Məhkəmə qərarları › İş №e-2(125)-4050/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4050/2023

08.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4050/2023 08.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında sığorta ödənişi həcmində pulun tutulması” tələbinə dair ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 220 (iki yüz iyirmi) manat məbləğində verilmiş sığorta ödənişinin və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzinin "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-nin 18 noyabr 2020-ci il tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış "VAZ-21074" markalı 32BG786 dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 29 yanvar 2021-ci il tarixdə Gəncə şəhərində X4 tərəfindən idarə olunan “Hyundai Accent” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Gəncə DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yolnəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verdikdən sonra Cavabdeh hadisə yerini tərk etmişdir. Zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı 220 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs – faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. İş materiallarında olan sənədlərlə aşağıdakılar müəyyən edilmişdir: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X15 İdarəsinin arayışından görünür ki, «VAZ-21074» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 olmuşdur, idarə etmək üçün xx.xx.2021-ci il tarixli etibarnamə xx.xx.2021ci ilədək Cavabdeh verilmişdir. ƏN-V seriyalı, 493583 nömrəli etibarnamənin surətindən görünür ki, mülkiyyətçisi X5 olan “VAZ-21074" markalı 32BG786 dövlət qeydiyyat nişanlı avtomobili X9 etibar edilmişi etibar etmə qaydasında Cavabdeh etibar etmişdir. Etibarnamə xx.xx.2021-ci il tarixədək qüvvədədir. xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X6 etibarnamə əsasında idarə etdiyi «VAZ-21074» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün mülki məsuliyyət sığorta olunaraq, sığorta təminatı almışdır. Sığorta xx.xx.2021-ci il tarixədək qüvvədə olmuşdur. Gəncə şəhər BPİ DYPŞ polis baş leytenantı X7 xx.xx.20221-ci il tarixli İXP ******* nömrəli protokolundan və TP4109767 nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 (yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə) və 327.6-cı maddəsində (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına) nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat məbləğində inzibati cərimə olunmuşdur. "xxxx" ASC-nin dəymiş zərərin hesablanmasına dair xx.xx.2021-ci il tarixli aktından görünür ki, zərərçəkən X3 məxsus “Hyundai Accent” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyan üzrə ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 220 manat təşkil edir. 18 fevral 2021-ci il tarixli PGU-210467 saylı sığorta aktından görünür ki, "xxxx" ASC tərəfindən 220 manat məbləğində sığorta ödənişinin X1 hesabına köçürülməsi qərara alınmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 18 fevral 2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən X1 bank hesabına 220 manat pul köçürülmüşdür “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 5.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən mülki məsuliyyətin icbari sığortası müqaviləsində göstərilmiş əmlakı qanuni əsaslarla istismar edən istənilən şəxs, həmçinin sığortalı özü həmin əmlakı istismar etdiyi anda, sığorta olunan hesab edilir. Həmin Qanunun 25.1.8-cü maddəsinə əsasən bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Cavabdeh iddiaçı sığorta şirkəti tərəfindən mülki məsuliyyəti sığortalanmış «VAZ-21074» markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etmişdir. Cavabdeh avtomobili qanuni əsaslarla idarə etdiyindən sığorta olunan hesab edilir. Cavabdeh inzibati xəta törətdikdən sonra hadisə yerini tərk etmişdir. Cavabdehin yol hərəkəti qaydalarını pozması nəticəsində “Hyundai Accent” markalı **-DN-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi zərər vurulmuş, həmin zərərin əvəzi ümumilikdə 220 manat olmaqla, iddiaçı tərəfindən sığorta ödənişi kimi zərərçəkmiş şəxsə ödənilmişdir. Zərərin vurulmasında təqsirkar cavabdeh olduğuna görə və cavabdeh sığorta hadisəsi zamanı hadisə yerindən yayınmış olduğundan iddiaçının ödədiyi sığorta ödənişi həcmində subroqasiya qaydasında cavabdehə qarşı tələb hüququ yaranmışdır. Buna görə də Cavabdeh 220 manat pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, ödənilmiş 30,40 manat dövlət rüsumunun əvəzi də cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin olunsun. Cavabdeh subroqasiya qaydasında 220 (iki yüz) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30,40 manat (otuz manat qırx qəpik) pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar