Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4278/2024 08.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbi barədə kiçik iddialara dair işlər üzrə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2023-cü il tarixli 800804-224351/1 nömrəli kredit müqaviləsi üzrə xəbərdarlıq məktubunun tarixindən (xx.xx.2024-cü il) Məhkəmə qətnaməsinin elan olunduğu tarixinədək (xx.xx.2024-cü il) olan müddət ərzində gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 304.45 manat məbləğində əlavə faiz borcu və 30.40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Ekspressbank’' ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 800804-224351/1 nömrəli kredit müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyi üçün xx.xx.2024-cü il tarixində bank tərəfindən ona qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əsasən cavabdehdən kredit müqaviləsi üzrə 18,576.97 manat əsas və 1,935.40 manat faiz borcu olmaqla, cəmi 20,512.37 manat borcun və 151.94 manat dövlət rüsumun ödənilməsinə dair qətnamənin çıxarılması məhkəmədən xahiş olunmuşdur. Gəncə şəhər Məhkəməsinin 04 iyun 2024-cü il tarixli e-2(125)-2598/2024 saylı qətnaməsi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı 01 iyun 2023-cü il tarixli 800804-224351/1 nömrəli kredit müqaviləsi üzrə yaranmış borcun tutulması ilə bağlı iddiası qismən təmin edilmiş və faiz borcu azaldılaraq 1,102.92 manat məbləğində təmin edilmişdir. İş üzrə hakim hesab etmişdir ki, iddia qismən təmin olunmalı və onunla əsaslandırmışdır ki, cavabdehə bank tərəfindən sonuncu xəbərdarlıq xx.xx.2024-cü il tarixində ünvanlanmış, xəbərdarlıq məktubunda cavabdehdən 18,576.97 manat əsas və 1,102.92 manat faiz borcun ödənilməsi tələb olunurdu. Xəbərdarlıq məktubun göndərilməsini kredit müqaviləsinin bitməsi kimi qiymətləndirilmişdir və həmin tarixdən sonra yalnız 5% həcmində faiz borcun tələb olunması bildirilmişdir. 23 aprel 2024cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 371.14 manat əsas, 179.92 manat faiz, cəmi 551.06 manat məbləğində kredtt borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284.1, 284-5.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edirəm ki, təqdim olunmuş sənədlər əsasında işin həllinə dair qətnamə çıxarılması üçün əsaslar vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən verilmiş 48 ay müddətinə, illik 20% dərəcəsi ilə 20000 manat krediti Cavabdeh faizlərlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı ASC-yə 18,576.97 manat əsas və 1,102.92 manat faiz borcu olmuşdur. Xəbərdarlıq məktubunun tarixindən sonra xx.xx.2024-cü il tarixdən, məhkəmə qətnaməsi elan olunanadək (xx.xx.2024-cü il) Mərkəzi bankın uçot faiz dərəcəsini keçməməklə faiz borcu 304.45 manat məbləğində hesablanmışdır. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2598/2024 saylı qətnaməsinin surətindən görünür ki, 01 iyun 2023-cü il tariхli, 800804-224351/1 nömrəli kredit müqaviləsinə əsasən 18576.97 manat əsas, 1102.92 manat faiz borcu olmaqla, cəmi 19679 (on doqquz min altı yüz yetmiş doqquz) manat 89 (səksən doqquz) qəpik borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 149 (yüz qırx doqquz) manat 04 (dörd) qəpik pul Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3-ci maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2023-cü il tarixli Qərarında göstərimişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, cavabdehdən habelə 30.40 manat dövlət rüsumu və bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi əlavə xərc də alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 304 (üç yüz dörd) manat 45 (qırx beş) qəpik pul və 30 (otuz) manat 40 (qırx) qəpik dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-4278/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4278/2024
08.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver