Məhkəmə qərarları › İş №e-2(125)-405/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-405/2024

29.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-405/2024 29.02.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Tahir oğlunun sədrliyi, Səfixanova Arzu Sabir qızının katibliyi və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 9858,42 manat məbləğində əsas borcun, 1531,4 manat məbləğində faiz borcunun, 240,99 manat məbləğində cərimə olmaqla, cəmi 11630,81 manat borcun və 125 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə, illik 21.5% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınmış və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Nəticədə Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 9858,42 manat məbləğində əsas borcu, 1531,4 manat məbləğində faiz borcu, 240,99 manat məbləğində cərimə olmaqla, cəmi 11630,81 manat borcu qalmaqdadır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-cı maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş:- xx.xx.2022-ci il tarixli, CP/56404/89/29 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 48 ay müddətinə illik 21,5% olmaqla 10000 manat məbləğində kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, CP/56404/89/29 nömrəli kredit müqaviləsinə əlavə edilən ödəniş cəvdəlinin surətindən görünür ki, cavabdeh götürdüyü krediti xx.xx.2026-cı ilə qədər hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh 10000 manat pulu iddiaçıdan qəbul etmişdir. xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müqavilə üzrə 9858,42 manat əsas borcu, 1531,4 manat faiz borcu və 240,99 manat cərimə hesablanmışdır. xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, cavabdehə müqavilənin ləğvi və borcun könüllü ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2022ci il tarixli, CP/56404/89/29 nömrəli kredit müqaviləsinə əsasən 48 ay müddətinə illik 21,5% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh müqavilənin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi üçün iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan halları araşdırıb, məhkəmə iclasında tədqiq olunmuş sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara hüquq normalarına uyğun qiymət verib belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında müqavilə bağlanmış və tərəflər müqavilə üzrə üzərlərinə öhdəlik götürmüşlər. Cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldığı pulu vaxtında qaytarmalı olduğu halda qaytarmamış və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmə iddia tələbinin faiz və cərimənin tutulması hissəsinə qiymət verərək hesab edir ki, faiz və cərimə hissədə iddia qismən təmin edilməlidir. Belə ki, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə bildiriş verərək müqavilə üzrə vaxtı çatmamış borcun bütövlükdə geri qaytarılmasını tələb etməklə müqaviləni ləğv etməsinə baxmayaraq müqavilə ləğv olunduqdan sonra da faiz borcu tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü l tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda qeyd olunur ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı kredit müqaviləsi üzrə bütün borcu geri tələb etməsinə dair borcluya verdiyi bildirişdə əlavə müddət bitdiyi tarixdən müqavilə ləğv olunmuş sayıldığına görə bundan sonrakı dövr üçün cavabdehdən müqavilə üzrə faizi tələb edə bilməz. Odur ki, iddiaçı həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Plenum qərarında göstərilmişdir: «Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə cavabdehin yüksək məbləğdə cərimə ödəməyə məcbur edilməsini əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq hesab edir ki, tələb olunan 240,99 manat cərimə məbləği azaldılaraq 40,99 manat həddində müəyyən edilməlidir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini pozaraq, borcunu ödəməli olduğu halda öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 14.2ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə olan halda məhkəmə belə nəticəyə gəlir ki, cavabdehdən xx.xx.2022-ci il tarixli, CP/56404/89/29 nömrəli kredit müqaviləsi üzrə 9858,42 manat əsas borc, 1401,82 manat faiz borcu və 40,99 manat cərimə olmaqla, cəmi 11301,23 manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə əsasən iddia tələbinin təmin olunmuş məbləğinə mütənasib olaraq 123,9 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, CP/56404/89/29 nömrəli kredit sazişi üzrə 9858,42 manat əsas borc, 1401,82 manat faiz borcu və 40,99 manat cərimə olmaqla, cəmi 11301,23 (on bir min üç yüz bir manat 23 qəpik) manat kredit borcu və dövlət rüsumunun əvəzi olaraq 123,9 (bir yüz iyirmi üç manat 90 qəpik) manat alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar