Məhkəmə qərarları › İş №e-2(125)-4025/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4025/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4025/2023 19.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, Cavabdeh2 ilə bağlanmış xx.xx.2021-ci il tarixli, ******* nömrəli kredit müqaviləsini vaxtından əvvəl ləğv etməklə, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə 4823,02 manat əsas, 503,36 manat faiz borcu olmaqla, cəmi 5326,38 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumuna görə 73,67 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli “fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi” müqaviləsinə və kassa məxaric orderinə əsasən Bank borcalana şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 17 faiz dərəcəsi ilə ödəmək şərtilə 7200 manat məbləğində kredit vermişdir. Ödəniş cədvəli əsasında borcalan ödəniş müddətinin sonuna hər ay 256,7 manat, sonuncu ay 256,72 manat ödəməli idi. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə Bank ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 1045841/23609 nömrəli zaminlik müqaviləsinə əsasən kreditor qarşısında zamin və borclunun birgə məsuliyyəti müəyyən edilmişdir. İddiaçı iddia tələbində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən cavabdehlər öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsələr də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmişlər, sözügedən kredit müqaviləsi üzrə sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə aparılmış və nəticədə cavabdehlərin Banka 4823,02 manat əsas, 503,36 manat faiz borcu yaranmışdır. Bank tərəfindən xəbərdarlıq olunmasına baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdehlər tərəfindən borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Cavabdeh2 bildirmişdi ki, krediti götürən zaman Gilan Kənd MMC-də işləyirdi, borcu üzrə hər ay 258 manat ödəniş etmişdir, lakin sonradan işsiz qaldığı üçün borcunu ödəyə bilməmişdir. İddia ərizəsində qeyd edilən əsas borcla razılaşsa da, faiz borcunun məbləğini yüksək hesab edir. Borcalan onu da qeyd etmişdi ki, tələb edilən pulu qaytarmağa etiraz etmir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 iddianın təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi və qeyd etdi ki, o müqavilə üzrə zamindir və hazırda işsizdir, hesab edir ki, borcu borcalan özü ödəməlidir. Borcalana məhkəmə iclasına gəlmək barədə təklif etsə də, o, həyat yoldaşı əməliyyat olduğu üçün məhkəməyə gəlməyəcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, Cavabdeh2 məhkəmənin baxış iclasına gəlməmiş, gəlməmə səbəbinin üzürlü olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin izahatını və mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2 və 3.3-cü bəndlərinə əsasən tərəflər arasında münasibətlər bu müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan “Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsi üzrə xidmət müqavilələrinin standart şərtləri” ilə (https://atb.az/wpcontent/uploads/2019/12/v1.0. 4.pdf) tənzimlənir. Həmin standart şərtlərə əsasən müştəri kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəniş cədvəli (qrafiki)” üzrə ödənişləri yerinə yetirmədikdə; müştəri tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə və s. hallarda Bank bu Standart Şərtlərə və/və ya bu fəslin 1.1.-ci bəndində qeyd edilən müvafiq müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını Müştəridən vaxtından əvvəl tələb edə bilər. İş materiallarına əlavə edilmiş kredit hesabından çıxarışdan və maliyyə arayışından görünür ki, cavabdeh ödənişlərini ödəniş cədvəlinə uyğun qaydada ödəməmiş, nəticədə onun xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə Banka 4823,02 manat əsas, 503,36 manat faiz olmaqla, cəmi 5326,38 manat borcu yaranmışdır. O cümlədən, cavabdeh həmin müqavilə üzrə əsas borca görə cəmi 2376,98 manat, faiz borcuna görə cəmi 1221,03 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş arayışdan görünür ki, cavabdeh Cabbarov X1 rayon Səfikürd kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində mühasib vəzifəsində işləyir və aylıq əmək haqqı 356,95 manatdır. Beləliklə, müqavilə üzrə cavabdehlər tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixdə cavabdehlərin ünvanına pretenziya məktubu göndərilərək ona xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə müvafiq iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan isə müqavilə üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuşdur. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o sözügedən müqavilə üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməsi üçün məsuliyyət daşıyır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun olduğunu və düzgün hesablandığını təsdiq edir, borcalan və zamin məhkəmə iclasında iştirak etsələr də məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Borcalan faiz borcunun düzgün hesablanmadığını yalnız sözlə ifadə etmiş, hər hansı sübuta istinad etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək xx.xx.2021-ci il tarixli müqavilənin ləğvini və cavabdehlərdən əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi əsaslı olduğundan, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun və bank xidmət haqqının əvəzi olaraq 73,67 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış ******* nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh2 və Cavabdeh1 ******* nömrəli, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış 4823,02 manat əsas borc, 503,36 manat faiz borcu olmaqla, cəmi 5326,38 (beş min üç yüz iyirmi altı manat, otuz səkkiz qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi olaraq 73,67 (yetmiş üç manat altmış yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar