Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-436/2023 01.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Şəmsi oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması və tələbin girov predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə ə 743,74 manat əsas, 67,3 manat faiz, 129,86 manat cərimə borcu olmaqla, cəmi 940,9 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması, Cavabdeh məxsus olan çəkisi 15 qram, 750 əyarlı 1 ədəd saat korpusdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə cəmi 940,9 manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin dəyişdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə 743,74 manat əsas, 205,22 manat faiz, 191,6 manat cərimə borcu olmaqla, cəmi 1140,56 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31,41 manat məbləğində pulun tutulması, Cavabdeh məxsus olan çəkisi 15 qram, 750 əyarlı 1 ədəd saat korpusdan ibarət qızıl-zinət əşyasına yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə kreditə görə cəmi 1140,56 manat pul və dövlət rüsumu kimi ödənilmiş 31,41 manat məbləğində pulun ödənilməsi, girov predmetinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh qalan borcun ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Səbail” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB08078 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 958 manat məbləğində kredit verilmişdir. xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə 743,74 manat əsas, 67,3 manat faiz, və 129,86 manat cərimə borcu olmaqla, ümumilikdə 940,9 manat təşkil edir. xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2021-ci il tarixli saxlanc girovunun qiymətləndirilməsinə əsasən İddiaçı ASC-nin “Səbail” filialına saxlanca verilmiş və çəkisi 15 qram, 750 əyarlı 1 ədəd saat korpusdan ibarət qızıl-zinət əşyasından ibarətdir. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək onun iştirakı olmadan mülki işə baxılaraq iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 29% faiz dərəcəsi ilə 12 (on iki) ay müddətinə 958 (doqquz yüz əlli səkkiz) manat kredit verilmişdir. Müqavilənin 1.4-cü bəndinə əsasən, kredit müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənilmədikdə isə borcalan vaxtı keçmiş kreditə görə ikiqat, yəni illik 58 faiz ödəməlidir. Müqavilənin 4.1-ci bəndinə əsasən müştəri ödəniş qrafikinə əsasən ödənişi gecikdirirsə 1ci gecikmə günündən 10-cu gecikmə gününə qədər gecikdirilmiş məbləğin 0,1 faizi, 11-ci gündən başlayaraq isə 1 faizi həcmində dəbbə pulu ödəyir. 22 noyabr 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 18 noyabr 2022-ci il tarixinə SBLMB-08078 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 743,74 manat, faiz borcuna görə 205,22 manat, dəbbə borcuna görə 191,6 manat olmaqla, cəmi 1140,56 (bir min yüz qırx manat, əlli altı qəpik) manat təşkil edir. Hesabdan çıxarışa əsasən cavabdeh sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 144,44 manat ödəniş etmiş və qalıq əsas borcu 743,74 manat təşkil etmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-08078 nömrəli saxlanc girovu haqqında müqavilənin surətindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün bağlanmışdır. Müqavilənin 4.1-ci bəndində göstərilir ki, “girovun predmeti olaraq (bundan sonra “əşya”) bu müqavilənin ayrılmaz hissəsi olan Əlavədə (siyahı) sadalanan qızıl-zinət əşyaları hesab edilir”. Müqavilənin 4.3.cü bəndində qeyd edilir ki, “girovun predmeti olan əşya girov saxlayana saxlanca verilir... Girovun predmeti olan əşya qiymətləndirici tərəfindən qiymətləndirildikdən və tərəflər bu qiymətlə razılaşdıqdan sonra üç nüsxədən ibarət Akt tərtib edilir,...iştirakçıların imzası ilə təsdiqlənib saxlanca qəbul edilir”. Saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, həmin Akt iki hissədən ibarət olmaqla birinci hissəsində əyarı 750, çəkisi 15, dəyəri 1065 manat, bazar dəyəri 1578 manat olan saat korpusunun qeyd olunan şəkildə qiymətləndirilməsi, ikinci hissədə isə Cavabdeh həmin əşyanı xx.xx.2021-ci il tarixdə Rabitəbank ASC-nin Səbail filialından 12 ay müddətə 29 faizlə götürəcəyi 958 manat məbləğdə lombard kreditinin təminatı olaraq kassaya təhvil verməsi öz əksini tapmışdır. Aktı Cavabdeh, girovun qeydiyyatını aparan bankın kredit mütəxəssisi X2, qiymətləndirici X4, kredit meneceri/müdir müavini (ad soyad göstərilməyib), təhvil alan qismində X1 imzalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə iddia tələbinin əsas borc olan 743,74 manat pulun tutulması hissəsi ilə tam razılaşır. Belə ki, təqdim edilmiş sübutlar cavabdehin iddiaçıdan faizlər ödəmək və 12 ay müddətinə qaytarmaq şərtilə 958 manat kredit aldığını, yalnız iki dəfə ödəniş etdiyini, xx.xx.2022-ci il tarixdən sonra heç bir ödəniş etmədiyini və qalıq əsas borcunun 743,74 manat olduğunu təsdiq edir. Bununla yanaşı məhkəmə faiz borcunun miqdarının aşkar surətdə düzgün hesablanmadığı qənaətinə gəlir. Müqavilə üzrə kreditin illik faiz dərəcəsi 29 faizdir. xx.xx.2022-ci il tarixə qalıq əsas borc 743,74 manatdır. Faizlər qalıq əsas borca hesablanır. Kredit faizləri yalnız müqavilə müddəti üçün hesablana bilər. Müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə başa çatmışdır. Yəni, iddiaçının kredit üçün tələb edə biləcəyi faizlər 743,74 manat pulun illik 29 faizinin 9 aylıq həcmidir. Bu məbləğ isə 161,76 manatdır (743,74 x 29% /12 x9). Məhkəmə kredit müqaviləsinin 1.4-cü bəndində nəzərdə tutulmuş ikiqat faiz şərtinin müqavilə başa çatdıqdan sonrakı dövrü nəzərdə tutmasını qeyd edərək bir daha vurğulayır ki, kredit müddəti başa çatdıqdan sonra kredit faizləri hesablana bilməz və müqavilənin həmin şərti dəbbə pulu şərti kimi nəzərdən keçirilməlidir. Beləliklə müəyyən edilir ki, müqavilə üzrə iki növ dəbbə pulu hesablanması qaydası şərtləşdirilmişdir. Müqavilə müddəti ərzində - ödənişlərin qrafik üzrə ödənilməsinin gecikdirildiyi günlərin sayına görə gecikdirilmiş məbləğin 0,1 və ya 1 faizi; müqavilə müddəti başa çatdıqdan sonra - gecikdirilmiş əsas borcun illik 58 faizi həcmində dəbbə pulu müəyyən edilmişdir. İddiaçı ümumilikdə cavabdehdən 191,6 manat dəbbə pulu (cərimə) tutulmasını tələb etmişdir. Dəbbə pulunun məbləği müqavilə şərtlərinə uyğun olsa da məhkəmə həmin məbləği qalıq əsas borca nisbətdə tənasübsüz dərəcədə yüksək hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını nəzərə alaraq əlavə olaraq yüksək məbləğdə dəbbə pulunun tətbiq edilməsinin cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 191,6 manat dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 30 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə tələb üzrə tutmanın cavabdehə məxsus olan bir ədəd qızıl saat korpusuna yönəldilməsi, həmin əşyanın hərracdan satılaraq əldə edilən vəsait hesabına borcun ödənilməsi hissəsində iddianı əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 280.2-ci maddəsinə əsasən, girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.4-cü maddəsinə əsasən, bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli saxlanc girovu müqaviləsinə əsasən cavabdehə məxsus olan və iddiaçıya saxlanca verilmiş bir ədəd qızıl saat korpusunun kredit öhdəliyinin təminatı üçün yüklü edildiyini iddia edir. xx.xx.2021-ci il tarixli girov müqaviləsinin mətnində girovun predmeti birbaşa ifadə edilməmiş, girov predmetinin bu müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavədə sadalanan qızıl-zinət əşyaları olması qeyd edilmişdir. Lakin girov müqaviləsinin hər hansı əlavəsi yoxdur. Beləliklə girovun predmetinin nə olması girov müqaviləsinə əsasən təyin edilə bilmir. İddia edilə bilər ki, xx.xx.2021-ci il tarixli “Saxlanc girovunun qiymətləndirilməsi və kassaya təhvil verilməsinə dair” Aktdan, yaxud cavabdehin razılıq ərizəsindən bir ədəd qızıl saat korpusunun girovun predmeti olması müəyyən olunur. Lakin, nəzərə alınmalıdır ki, girovun predmeti hər hansı başqa sənəddə, ərizədə, aktda və s. deyil, girov müqaviləsinin məzmununda göstərilməlidir və bu tələbə riayət olunmaması girov müqaviləsinin etibarsızlığına səbəb olur. Digər tərəfdən xx.xx.2021-ci il tarixli Akt müqavilənin əlavəsi də hesab edilə bilməz. Birincisi, həmin aktın mahiyyəti onun məzmunundan aydın olur; ikincisi, aktın statusu müqavilənin 4.3.1-ci bəndi ilə müəyyən edilir və buradan da məlum olur ki, girovun predmeti müəyyən edildikdən sonra, əşyanın saxlanca verilməsini təsdiq etmək üçün akt tərtib edilir. Ən əsası isə odur ki, Aktı tərtib edən tərəflərlə girov müqaviləsini imzalayan tərəflər fərqli şəxslərdir. Girov müqaviləsini iddiaçının adından Rabitəbank ASC-nin Səbail filialının müdiri imza etsə də Aktda həmin şəxsin imzası yoxdur. Bu isə həmin Aktın müqavilənin əlavəsi olmadığını bir daha aydın göstərir. Belə məlum olur ki, tərəflər girov müqaviləsinə əlavə ilə girovun predmetini müəyyən etməli olsalar da sonradan belə əlavə imzalanmamış və faktiki olaraq girov müqaviləsi ilə girovun predmeti müəyyən edilməmişdir. Beləliklə, girov müqaviləsində girovun predmeti göstərilmədiyindən həmin müqavilə əhəmiyyətsizdir. Əhəmiyyətsiz müqavilə isə onda göstərilən hüquqi nəticəni yarada bilməz (Mülki Məcəllə maddə 337.4). Buna görə də iddia tələb üzrə tutmanın girov predmetinə yönəldilməsi hissəsində təmin edilməməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 743,74 manat əsas borc, 161,76 manat faiz borcu, 30 manat dəbbə pulu olmaqla, cəmi 935,50 manat pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Faiz və dəbbə pulu tələbinin qalan hissəsi, eyni zamanda tutmanın girov predmetinə yönəldilməsi hissələrində isə iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İş materiallarından görünür ki, məhkəmə xərcləri iddiaçının iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödəmiş olduğu 31,41 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumunun 22 manat hissəsinin əvəzi də cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357-360-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, SBLMB-08078 saylı kredit müqaviləsi üzrə Cavabdeh 743,74 manat əsas borc, 161,76 manat faiz borcu, 30 manat dəbbə pulu olmaqla, cəmi 935,50 manat (doqquz yüz otuz beş manat, əlli qəpik) kredit borcu və ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 22 (iyirmi iki) manat pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Tural Qocayev
Məhkəmə qərarları › İş №e-2(125)-436/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-436/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver