Məhkəmə qərarları › İş №e-2(125)-3983/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-3983/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-3983/2024 03.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 4365 manat sığorta ödənişinin və 63.65 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X1 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh1 xx.xx.2019-cu il tarixdə “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “Fiat Doblo” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 4.365 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin Qərarında Cavabdeh1 AR İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Qeyd edək ki, Gəncə şəhər BPİ DYPŞ-nin Qərarında Cavabdeh2 İXM-nin 335.3-cü (Bu Məcəllənin 335.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə) maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Gəncə şəhər BPİ DYPŞ-nin "xxxx" ASCyə təqdim etdiyi arayışa əsasən Cavabdeh1 yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli PAA********** saylı avtomobil vasitəsinin icbari sığortası müqaviləsinin surətindən görünür ki, sığortaçı "xxxx" ASC tərəfindən sığortalı X1 “Mercedes Benz 190” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil üzrə 5000 manat məbləğində xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək sığortalanmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli avtomobillərin təmiri və qiymətləndirmənin təmir Smeta vərəqinin surətindən görünür ki, “Fiat Doblo” markalı, **-DN- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəyən zərərin məbləği cəmi 4565 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 010942 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə PAA********** nömrəli sığorta ödənişi qismində 4365 manat ödənilmişdir. İş materiallarında olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən tərib edilmiş, CSB44538 nömrəli sığorta aktından görünür ki, xx.xx.2019-cu ildə Gəncə şəhəri, N.Gəncəvi prospektində sığortalanmış “Fiat Doblo” markalı, 20-DN_394 dövlət qeydiyyat nişanlı lavtomobil “Mercedes-Benz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində baş vermiş sığorta hadisəsinə görə xx.xx.2019-cu il tarixli təmir smetasına uyğun olaraq X2 adından Mahir Mamedovun hesabına 4365 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli sığorta şəhadətnaməsinin surətindən görünür ki, sığortalı X2 “Fiat Doblo” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İş materiallarında olan Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 3(044)-164/2019 saylı qərarının surətindən görünür ki, Cavabdeh1 AR İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinib, 400 manat məbləğində inzibati cərimə edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci (subroqasiya hüququ) maddəsinə əsasən faydalanan şəxsin zərər vuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki işin tədqiq edilmiş halları nəticəsində müəyəyn edilmişdir, iddiaçı sığortaçı ilə bağlanmış sığorta müqaviləsinə əsasən icbari sığorta olunmuş avtomobili idarə edərkən Cavabdeh1 xx.xx.2019-cu il tarixdə yol-nəqliyyat hadisəsi törədərək “Fiat Doblo” markalı, **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Məhkəmənin qərarı ilə Cavabdeh1 yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Bundan başqa, Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən qəbul olunmuş qərarla Cavabdeh2 nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün idarəetmə hüququ olmayan şəxsə verilməsinə görə xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsə fiziki və ya maddi zərər vurulmasına görə təqsirli bilinmişdir. Belə ki, Cavabdeh1 yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı sığortaçı hadisə nəticəsində vurulmuş zərərin əvəzi qismində 4365 manat sığorta ödənişi etmişdir. Beləliklə, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan hazırkı cavabdehlərə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçı istifadə etmiş və sığorta ödənişinin əvəzinin tutulmasını xahiş etmişdir. Məhkəmə qeyd eidlənlərə əsasən hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 63.65 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 cəmi 4365 (dörd min üç yüz altmış beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 63 (altmış üç) manat 65 (altmış beş) qəpik müştərək qaydada tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar