Məhkəmə qərarları › İş №e-2(125)-4116/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4116/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4116/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-in cavabdehlər Cavabdeh1 Tapdıq oğluna və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar baxaraq, müəyyən etdim: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Tapdıq oğlundan və Cavabdeh2 müştərək qaydada 790,46 manat əsas borc, 1,84 manat faiz borcu olmaqla, cəmi 792,30 manat pulun və 30,40 manat dövlət rüsumunun alınaraq xeyrlərinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" Azərbaycan MMC ilə Cavabdeh1 Tapdıq oğlu arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli, 551 saylı Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanmış 17 dekabr 2019-cu il tarixli, 21932 saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən kreditor borclunun vaxtı keçmiş əsas kredit borcunun bu müqavilə imzalanan tarixə 1585.48 AZN qalıq məbləğini ödəməsi məqsədi ilə 1585.48 manat məbləğində güzəştli krediti verməyi, borclu isə verilmiş krediti və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəli (kreditin qaytarılması cədvəli) üzrə kreditora ödəməklə öhdəliyini tam şəkildə yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Kreditin illik faiz dərəcəsi 1% olmaqla 60 ay müddətinə verilmişdir. Kredit məbləği kreditor tərəfindən birbaşa, yəni borcluya ödənilmədən onun vaxtı keçmiş kredit borcunun ödənilməsinə yönəldilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəili gələy öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə təşkilat arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən zəmin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir. Kreditor "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün kredit müqaviləsinin 2.2. və 8.4. bəndinə də uyğun olaraq mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün həmin ərizə ilə məhkəməyə müraciət etmək hüququndan istifadə etmək qərarına gəlmişdir. Öhdəliyin yerinə yetirilməməsi nəticəsində borcluların kredit müqaviləsi üzrə "xxxx" MMC-yə 790.46 manat əsas, 1.84 manat faiz olmaqla cəmi 792.30 manat məbləğdə borcu yaranmışdır. Məhkəmə təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin olunmalıdır. İddia ərizəsinə əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 21932 nömrəli kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 Tapdıq oğluna 60 ay müddətinə illik faiz dərəcəsi 1% faiz olmaqla, 1585,48 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, 21932 nömrəli kredit (restrukturizasiya) müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinin surətindən görünür ki, cavabdeh kredit borcunu xx.xx.2024-cü il tarixə qədər hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli, 21932 saylı zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019cu il tarixli, 21932 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zamin Cavabdeh2 borclu Cavabdeh1 Tapdıq oğlu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2019-cu il tarixli, 21932 nömrəli kredit müqaviləsi üzrə 790,46 manat əsas borc, 1,84 manat faiz borcu olmaqla, cəmi 792,30 manat borcu qalmışdır. xx.xx.2022-ci il tarixli xəbərdarlıqların surətindən görünür ki, borcun könüllü ödənilməsi barədə cavabdehlərə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 284- 1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. MPM-in 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. MPM-in 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. MPM-in 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Cavabdeh1 Tapdıq oğluna və Cavabdeh2 yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdehlər bildirişi rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. MM-in 472.2-ci maddəsinin tələbinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. MM-in 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bü cür dövr ərzində istənilən an icra edilməlidir. MM-in 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsində daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 448.2-ci maddəsinə əsasən isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. MM-in 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. MM-in 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. MM-in 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və tərəflər kredit müqaviləsi üzrə üzərlərinə öhdəlik götürmüşlər. İddiaçı üzərinə düşən öhdəliyi tam icra etmiş, qarşı tərəf aldığı pulu qaytarmayaraq öhdəliyi icra etməmişdir. Cavabdehlər müqavilədə nəzərdə tutulmuş müddətdə iddiaçıdan aldıqları pulu vaxtında qaytarmalı olduqları halda qaytarmamışlar və nəticədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.3-cü maddəsinin tələblərini pozmuşlar. Həmin maddədə qeyd olunmuşdur ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Kredit borcunun borclu Cavabdeh1 Tapdıq oğlundan və Cavabdeh2 müştərək qaydada tutulmasına gəldikdə isə məhkəmə qeyd edir ki, müqavilənin şərtlərinə görə iddiaçı tərəfindən kredit, zaminə kreditin tam qaytarılmasında iştirak etməyə borclu edən şəkildə verilmişdir. Ona görə də cavabdeh və zamin iddiaçı qarşısında birgə borclu olduqlarından iddiaçı qalan borcun ödənilməsini onların hər birindən tələb etmək hüququna malikdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh1 Tapdıq oğlundan və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 21932 nömrəli kredit müqaviləsi üzrə 790,46 manat əsas borc, 1,84 manat faiz borcu olmaqla, cəmi 792,30 manat kredit borcu tutularaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-in xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 Tapdıq oğlundan və Cavabdeh2 müştərək qaydada xx.xx.2019-cu il tarixli, 21932 nömrəli kredit müqaviləsi üzrə 790,46 manat əsas borc, 1,84 manat faiz borcu olmaqla, cəmi 792,30 (yeddi yüz doxsan iki manat 30 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,40 manat pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-in hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Cavid Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar