpik, cəmi 76.154 manat 04 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, Sumqayıt şəhər 4 saylı notariat kontorunda bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh 12 noyabr 2021-ci il tarixdə İddiaçı 75.000 manat məbləğdə pul borc almışdır. Həmin müqaviləyə əsasən cavabdeh kreditini 12 noyabr 2022-ci il tarixədək 37.500 manat, qalan 37.500 manat pulu isə 12 noyabr 2022-ci il tarixdən 12 noyabr 2023-cü il tarixədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Borcun ödənilməsi ilə bağlı dəfələrlə xəbərdalıq edilməsinə baxmayaraq, cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilməmiş, müqavilə ilə müəyyən olunmuş müddətlər daxilində kredit geri qaytarılmamışdır. Hazırda cavabdeh tərəfindən 12 noyabr 2022-ci il tarixinədək 37.500 manat iddiaçıya qaytarmalı olduğu halda qaytarılmamışdır. Buna görə də Sumqayıt şəhər 4 saylı notariat kontorunda cavabdehlə iddiaçı arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən qaytarılmalıdır. Göstərilənlərə əsasən Kərimov X1 Ramil Ramiz oğlunun ünvanına məktub göndərərək, ünvan 1abr 2021-ci il tarixli kredir müqaviləsinin ləğv edilməsinə münasibət bildirməyi və həmin müqavilə üzrə borc aldığı 75.000 manat məbləğində pul vəsaitinin ona qaytarılmasını xahiş etmişdir. Məktubun göndərilməsindən 30 gündən artıq müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçıya cavab verilməmişdir. Buna görə də İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa, cavabdeh öz öhdəliklərini icra etməmiş və nəticədə gecikdirilmiş 165 günə görə 847 manat 50 qəpik məbləğində faiz borcu yaranmışdır. Sonda Nümayəndə iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmədə iddianı müdafiə edərək, göstərdi ki, onunla İddiaçı arasında 12 noyabr 2021-ci il tarixdə bağlanmış kredit müqaviləsi formal xarakterli olmuş, əsl həqiqətdə o, İddiaçı hər hansı məbləğdə borc almamışdır. Buna görə də iddia tələbi əsassızdır. Sonda Cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçınının nümayəndəsini və cavabdehi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, notariat qaydasında təsdiq olunmuş 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, Kərimov X1 Ramil Ramiz oğluna 75.000 manat məbləğində pulu tam olaraq notariat ofisinin depozit hesabına qoyaraq, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin «Sumqayıt 8 saylı» şöbəsi vasitəsi ilə borc vermişdir. Cavabdeh 12 noyabr 2022-ci il tarixədək həmin borcun 37.500 manat, digər 37.500 manat məbləğində hissəsini isə 12 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış və notariat qaydasında təsdiq olunmuş 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 75.000 manat məbləğində pul vəsaitini borc vermiş, Cavabdeh 12 noyabr 2022-ci il tarixədək həmin borcun 37.500 manat, digər 37.500 manat məbləğində hissəsini isə 12 noyabr 2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh hazırki tarixədək həmin kredit müqavilə üzrə heç bir ödəniş etməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 421.2-ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 477-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.3-cü maddəsinə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki, ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verə nə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 743-cü maddəsinə görə əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlarla əsaslandırmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Mülki işin məhkəmə tədqiqi zamanı İddiaçı öz iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh ilə aralarında borc müqaviləsinin bağlanmasını və 75.000 manat məbləğində pul vəsaitini Cavabdeh borc verməsini xx.xx.2021-ci il tarixdə notariat qaydasında təsdiq olunmuş kredit müqaviləsini təqdim etməklə sübuta yetirsə də, cavabdeh iddia tələbinin əsassızlığına, eləcə də həmin məbləğdə pul vəsaitinin borc alınmamasına, yaxud borc alınsa da qaytarılmasına, eləcə də həmin müqavilənin etibarsızlığına dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, həmin kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsinin 3-cü bəndində kreditin faizsiz verilməsi göstərilsə də, Nümayəndə Cavabdeh ödənilməmiş əsas borca hesablanmış faiz borcu qismində 847 manat 50 qəpik məbləğində pul vəsaitinin tutulmasını tələb etmiş, lakin iddia tələbində həmin faiz borcunun hansı əsasla hesablandığı göstərilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tam təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 manat 54 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. İddiaçı və Cavabdeh arasında bağlanmış 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12 noyabr 2021-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 75.000 (yetmiş beş min) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 317 (üç yüz on yeddi) manat 54 (əlli dörd) qəpik, cəmi 75.317 manat (yetmiş beş üç yüz on yeddi) manat 54 (əlli dörd) qəpik məbləğində pul vəsaiti X2 xeyrinə tutulsun. İddiaçı iddiası qalan təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar