Məhkəmə qərarları › İş №e-2(125)-3940/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-3940/2025

12.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-3940/2025 12.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddiaçının avtomobilinə cavabdehdən tərəfindən vurulmuş zərərin əvəzi qismində 4.000 manat, ekspert rəyinin alınması üçün çəkilmiş xərcin əvəzi qismində 80 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 61 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair sadələşmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsinin qəbul olunmasından imtina edilməlidir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1998-ci il istehsalı, ** CD *** dövlət qeydiyyat nömrə nişanlı «Chrysler» markalı «300» model minik avtomobil iddiaçının mülkiyyətindədir. Belə ki, İddiaçı xx.xx.2023 tarixində idarə etmək üçün Cavabdeh «nəqliyyat vasitəsini idarə etməyə» dair etibarnamə vermişdir. Belə ki, sözügedən avtomobil cavabdeh tərəfindən yararsız vəziyyətə salınmışdır. Ekspert rəyi nəticəsində avtomobilə cavabdeh tərəfindən vurulmuş maddi zərər 4.000 manat məbləğində qiymətləndirilmişdir. Göründüyü kimi iddiaçı iddia tələbinin əsası qismində cavabdeh tərəfindən onun mülkiyyətində olan avtomobilə vurulan zərərin əvəzi qismində 4.000 manat məbləğində pul vəsaitinin xeyrinə tutulmasını xahiş etsə də, həmin avtomobilə birbaşa Cavabdeh tərəfindən ziyan vurulmasını təsdiq edən sübutları iddia ərizəsinə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəlllənin 284-4.2-ci maddəsinə görə bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğun gündən 5 iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə görə ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Həmin Məcəllənin 114.1.2-ci maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən ödənilmiş 61 manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. Ödənilmiş 61 (altmış bir) manat məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2025, qəbz nömrəsi: **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar