Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-437/2023 30.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (məhkəmə iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh1 və Cavabdeh2 qarşı iddiaçıya vurulmuş maddi ziyanın əvəzi qismində 2.200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi R.N.Ağayev məhkəmədə iddianı müdafiə edərək, bildirdi ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Qazax» filialından daxili köçürmə vasitəsi ilə Cavabdeh1 adına 600 manat məbləğində pul vəsaiti daxil olmuşdur. Həmin pul vəsaiti 01 iyul 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən götürülmüşdür. Pul vəsaiti götürülərkən, Bankın əməkdaşı «pulun alınması haqqında bildiriş»də 600 manat yazılmasına baxmayaraq, texniki səhvə yol verərək 600 manat əvəzinə Cavabdeh1 6.000 manat məbləğində pul vəsaiti vermişdir. Qeyd edilən hadisə 01 iyul 2022-ci il tarixdə, saat 13:02 radələrində baş vermişdir. Cavabdeh1 kassadan pulu götürdükdən dərhal sonra kassanın qarşısında dayanaraq, pulu bir neçə dəfə saymış, artıq verilmiş pulu geri qaytarmamış və filialın binasını tərk etmişdir. Həmin gün axşam reqlamentə uyğun olaraq, kassanın qalıq vəsaiti sayılarkən müəyyən olunmuşdur ki, kassada 5.400 manat əskik vardır. Kamera görüntülərini incələdikdən sonra Cavabdeh1 pulun artıq verildiyi müəyyən olunmuşdur. Filialın əməkdaşları tərəfindən həmin şəxslə əlaqə saxlanılmasına, müvəqqəti yaşadığı ünvana gedilərək, pulun tələb edilməsinə baxmayaraq, artıq verilmiş 5.400 manat məbləğində pulun yalnız bir hissəsinin 3.000 manat hissəsinin qaytarılması mümkün olmuşdur. Cavabdeh1 qalan 2.400 manat manat məbləğində pulu xərclədiyini bildirərək, qaytarmaqdan imtina etmişdir. Cavabdeh1la dəfələrlə danışılmasına, söhbət aparılmasına baxmayaraq, bu danışıqların heç bir nəticəsi olmamışdır. Daha sonra Cavabdeh1 arvadı Cavabdeh2 filiala dəvət edilmiş və məsələ barədə fikri öyrənilmişdir. Aydın olmuşdur ki, bankdan pulun artıq götürülməsindən Cavabdeh2 da məlumatı olmuşdur. Belə ki, Cavabdeh2 Banka təqdim etdiyi aktdan görünür ki, o, qeyd edilən 600 manat əvəzinə 6.000 manat məbləğində götürülməsindən, eyni zamanda pulun ailənin ümumi ehtiyaclarına xərcləndiyindən məlumatlı olmuşdur. Cavabdeh2 Banka 200 manat məbləğində pul ödəmiş və qalan 2.200 manat məbləğində pul vəsaitini aylıq 50-100 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda hər iki şəxs barəsində Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə şikayət edilmiş, hər iki şəxsin əməllərinin araşdırılması xahiş edilmişdir. Polis Bölməsi tərəfindən Cavabdeh2 Bölməyə dəvət edilərək izahatı alınmışdır. Dəfələrlə tələb edilməsinə baxmayaraq, cavabdehlər Banka vurduqları zərəri ödəməkdən imtina etmiş, artıq götürülmüş pulun qalan hissəsini Banka qaytarmamışlar. Cavabdeh1 faktiki olaraq artıq vəsaiti bilərəkdən götürməklə Banka zərər vurmuşdur. Həmin pulu götürməsi üçün nə müqavilə, nə də qanuni əsas olmamışdır. Buna görə də 2.200 manat məbləğində pul vəsaiti cavabdehlərdən alınıb iddiaçıya verilməlidir. Sonda R.N.Ağayev iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan pulun alınması haqqında 01 iyul 2022-ci il tarixli bildirişdən görünür ki, X2 tərəfindən 01 iyul 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinin «Qazax» filialından Cavabdeh1 600 manat məbləğində pul vəsaiti göndərilmişdir. İşdə olan Cavabdeh2 tərəfindən Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində verdiyi izahatdan görünür ki, Cavabdeh2 Cavabdeh1 və 2 övladı ilə birlikdə Bakı şəhəri Xətai rayonu NZS qəsəbəsi Mingəçevir küçəsində yaşayır. Cavabdeh1la rəsmi nikaha girməsə də faktiki olaraq ər-arvad münasibətlərindədirlər. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 hesabına 600 manat məbləğində pul vəsaiti köçürülmüş, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən filialına gedərək, oradan 6.000 manat məbləğində pul vəsaiti almışdır. Həmin pul vəsaitindən onun məlumatı olmuşdur. O, həmin pulların geri ödənilməsini tələb etdikdə Cavabdeh1 qeyd pulun 3.000 manat məbləğində hissəsini borclarına və avtomobilin ehtiyyat hissələrinə sərf etdiyini bildirmişdir. O, 3.000 manat məbləğində pul vəsaitini Cavabdeh1 aldıqdan sonra İddiaçı açıq səhmdar cəmiyyətinin əməkdaşına qaytarmış, digər 200 manat məbləğində pul vəsaitini isə özü İddiaçı açıq səhmdar cəmiyyətinə ödəmişdir. Digər 2.200 manat məbləğində pul vəsaitini isə İddiaçı açıq səhmdar cəmiyyətinə qaytaracaqdır. Hazırda 2.200 manat məbləğində vəsaiti olmadığına görə hər ay 50-100 manat olmaqla, yaranmış borcu tam ödəyəcəkdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin əməkdaşı E.Bayramova tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli izahatdan görünür ki, xx.xx.2022-ci il tarixdə Bank daxili köçürmə sistemi ilə daxil olmuş 600 manat məbləği fikirli olduğu üçün 6.000 manat görüb, müştəriyə səhvən 5.400 manat artıq vermişdir. İşdə olan iddiaçı tərəfindən təqdim edilmiş videogörüntülərdən görünür ki, Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətindən 600 manat məbləğindən aşkar şəkildə artıq olan pul vəsaitini götürərək, kassadan uzaqlaşmışdır. Beləliklə, mülki işin məhkəmə iclasında müəyyən edilmiş hallarından görünür ki, X2 tərəfindən 01 iyul 2022-ci il tarixdə İddiaçı açıq səhmdar cəmiyyətinin «Qazax» filialından Cavabdeh1 600 manat məbləğində pul vəsaiti göndərilmiş, lakin texniki yalnışlıq nəticəsində Cavabdeh1 6.000 manat məbləğində pul vəsaitini qəbul etmişdir. Sonradan Cavabdeh1 artıq qəbul etdiyi 5.400 manat məbləğində pul vəsaitinin 3.200 manat məbləğində hissəsini İddiaçı açıq səhmdar cəmiyyətinə qaytarsa da, qeyd olunan pul vəsaitinin 2.200 manat məbləğində hissəsini geri qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki işin məhkəmə tədqiqi zamanı iddiaçı öz iddia tələbinin əsası kimi göstərdiyi halları, yəni Cavabdeh1 İddiaçı açıq səhmdar cəmiyyətindən qanuni əsas və ya müqavilə əsası olmadan 5.400 manat məbləğində pul vəsaitini əldə etməsini və həmin vəsaitin 2.200 manat məbləğində hissəsini qaytarmamasını pulun alınması haqqında 01 iyul 2022ci il tarixli bildirişi, digər Cavabdeh2 Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsində verdiyi izahatı, habelə videogörüntüləri təqdim etməklə sübuta yetirsə də, Cavabdeh2 İddiaçı açıq səhmdar cəmiyyətindən hər hansı məbləğdə pul vəsaitini əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, cavabdehlər isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə münasibətlərini, eləcə də iddia tələbinə etirazlarının olub-olmamasını məhkəməyə bildirməmişlər. Beləliklə, məhkəmə mülki işin məhkəmə iclasında müəyyən olunmuş və yuxarıda qeyd edilmiş hallarını nəzərə alaraq, hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 2.200 manat məbləğində pul vəsaiti alınıb İddiaçı açıq səhmdar cəmiyyətinə verilməlidir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə isə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə münasib olaraq məhkəməyə iddia ərizəsi verilərkən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 manat qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh1 2.200 (iki min iki yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 42 (qırx iki) manat, cəmi 2.242 (iki min iki yüz qırx iki) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev
Məhkəmə qərarları › İş №e-2(125)-437/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-437/2023
30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver