Məhkəmə qərarları › İş №e-2(125)-4271/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4271/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4271/2023 22.06.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit borcunun qaytarılması» tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında ərizəsi üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı BOKT "xxxx" QSC Cavabdeh qarşı məhkəməyə müraciət edərək, Cavabdeh BOKT "xxxx" QSC-nin xeyrinə 939,36 manat əsas borc, 155,88 manat faiz borcu, 140,90 manat cərimə borcu, eləcə də ödənilmiş 32,76 manat dövlət rüsumu olmaqla, cəmi 1268,90 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" QSC tərəfindən Cavabdeh 12 ay müddətinə qaytarmaq şərtilə 1730 manat məbləğində kredit verilmiş və tərəflər arasında 10 mart 2022-ci il tarixli, 541-ADM-0203-22 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin 2.1.1-ci bəndinə əsasən müqavilə üzrə aylıq kredit ödənişləri razılaşdırılmış ödəniş cədvəli üzrə icra olunmadıqda, kreditorun borcunun vaxtından əvvəl ödənilməsini borcalandan tələb etmək hüququ vardır. Hazırda müqavilənin şərtlərinə əsasən Cavabdeh BOKT "xxxx" QSC-yə xx.xx.2023-cü il tarixinə əsas borcu 939,36 manat əsas, 155,88 manat faiz və 140,90 manat cərimə borcu olmaqla, ümumilikdə 1236,14 manat borcu var. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2022-ci il tarixli pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Məhkəmə iş üzrə sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş BOKT "xxxx" QSC ilə Cavabdeh arasında bağlanmış 10 mart 2022-ci il tarixli, 541-ADM-0203-22 saylı kredit müqaviləsinə əsasən borcverən borcalana 12 ay müddətinə illik 35% dərəcəsi olmaqla 1730 manat məbləğində kredit vermiş, Cavabdeh pulu qəbul edib, ödəniş cədvəlinə müvafiq şəkildə BOKT "xxxx" QSCyə ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan bu Müqaviləyə və onun əlavəsinə müvafiq olaraq vaxtlı-vaxtında üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi təqdirdə əsas və faiz borcundan əlavə Borcverənə ödənilməmiş məbləğin hər günü üçün 1 faizi məbləğində cərimə ödəyir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 10 mart 2022-ci il tarixli, 541- ADM-0203-22 saylı kredit müqaviləsi üzrə Cavabdeh BOKT "xxxx" QSC-yə əsas borc üzrə 939,36 manat, faiz borcu üzrə 155,88 manat, dəbbə pulu üzrə 140,90 manat olmaqla, cəmi 1236,14 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsində qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi əsasında aldığı pul vəsaitini və ona hesablanmış faizləri ödəmək öhdəliyini lazımınca yerinə yetirməmişdir. Cavabdeh tərəfindən öhdəliyin icrası ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Öhdəliyin icrasının sübuta yetirilməsi yükü isə borclunun üzərinə düşür. Odur ki, iddiaçı cavabdehdən müqavilə üzrə müəyyən edilmiş əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iş materiallarından cavabdehin öhdəliyin icrasını gecikdirdiyi müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin 1 faizi ilə hesablandıqda iddiaçının dəbbə pulu tələbinin müqavilə şərtlərinə uyğun olduğu müəyyən edilir. Buna baxmayaraq məhkəmə tərəflərin maddi vəziyyətini, o cümlədən iddiaçının əmlak mənafelərini də nəzərə alaraq gecikdirilmiş məbləğə münasibətdə tənasübsüz dərəcədə yüksək olan dəbbə pulunun azaldılmasını məqsədəmüvafiq hesab edir. Buna uyğun olaraq məhkəmənin qənaətinə görə cavabdehdən xx.xx.2022-ci il tarixli müqavilə üzrə 14 manat dəbbə pulu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 939,36 manat əsas borc, 14 manat dəbbə pulu olmaqla, cəmi 1108,36 manat pul tutularaq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 32,76 manat dövlət rüsumunun da cavabdehdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 10 mart 2022-ci il tarixli, 541-ADM-0203-22 saylı kredit müqaviləsi üzrə 939,36 manat əsas borc, 155,88 manat faiz borcu və 14 manat dəbbə pulu olmaqla ümumilikdə 1108,36 manat (bir min yüz səkkiz manat otuz altı qəpik) və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 32,76 manat (otuz iki manat yetmiş altı qəpik) pul tutularaq iddiaçı Bank olmayan kredit təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar