Məhkəmə qərarları › İş №e-2(125)-4289/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4289/2023

19.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4289/2023 19.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, cavabdehin iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı ASC, xx.xx.2022-ci il tarixli GTKR6159215A299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4782,45 manat, faiz borcu üzrə 573,58 manat, cəmi 5356,03 manat pul vəsaitinin və xx.xx.2022-ci il tarixli BRCB6159216A299 nömrəli kredit kartı müqaviləsinə əsasən əsas borc üzrə 475,62 manat, faiz borcu üzrə 132,30 manat, cəmi 607,92 manat pul vəsaitinin və 79,64 manat dövlət rüsumunun əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, İddiaçı ASC (Bank) ilə Cavabdeh (cavabdeh və ya borcalan) arasında elektron qaydada bağlanmış xx.xx.2022-ci il tarixli, GTKR6159215A299 nömrəli kredit müqaviləsinə, müvafiq hesabdan çıxarışa, ödəniş qrafikinə əsasən Bank borcalana istehlak məqsədi ilə 35 ay müddətinə illik 19 faiz dərəcəsi ilə ödəmək şərtilə 5000 manat məbləğində krediti cavabdehin elektron imzası əsasında ona məxsus hesaba pul vəsaitinin köçürülməsi yolu ilə vermiş, kreditin istifadəsi ilə bağlı müvafiq hesablar açmış, borcalan krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli BRCB6159216A299 nömrəli birkart kredit müqaviləsinə əsasən Bank borcalana şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmış, “birkart” ödəniş kartı vasitəsi ilə, 60 ay müddətinə illik 25 faiz dərəcəsi ilə ödəmək şərtilə 500 manat məbləğində kredit vermiş, borcalan isə həmin kredit xəttindən istifadə etmiş və krediti əldə edən zaman müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. xx.xx.2022-ci il tarixli GTKR6159215A299 nömrəli kredit müqaviləsinə əlavə olunan ödəniş qrafiki əsasında cavabdeh xx.xx.2025-ci il tarixi də daxil olmaqla 35 ay müddətinə hər ay 187,18 manat, sonuncu ay isə 189,15 manat ödəməyi öz üzərinə götürmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqavilələrinin şərtlərinə əsasən cavabdeh öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirməmiş və cavabdehin xx.xx.2022-ci il tarixli, GTKR6159215A299 nömrəli kredit müqaviləsinə əsasən əsas borc üzrə 4782,45 manat, faiz borcu üzrə 573,58 manat, cəmi 5356,03 manat və xx.xx.2022-ci il tarixli digər kredit müqaviləsinə əsasən əsas borc üzrə 475,62 manat, faiz borcu üzrə 132,30 manat, cəmi 607,92 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə ərizələr ünvanlayaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş cavabdeh iddia tələbini qismən qəbul edərək qeyd etmişdir ki, əvvəllər iş yeri olsa da, sonradan işdən çıxdığına və faiz borcunun məbləği həddindən artıq yüksək olduğuna görə ödənişlər edə bilməmişdir. Cavabdeh məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olsa da, məhkəmə baxışına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddianın dəlillərini, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər arasında yuxarıda qeyd edilən xx.xx.2022-ci il tarixli iki kredit müqaviləsi və ona ödəniş cədvəli barədə əlavə imzalanmışdır. Tərəflər arasında xx.xx.2022-ci il tarixli müqavilələrin və ona Əlavə sazişin bağlanmasını təkzib edən əsaslar iş materiallarında mövcud deyil. Bank borcalana qeyd edilən məbləğlərdə kredit vermiş, borcalan müqavilə ilə müəyyənləşdirilmiş şərtlərlə kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri, xidmət haqqını, dəbbə pulunu Banka ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli GTKR6159215A299 nömrəli müqavilənin 1.1.8-ci bəndinə əsasən müqavilə üzrə müştəri tərəfindən ödənilən vəsaitlər ilk olaraq dəbbə pulunun, xidmət haqqının, daha sonra hesablanmış faizlərin, sonda isə əsas borcun ödənilməsinə yönəldilir. Müqavilənin 2.8-ci və 2.8.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən bu müqavilə üzrə borcların (əsas, faiz və digər borclar) vaxtında ödənilməsi müddətləri pozulduqda kreditor müqavilə üzrə borcların (əsas borc, faiz borcu və dəbbə pulu) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. Həmin müqavilənin 2.4-cü maddəsinə əsasən, əgər müştərinin banka bir neçə müqavilə üzrə borcu olarsa, hansı öhdəliyə görə borcun tutulması (silinməsi) növbəliliyini bank özü müəyyən edir. xx.xx.2022-ci il tarixli BRCB6159216A299 nömrəli müqavilənin 4.2-ci maddəsinə əsasən bank müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi nəticəsində ödəmə qabiliyyətinin aşağı düşməsi hallarında kredit xəttinin məbləğini müştərinin razılığı olmadan birtərəfli qaydada azalda və ya bu müqaviləyə xitam verə bilər. Müştərinin əmlak vəziyyətinin borcun qaytarılması üçün təhlükə törədəcək dərəcədə pisləşməsi halları dedikdə, irəlidə qeyd edilənlər başa düşülür: bu müqavilənin qüvvədə olduğu müddət ərzində kredit tarixçəsinin pişləşməsi və s. İş materiallarında olan, xx.xx.2023-cü il tarixli maliyyə arayışına görə cavabdehin Banka xx.xx.2022-ci il tarixli GTKR6159215A299 nömrəli kredit müqaviləsi üzrə 4782,45 manat əsas, 573,58 manat faiz olmaqla, cəmi 5356,03 manat borcu və xx.xx.2022-ci il tarixli BRCB6159216A299 nömrəli kredit müqaviləsi üzrə 475,62 manat əsas, 132,30 manat faiz olmaqla, cəmi 607,92 manat borcu yaranmışdır. Beləliklə, sözügedən müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər qismən aparılmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, cavabdehə xx.xx.2022-ci il tarixli GTKR6159215A299 nömrəli və xx.xx.2022-ci il tarixli BRCB6159216A299 nömrəli kredit müqavilələri üzrə borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir (maddə 743). Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qanunvericiliyə uyğun olaraq kredit müqavilələri bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, cavabdeh isə müqavilələr üzrə öhdəliyini lazımi qaydada icra etməmiş, əsas və faiz borcunu vaxtında ödəməmiş və öhdəliyini pozmuş, eləcə də onun kredit tarixçəsi pişləşmişdir. Müqavilələrə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək, əsas və faiz borcunun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar cavabdehin iddiaçı Banka hər iki müqavilə üzrə borcu olduğunu və borcun düzgün hesablandığını təsdiq edir, məhkəmənin hazırlıq iclasında iştirak etmiş cavabdeh məhkəməyə iddia tələbini təkzib edəcək və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Borcalan faiz borcunun düzgün hesablanmadığını yalnız sözlə ifadə etmiş, hər hansı sübuta istinad etməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, iddiaçı müqavilələrin şərtlərinə istinad edərək cavabdehdən əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 79,64 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli GTKR6159215A299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 4782,45 manat əsas borc və 573,58 manat faiz borcu olmaqla, cəmi 5356,03 (beş min üç yüz əlli altı manat, üç qəpik) manat, xx.xx.2022-ci il tarixli BRCB6159216A299 nömrəli kredit müqaviləsi üzrə yaranmış 475,62 manat əsas borc və 132,30 manat faiz borcu olmaqla, cəmi 607,92 (altı yüz yeddi manat, doxsan iki qəpik) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 79,64 (yetmiş doqquz manat, altmış dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar