Məhkəmə qərarları › İş №e-2(125)-411/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-411/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-411/2025 18.11.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, «X1 Azərbaycan» QSC-nin Cavabdeh qarşı «kredit borcunun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi» tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: «X1 Azərbaycan» QSC Cavabdeh qarşı Cavabdeh xx.xx.2019-cu il tarixli, 264226 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.549 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 5 manat 72 qəpik, cərimə qismində 21 qəpik, cəmi 1.555 manat 23 qəpik məbləğində kredit borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat 55 qəpik məbləğində pul vəsaitinin «X1 Azərbaycan» QSC-nin xeyrinə tutulması, banka olan borcun cavabdehdən tutulması ilə eyni zamanda ipoteka (girov) qoyulmuş mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında, 0.0796 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,5 kv/m, yaşayış sahəsi 40,6 kv/m olan 3 otaqlı 35 nömrəli mənzilə yönəldilməsi, ipoteka müqaviləsinə əsəsən tərəflər arasında razılışdırılmış ipoteka predmetlərinin ilkin satış qiymətinin 38.000 manat olmaqla açıq hərracdan satılması hesabına ödənilməsi, ipoteka ilə yüklü edilmiş əmlakın satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədiyi təqdirdə məbləğin qalan hissəsini cavabdehdən tutulmasının təmin edilməsi, hərracda mənzil «X1 Azərbaycan» QSC tərəfindən alındıqda (əldə edildikdə) 10 gün müddətində boşadılaraq banka təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu ildə «X1 Azərbaycan» QSC ilə Cavabdeh arasında 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bank tərəfindən borcalan Cavabdeh digər öhdəliklərinin bağlanılması ilə bağlı 9.001 manat məbləğində pul ayrılmışdır və о, 60 ay (əsas borcun ödənilməsinə 1 il güzəşt müddəti ilə) müddətində kreditin əsas məbləği və оna illik bir faiz dərəcəsi olmaqla hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəməli idi. Bоrcalanın xx.xx.2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin еdilməsi məqsədilə xx.xx.2019-cu il tariхində bank ilə borc alan/ipoteka qoyan Cavabdeh arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərçik 102-də, 0,0796 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,5 kv/m, yaşayış sahəsi 40,6 kv/m olan 3 otaqlı, 35 nömrəli mənzildən ibarət olan daşınmaz əmlak "xxxx" QSC-nin хеyrinə ipоtеka ilə yüklü еdilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Gəncə Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır və buna dair DƏDRX tərəfindən xx.xx.2020-ci il tariхili yüklülük barədə müvafiq çıхarış təqdim еdilmişdir. «X1 Azərbaycan» QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra еtsə də Cavabdeh krеdit müqaviləsinin şərtlərini pоzaraq, krеdit müqaviləsi üzrə ödənişləri mütəmadi оlaraq gеcikdirmişdir. Cavabdеhlərə dəfələrlə bu barədə şifahi və yazılı qaydada хəbərdarlıq еdilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baхmayaraq, krеdit müqaviləsi üzrə öhdəliklərini icra еtməmişlər və bu günə kimi "xxxx" QSC-ə оlan bоrclarını ödəməmişlər. Buna görə də iddiaçı məcbur olub məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi Nümayəndə2 mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən qismən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsinin surətindən görünür ki, "xxxx" QSC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 9.001 manat məbləğində kredit verilmişdir. İşdə olan "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 3M- 4176 reyestr nömrə ilə Bakı şəhəri 53 saylı Notariat Ofisində təsdiq edilmiş ipoteka müqaviləsinin surətindən görünür ki, Cavabdeh "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsinin öhdəliklərinin icrasının təmin üsulu kimi Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında, 0.0796 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,5 kv/m, yaşayış sahəsi 40,6 kv/m olan 3 otaqlı 35 nömrəli mənzilini "xxxx" QSC qarşısında ipotekaya qoymuşdur. İpoteka predmetinin ilkin bazar dəyəri 38.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2020-ci il tarixli, **********78-05101-093004 reyestr nömrəli çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında, 0.0796 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,5 kv/m, yaşayış sahəsi 40,6 kv/m olan 3 otaqlı 35 nömrəli mənzili xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi üzrə mənzilini "xxxx" QSC-nin xeyrinə yüklü edilmişdir. İşdə olan xx.xx.20233-cü il tarixli bildiriş-xəbərdarlığın surətindən görünür ki, borcu könüllü ödəməsi barədə "xxxx" QSC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışın surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi üzrə "xxxx" QSC-yə ödənilməmiş əsas borcun əvəzi qismində 1.549 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 4 manat 07 qəpik, cərimə qismində 2 manat 36 qəpik, cəmi 1.555 manat 73 qəpik məbləğində kredit borcu vardır. İşdə olan ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında xx.xx.2023-cü il tarixli bildirişin surətindən görünür ki, ipoteka qoyan Cavabdeh tələbin ipoteka predmetinə yönəldilməsinə başlanması barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması barədə ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi üzrə Cavabdeh mülkiyyətində olan ipoteka qoyulmuş Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında, 0.0796 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 62,5 kv/m, yaşayış sahəsi 40,6 kv/m olan 3 otaqlı 35 nömrəli mənzilə tutmanın yönəldilməsinə dair bildirişin qeydiyyata alınması xahiş olunmuşdur. İşdə olan müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, LP-160/2025 nömrəli rəydən görünür ki, ipoteka predmeti olan Cavabdeh mülkiyyətində olan Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında yerləşən 35 nömrəli mənzilin hazırkı bazar qiyməti 52.000 manat, likvid qiyməti isə 48.000 manat təşkil edir. Beləliklə, işdə olan sənədlərlə Cavabdeh "xxxx" QSC ilə bağladığı xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi nəticəsində ödənilməmiş əsas borcun əvəzi qismində 1.549 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 5 manat 72 qəpik, cərimə qismində 21 qəpik, cəmi 1.555 manat 23 qəpik məbləğində kredit borcu vardır. Tərəflər arasında kredit müqaviləsinin təminatı olaraq, xx.xx.2019-cu il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında yerləşən 147 nömrəli evin 35 nömrəli mənzili ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc alana qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (dəbbə pulu, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə görə, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipotekasaxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə görə ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərməlidir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. ««İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərarının 21-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən «İpoteka haqqında» Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edibetməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır. Bu yanaşma «İpoteka haqqında» Qanunun 54-cü maddəsinin torpaq sahəsinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı tələbindən də irəli gəlir. Mülki işə məhkəmədə baxıldığı dövrdə iş üzrə müstəqil qiymətləndirici təyin olunmuş, ipoteka predmeti olan əmlaklakın bazar dəyərinin 52.000 manat, likvid dəyərinin isə 48.000 manat məbləğində olduğu müəyyən edilmişdir. 14 iyul 2025-ci il tarixli 250-VİİQD nömrəli Azərbaycan Respublikasının Qanunundan görünür ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9ci maddəsi (ilkin satış qiyməti – bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.) həmin Qanundan çıxarılmışdır. Həmin Qanunla «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3cü maddəsi əvvəlki «ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir» redaksiyasından fərqli «ipoteka predmetinin bazar qiyməti – tərəflərin razılaşması əsasında və ya məhkəmə tərəfindən cəlb edilən qiymətləndiricilər və ya qiymətləndirici təşkilat tərəfindən müəyyən edilir» redaksiyaya dəyişdirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə görə müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də məhkəmə qeyd olunanları, habelə tərəflər arasındakı hüquq münasibətlərinin yarandığı zaman ipoteka predmetinin hərracda satış qiymətinə dair «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinin qüvvədə olmuş redaksiyasının tələblərini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borc qismində 1.549 manat 30 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 5 manat 72 qəpik, cərimə qismində 21 qəpik, cəmi 1.555 manat 23 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, tutma ipoteka ilə yüklü edilmiş, Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında yerləşən 147 nömrəli evin 35 nömrəli mənzilinə yönəldilməli, həmin mənzil açıq hərracda satılmalı, mənzilin açıq hərracda ilkin satış qiyməti 48.000 manat məbləğində müəyyən edilməli və satışdan əldə olunan vəsait hesabına "xxxx" QSC-yə olan borc ödənilməlidir. Bundan başqa, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Qanunvericiliyin qeyd olunan normalarının tələbindən göründüyü kimi ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o, satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Buna görə də məhkəmə hesab edir ki, ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən sonra həmin əmlakın boşaldılmasına və təhvil verilməsinə ayrıca qərar tələb olunmadığından iddia «mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi» tələbinə dair hissədə təmin olunmamalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə iş üzrə qiymətləndirmə ekspertizasının dəyəri qismində 300 manat məbləğində pul vəsaiti Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalı, məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 manat 55 qəpik məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: "xxxx" QSC-nin iddiası qismən təmin edilsin. Cavabdeh "xxxx" QSC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, 264226 nömrəli «güzəştli kredit və zaminlik müqaviləsi» üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.549 (bir min beş yüz qırx doqquz) manat 30 (otuz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 5 (beş) manat 72 (yetmiş iki) qəpik, cərimə qismində 21 (iyirmi bir) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 (otuz beş) manat 55 (əlli beş) qəpik, cəmi 1.590 (bir min beş yüz doxsan) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində pul vəsaiti tutulsun. Tutma ipoteka predmeti olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında yerləşən 147 nömrəli evin 35 nömrəli mənzilinə (**********78-05101-093004 reyestr nömrəli) yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, satışdan əldə olunan vəsait hesabına Cavabdeh "xxxx" QSC-yə xx.xx.2019-cu il tarixli, 264226 nömrəli güzəştli kredit və zaminlik müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.549 (bir min beş yüz qırx doqquz) manat 30 (otuz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 5 (beş) manat 72 (yetmiş iki) qəpik, cərimə qismində 21 (iyirmi bir) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 35 (otuz beş) manat 55 (əlli beş) qəpik, cəmi 1.590 (bir min beş yüz doxsan) manat 78 (yetmiş səkkiz) qəpik məbləğində borcu ödənilsin. Cavabdeh mülkiyyətində olan Gəncə şəhəri, Kəpəz rayonu, Hərbi Şəhərcik 102 ünvanında yerləşən 147 nömrəli evin 35 nömrəli mənzilinin hərracda ilkin satış qiyməti 48.000 (qırx səkkiz min) manat müəyyən edilsin. Cavabdeh qiymətləndiricinin rəyinin alınmasına sərf edilmiş vəsaitin əvəzi qismində 300 (üç yüz) manat məbləğində pul vəsaiti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. "xxxx" QSC-nin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar