Məhkəmə qərarları › İş №e-2(125)-4210/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4210/2024

31.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4210/2024 31.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı BOKT "xxxx" QSC, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə 2788,02 manat əsas borc, 543,32 faiz borcu, 418,20 manat cərimə borcu, həmçinin ərizəyə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 57,90 manat olmaqla, ümumilikdə 3807,44 manat pul vəsaitinin tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh2 (borcalan) arasında bağlanmış 397-NBK-0021-23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə və hesabdan çıxarışa əsasən əsasən iddiaçı borcalana təminatlılıq əsasında, 12 ay müddətinə qaytarılmaq şərti ilə illik 28 faiz dərəcəsi ilə 4000 manat məbləğində krеdit vеrmişdir. Ödəniş cədvəlinə əsasən borcalan xx.xx.2024-cü il tarixinədək hər ay 386 manat (sonuncu ay 387,29 manat) ödəməyi öz üzərinə götürmüşdür. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı ilə Cavabdeh1 (zamin) arasında müvafiq olaraq 397-NBK-0021-23 nömrəli, xx.xx.2023-cü il tarixli zaminlik müqaviləsi imzalanmış, həmin müqaviləyə əsasən zamin borcalan iddiaçı qarşısında 397-NBK-0021-23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə iddiaçı qarşısında tam məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirməmiş, borcalanın xx.xx.2024-cü il tarixə iddiaçıya 2788,02 manat əsas və 543,32 manat faiz borcu yaranmış, ona 418,20 manat cərimə hesablanmışdır. Cavabdehin cəmi borcu 3749,54 manat təşkil edir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdehlər götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 5420/23 saylı, xx.xx.2022-ci il tarixli, 5454/22 və 5855/23 saylı pretenziya (xəbərdarlıq) məktubları da göndərilmişdir. Lakin poçt şöbəsi tərəfindən “bu ünvanda yaşamır”, “köçüb” qeydləri aparılmaqla pretenziya (xəbərdarlıq) məktublarının iddiaçıdan asılı olmayan səbəblərdən cavabdehlərə çatdırılması mümkün olmamışdır. Göründüyü kimi cavabdehlər müqavilə şərtlərini pozmuş və vurduqları zərər nəticəsində iddiaçını müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş hazırki iddia ərizəsi üzrə cavabdehlərə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilməklə prosessual hüquq və vəzifələrinin izahı barədə məhkəmə bildirişi göndərilmişdir. İş üzrə zərurət yarandığından, Gəncə Şəhər e-2(125)-4210/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən mülki işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçının nümayəndəsi məhkəməyə ərizələr ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirmiş, ona görə də mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də cavabdehlər qeydiyyatda olduğu ünvanda yaşamadıqlarından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehlərin telefon nömrələrinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildirişlər və onların sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehlərə təqdim etməsi üçün bildirişlər göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı ilə borcalan arasında bağlanmış müqaviləyə əsasən borcverən müqavilədə qeyd olunan məbləğdə və illik 28 faiz dərəcəsi ilə krediti borcalanın mülkiyyətinə verir və borcalan həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Müqavilənin 3.1.1-ci bəndinə əsasən “Borcalan” bu Müqaviləyə və onun əlavə(lər)sinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə/vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini “Borcalan”dan tələb edə bilər. Eyni zamanda qeyd olunan müqavilənin 3.1.5-ci və 3.1.6-cı bəndlərinə əsasən “Borcalan” 60 (altmış) gün ərzində kredit müqaviləsi üzrə öhdəliklərini (əsas borc və ya faizləri, yaxud onların bir hissəsini) tərəflər arasında yazılı tərtib olunmuş və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq yerinə yetirmədikdə və ya “Borcalan” tərəfindən ödənişlər (əsas borc və ya faizlər, yaxud onların bir hissəsi) 12 (on iki) ay ərzində 3 (üç) dəfədən çox gecikdirildikdə “Borcverən” bu müqaviləyə vaxtından əvvəl birtərəfli qaydada xitam verə və verdiyi kreditin bu müddətə qədər hesablanmış faizi ilə birlikdə qaytarılmasını və bu müqavilənin 5.2-ci bəndində göstərilən məbləğdə gecikdirmə faizinin ödənilməsini “Borcalan”dan vaxtından əvvəl tələb edə bilər. Həmçinin müqavilənin 5.2-ci bəndinə əsasən “Borcalan” bu müqavilə və onun əlavə(lər)sinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə “Borcverən”ə ödənilməmiş məbləğin hər günü üçün 0,5 faiz məbləğində cərimə ödəyir. İş materiallarına əlavə edilmiş, xx.xx.2024-cü il tarixli maliyyə arayışından və kredit hesabından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli, 397-NBK-0021-23 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 əsas borcu 2788,02 manat, 543,32 manat faiz borcu, 418,20 manat cərimə borcu olmaqla, ümumi borcu 3749,54 manat borcu yaranmışdır. Müqavilə üzrə ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərin ünvanına 5420/23 nömrəli xəbərdarlıq göndərilərək 397-NBK-0021-23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə əsas borcun 985,49 manat hissəsinin, 181,19 manat faiz, 413,68 manat cərimə olmaqla, cəmi 1580,36 manat borcun ödənilməmiş olaraq qalması barədə xəbərdarlıq edilmiş və həmin borcun 3 gün ərzində ödənilməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən cavabdehlərin ünvanına 5854/23 və 5855/23 nömrəli son xəbərdarlıqlar göndərilərək 397-NBK-0021-23 nömrəli, xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə iddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə əsas borcun 985,49 manat hissəsi, 181,19 manat faiz, 577,06 manat cərimə olmaqla, cəmi 1743,74 manat borcun ödənilməmiş olaraq qalması barədə xəbərdarlıq edilmiş və borcun 5 gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə müqavilənin ləğv edilməsi, əsas borc, ona görə hesablanmış faiz və cərimə borcunun məcburi ödənilməsi, borcun girov predmetinə yönəldilməsi tələbi ilə "xxxx" QSC tərəfindən müvafiq məhkəməyə müraciət ediləcəyi, belə olan halda əsas borc, hesablanmış faiz və cərimə borcunu ödəməklə yanaşı məhkəmə və icra xərclərinin ödənilməsinin də onun üzərinə yönədiləcəyi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir (maddə 462.1). Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (maddə 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.1). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı ilə borcalan, eləcə də zamin arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı öz öhdəliyini yerinə yetirərək müqavilədə nəzərdə tutulmuş məbləği borcalana vermiş, borcalan və zamin isə kredit və zaminlik müqaviləsi ilə üzərinə götürdükləri öhdəliyi lazimi qaydada icra etməmiş, tam yerinə yetirməmişlər. Tərəflər arasında kredit və zaminlik müqaviləsinin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Cavabdehlərin banka sözügedən müqavilə üzrə 2788,02 manat əsas, 543,32 manat faiz borcu vardır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair üzərinə öhdəlik götürmüşdür. Lakin, borcalan kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Kredit müqaviləsinə uyğun olaraq iddiaçının müqavilə üzrə borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Borcalan əsas və faiz borcunu vaxtında ödəməmiş, bununla da iddiaçının gecikdirilmiş məbləğə görə müqavilənin şərtlərinə uyğun olaraq dəbbə pulu tələb etmək hüququ da yaranmışdır. İddiaçı cavabdehlərə borcun hissəvi ödənilməsi barədə pretenziya məktubu göndərmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən iddia ərizəsində qeyd etdiyi məbləğdə ödənilməmiş əsas borcun əvəzi qismində 2788,02 manat, hesablanmış və ödənilməmiş faiz borcu qismində 543,32 manat məbləğində pul tələb etməsi əsaslıdır. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini, eləcə də tələb edilən cərimənin tənasübsüz surətdə yüksək olduğunu nəzərə alaraq, cavabdehlərdən iddiaçının xeyrinə 139,40 manat məbləğində cərimə tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, o, sözügedən müqavilə üzrə müəyyən edilmiş kreditə görə zamin olduğundan, qeyd edilən əsas borcun, həmin məbləğə hesablanmış faiz borcunun və cərimənin ödənilməsi üçün məsuliyyət daşıyır. Bunlarla yanaşı, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar cavabdehlərin banka qeyd edilən məbləğdə borcunun olduğunu və düzgün hesablandığını təsdiq edir, cavabdehlər məhkəməyə iddia tələbini təkzib edəcək, borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişlər. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İdidia qismən əsaslı olduğundan iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun 54,71 manat hissəsi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalı, ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 397-NBK-0021-23 nömrəli, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 2788,02 manat əsas borc, 543,32 manat faiz borcu, 139,40 manat cərimə olmaqla, cəmi 3470,74 (üç min dörd yüz yetmiş manat yetmiş dörd qəpik) manat və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 55,11 (əlli beş manat on bir qəpik) manat pul vəsaiti tutularaq iddiaçı BOKT "xxxx" QSC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar