Məhkəmə qərarları › İş №e-2(125)-3966/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3966/2025

07.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3966/2025 07.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3511,02 manat əsas, 126,86 manat faiz, 2411,31 manat cərimə olmaqla, cəmi 6049,19 manat borcun, həmçinin ödənilmiş 82 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, İddiaçı BOKT ASC (iddiaçı) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında 0015/013 nömrəli, xx.xx.2019-cu il tarixli kredit (restrukturizasiya) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci bəndinə əsasən iddiaçı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq cavabdehin vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 4998,25 manat qalıq məbləğinin, 5 il müddətinə, 1 il güzəşt müddəti olmaqla, illik 1 faiz ödəmək şərti ilə qaytarılmasını cavabdehlə razılaşdırmış, cavabdeh isə verilmiş krediti və bu müqavilə üzrə ona hesablanan faizləri bu müqavilənin tərkib hissəsi olan ödəniş cədvəli üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Ödəniş cədvəlinə görə cavabdeh xx.xx.2024-cü il tarixinədək ilk 12 ay hər ay 4,17 manat olmaqla, sonrakı aylar 106,27 manat (sonuncu ay 106,28 manat) ödəniş etməli idi. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya 3511,02 manat əsas borc, 126,86 manat faiz borcu və 2411,31 manat cərimə borcu vardır. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən tərəflər arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restrukrizasiya edilmiş və cavabdehlə hazırki müqavilə bağlanmışdır. Buna baxmayaraq cavabdeh bu müqavilə üzrə də borc öhdəliyini icra etməkdən qəsdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq borcu ödəməkdən yayınır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada bildirişlər göndərilərək xəbərdar edilmişdir. Məhkəmə həmçinin cavabdehin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1.1-ci və 2.1.2-ci bəndlərinə əsasən kreditor bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə ciddi əməl olunmasını borcludan tələb etmək və bu müqavilə üzrə aylıq kredit ödənişləri borclu ilə razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditor bağlanacaq təminat müqaviləsinin şərtlərinə əsasən öhdəliklərin icrasını, təminat predmetinə tutma yönəldilməsi yolu ilə və ya müştərinin digər əmlakları hesabına təminat qismində zaminlik, girov və s. çıxış etdikdə isə habelə öhdəliyin icrasını zamindən, girov qoyandan və s. şəxslərdən tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.2.1-ci bəndinə görə kreditor borclu tərəfindən öhdəliklərin icra edilməməsinin nəticəsində dəymiş zərərin əvəzini tələb etmək hüququna malikdir. Müqavilənin 3.2.1-ci və 3.2.2-ci bəndlərinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu BOKT-a ödəmək və öhdəliklərinin yerinə yetirilməməsi səbəbindən yarana biləcək məhkəmə xərclərini ödəmək borclunun vəzifələridir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq ödənişlər ödənilərkən əvvəl cərimə (olduqda), sonra faizlər, sonra isə kreditin əsas məbləği üzrə borcdan silinir. Müqavilənin 5.2-ci bəndinə görə bu müqavilə ilə müəyyənləşdirilən öhdəliyin icra edilməməsi və lazımınca icra edilməməsi hallarında bu müqavilə üzrə restrukturizasiya edilən kredit borcunu gecikdirilmiş əsas məbləği üzrə 5 il müddətinə, 0,1 faizindən çox olmamaqla dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyi borclu öhdəsinə götürmüşdür. İş materiallarında olan, xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 0015/013 nömrəli kredit müqaviləsi üzrə 3511,02 manat əsas, 126,86 manat faiz və 2411,31 manat cərimə olmaqla, cəmi 6049,19 manat borcu yaranmışdır. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına 0410/PB nömrəli bildiriş göndərilərək (məktubun “bu ünvanda yaşamır” qeydi ilə ünvandan qayıtması barədə “poçt göndərişinin verilməsi haqqında” zərfin surəti işə əlavə edilməklə) ona xx.xx.2019-cu il tarixli, 0015/013 nömrəli kredit müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyi üçün bildirişi aldığı gündən etibarən 7 (yeddi) gün ərzində göstərilən borc öhdəliyi icra edilmədiyi halda, barəsində qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət olunacağına dair xəbərdarlıq olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan). Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Cavabdeh əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. Bank cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu göndərərək öhdəlik pozulduğu üçün borcun tam ödənilməsi tələb etmişdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi Bankla borcalan arasında xx.xx.2019-cu il tarixdə 5 il müddətinə bağlanmış 0015/013 nömrəli kredit müqaviləsi üzrə borcun qaytarılması müddəti bitmiş, lakin borcalan öhdəliyini vaxtında və tam yerinə yetirməmişdir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmişdir. Borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də öhdəliyini lazımınca icra etməmiş, banka olan borcunu tam qaytarmamışdır. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən iddia ərizəsində qeyd etdiyi məbləğdə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, cavabdehdən iddiaçının xeyrinə 35,11 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə əsas borc üzrə 3511,02 manat, faizlər üzrə 126,86 manat və cərimə üzrə 35,11 manat olmaqla, cəmi 3672,99 manat tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 56,73 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış 3511,02 manat əsas borc, 126,86 manat faiz borcu və 35,11 manat cərimə borcu, olmaqla, cəmi 3672,99 (üç min altı yüz yetmiş iki manat doxsan doqquz qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 56,73 (əlli altı manat yetmiş üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar