Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4454/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X30 Şakir oğlunun sədrliyi, X11 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə mülki işə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03 yanvar 2012-ci il tarixdə doğulmuş X7, 22 oktyabr 2015-ci il tarixdə doğulmuş X8 və X1 üçün müəyyən edilmiş 120 manat alimentin artırılaraq, hər ay hər uşağa görə 250 manat müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X16 adında 3 uşaqları anadan olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-1096/2022 saylı qətnaməsi ilə birgə nikahdan olan uşaqların saxlanması üçün hər ay 360 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmişdir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. O, 5 saylı Gəncə işarəvermə və rabitə sahəsində mühəndis-proqramlaşdırıcı vəzifəsində işləyir. Hər ay 620 manat əmək haqqı alır. Bundan başqa, fərdi əməklə də məşğuldur. Xeyli gəlir əldə etməsinə baxmayaraq, uşaqların saxlanması üçün alimentdən başqa heç bir maddi yardım göstərmir. Qazancı qeyri-müntəzəm və dəyişkəndir. O, isə uşaqları saxlamaqda çətinlik çəkir. Cavabdehin verdiyi alimentlə uşaqların gündəlik qidalanmasını ödəməkdə çətinlik çəkirəm. Uşaqlar daima inkişafda olduğundan və böyüdüyündən daima təzə paltarlar almaq məcburiyyətindədir. Əvvəllər ayda cəmi 470 manat əmək haqqı alırdı. Hazırda isə ona işdən azad oıunacağı ilə bağlı xəbərdarlıq gəlmişdir. Ölkədə dayanmadan baş verən inflyasiya nəticəsində əmək fəaliyyəti ilə məşğul olduğu və əmək haqqı aldığı zaman belə uşaqları bu məbləğdə alimentlə saxlamaqda çətinlik çəkir. Məhkəmənin qətnaməsi ilə 3 uşağa 360 manat alimentin müəyyən edildiyi vaxtdan sonra dəfələrlə qiymətlərdə artış olmuşdur ki, bu da ümumi infliyasiyanı göstərir. Belə ki, Tarif Şurasının xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli 4 və 10 saylı qərarları ilə neft məhsullarının qiymətində, xx.xx.2022ci il tarixli 13 saylı qərarı ilə rabitə və poçt xidmətlərinin qiymətlərində, xx.xx.2023-cü il tarixli 1 saylı qərarı ilə nəqliyyat xərclərinin qiymətlərində, daha sonra xx.xx.2023-cü il tarixli 6 saylı qərarla dərman qiymətlərinin, xx.xx.2024-cü il tarixli 7,8,9, 10 saylı qərarları ilə 75-90 faizdən artıq olması qərara alınmışdır. Tarif Şurası keçən iki il ərzində 15-16 dəfə dərman məhsullarının qiymətlərində artımla bağlı qərar qəbul etmişdir. Bu müddət ərzində təbii qaz və elektrik enerjisindən istifadə ilə əlaqədar qiymətlər də artırılmışdır. Son artımlara qədər ölkədə 75-90 faizdən artıq inflyasiyanın mövcudluğunu təsdiq edir. Həmçinin, bu iki ildə bir neçə dəfə inflyasiya nəzərə alınaraq təqaüdlərin indeksləşdirilməsi baş vermişdir. Bütün bunlar isə alimentin məbləğinin artırılmasını zəruri edir. Yuxarıda da qeyd etdiyi kimi, bu müddət ərzində uşaqları böyümüşlər. Əvvəllər böyük uşağın paltarını kiçik qızlara geydirə bilirdisə, hazırda kiçik qızları bunu qəbul etmirlər. Onlar böyüdükcə, tələbatları da böyüyür. Sürətlə böyüdüklərindən bir ildə bir neçə dəfə ayaqqabı almaq, üst və alt geyimlər almaq məcburiyyətindədir. Bundan sonra İddiaçı AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə “iddia tələbinin həcminin artırılması” barədə ərizə verərək, bildirmişdir ki, Cavabdeh onun qaldırdığı iddiaya etiraz təqdim etmiş, onun məhkəmədə uşağın atasının razılığı olmadan ölkə hüdudlarından kənara çıxarılmasına razılıq verilməsinə dair iddia qaldıran zaman guya ki, Respublikadan kənarda istirahət etmək istədiyini bildirmişdir. Məhkəmənin qətnaməsi bir il bundan əvvəl qanuni qüvvəsini alsa da, lakin nə onun, nə də övladlarının xarici pasportu yoxdur, ölkə hüdudlarından kənara çıxmamışlar. Ölkə hüdudlarından kənara övladlarının inkişafı üçün çıxmaq onun arzusu və istəyidir, lakin hazırda həmin arzu və istəklərinin gerçəkləşməsi üçün maddi imkanı yoxdur. Onun övladları müxtəlif sahələrdə - gimnastika, şahmat, fənn müsabiqələri, olimpiadalarda müvəffəqiyyətlər əldə etmişlər. Onların bu sahələr üzrə ölkə hüdudlarından kənara çıxmaq ehtimalı hər zaman var. Bundan başqa, bildirir ki, əsas işi “Təhsilalanlarla iş şöbəsi” müdiridir. O, şöbə müdiri vəzifəsini daşıdığına görə, müəllim kimi 480 saatdan artıq dərs yükü ilə təmin edilə bilmir. Bu zaman əsas işi müəllim olan şəxslər dərs saatı ilə tam təmin olunduqdan sonra artıq qalan dərs saatı mövcud olduğu halda, ona tədris etməsi üçün dərs saatı verilir. Buna görə də onunla tədris ilinin sonuna qədər bir illik müqavilə bağlanılır. Onunla müəllim kimi müddətli əmək müqaviləsi bağlandığından müəllim kimi sertifikasiyada iştirak etmək hüququna malik deyildir və həmin sertifikasiaya buraxılmır. Bu il ingilis dili müəllimlərinin sertifkasiyası həyata keçirilsə də, o, həmin sertifikasiyada bütün bunlara görə iştirak edə bilməmişdir. Hazırda “təhsilalanlarla iş şöbəsi” ləğv edilmiş, ona iş yerinin ixtisarı ilə əlaqədar olaraq xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdeh öz etirazında bildirmişdir ki, “...onda mən hər 3 uşağı qəbul edib hal-hazırda yeni ailəm və övladımla birgə böyüdüb başa çatdırmağa hazıram”. Bu, isə onun övladlarına qarşı cavabdehin etinasızlığının göstəricisidir. Yanındakına “övladım” deyir, lakin onun uşaqlarına demir. O, uşaqlarının inkişafı üçün çalışan anadır. Onun kiminsə ailəsinə intriqa salmaq niyyəti yoxdur, olmamışdır. Yalnız övladlarının hüquqlarını müdafiə edir. Yuxarıda da qeyd etdiyi kimi, uşaqları müxtəlif olimpiadalarda və yarışlarda iştirak edir. Riyaziyyatla bağlı keçirilən “Kenquri” Beynəlxalq olimpiadasında iştirak etmək üçün hər bir uşaq üçün 20 manatdır. Onun uşaqları hər üçü hər il bu olimpiadada iştirak edir. Uşaqları “SASMO” Riyaziyyat olimpiadasında iştirak etmişlər. Bu olimpiadada bir imtahanda iştirak qiyməti 45 manatdır. Gimnastika yarışlarında iştirak etmək üçün 60 EURO məbləğindədir. Üstəlik, saç düzümü və paltarlar hər biri bahalıdır. Bir saatlıq yarışda iştirak üçün paltar kirayələməsi 70-100 manat arasında olur. Bu il övladları musiqi məktəbinə daxil olmuşlar. Musiqi məktəbində təhsil ödənişli olur. Hazırda həmin sənədləri də əlavə edir. Bundan başqa, övladı Aycan ingilis dili üzrə müsabiqədən keçmiş 150 manatlıq kursu 69 manata keçmək hüququ qazanmışdır və o, həmin müqavilənin surətini də əlavə edir. Bütün bunlar vəsait tələb edən məsələlərdir. Cavabdeh isə bu məsələlərin heç birində iştirak etmək istəmir. Bundan yayınır. Cavabdeh təqdim etdiyi etirazda məhkəməni aldadır ki, guya ki, o, ingilis dilindən uşaq hazırlayır. Lakin bildirir ki, onun uşaq hazırlamaq üçün vaxtı və şəraiti yoxdur. Yaşadığı evdə valideynləri, bacısı və onun övladı ilə yaşayır. Orada uşaq hazırlamaq mümkün deyildir. Üstəlik, o, bu günə qədər şöbə müdiri olduğundan bütün gün ərzində işdə olmuşdur. İşdən qalan vaxtlarını isə övladlarına sərf etmişdir. Onların bu cür nailiyyətlər əldə etməsinin səbəbi onun onlarla kifayət qədər çox vaxt sərf etməsinin nəticəsidir. O, bir qadın kimi həm işləmiş, həm də övladlarının layiqli vətəndaş kimi yetişməsi üçün çalışmışdır. Onun əgər uşaq hazırlamaq üçün vaxtı olsaydı, o zaman öz övladını nəyə görə 69 manata ingilis dilindən hazırlığa qoyurdu?! O zaman elə öz uşağını hazırlayardı. Cavabdeh etirazında bildirmişdir ki, onun ingilis dilindən uşaq hazırlamağını sübut edə bilər. Əgər elə bir sübutları varsa, məhkəməyə təqdim edə bilər. Bütün bunlardan başqa, hazırda iddianın həcmini artırmaq niyyətindədir. Cavabdeh 03 yanvar 2012-ci il tarixdə doğulmuş X7, 22 oktyabr 2015-ci il tarixdə doğulmuş X8 və X1 üçün müəyyən edilmiş 120 manat alimentin artırılaraq, hər ay hər uşağa görə 250 manat müəyyən edilməsinə, həmçinin onun tərəfindən ödənilmiş 55 manat mediasiya xərcinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işi ilə əlaqədar olaraq məhkəmənin 16 oktyabr 2024-cü il tarixli baxış iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2018-ci ildə ikinci dəfə ailə həyatı qurmuş və bir övladı dünyaya gəlmişdir. Arvadı insult keçirmişdir. O cümlədən maddi vəziyyəti də yaxşı deyildir. Kirayədə yaşayır və aliment artacağı halda iddiaçının tələb etdiyi məbləğdə alimenti ödəmək imkanı yoxdur. Həmçinin, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1096/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə 3 uşağın saxlanılması üçün müəyyən edilmiş cəmi 360 manat sabit pul məbləğində alimenti gecikdirmədən vaxtı-vaxtında ödəyir. Lakin, hal-hazırda alimentin artırılmasına razı deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1096/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3506/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi və həmin məbləğdə alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması və ilkin mediasiya sessiyasına ödənilmiş 50 (əlli) manat Cavabdeh İddiaçı xeyrinə tutulması və 30 (otuz) manat dövlət rüsumu Cavabdeh tutularaq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4454/2024 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2284/2023 nömrəli, 04 oktyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4454/2024 nömrəli, 27 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Gəncə Şəhər Məhkəməsinin e-2(125)-4606/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən iddianın etiraf olunmasının təsdiq edilməsi, İddiaçı iddiasının təmin edilməsi, 03 yanvar 2012-ci ildə anadan olmuş X7, 22 oktyabr 2015-ci ildə anadan olmuş X4 və X8 ataları, Cavabdeh razılığı olmadan, anaları İddiaçı ilə birlikdə Azərbaycan Respublikasından getməsinə və Azərbaycan Respublikasına gəlməsinə icazə verilməsi qət edilmişdir. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı ona qarşı Gəncə Şəhər Məhkəməsinə iddia ilə müraciət edərək alimentin artırılmasına dair qətnamə çxarılmasını xahiş etmişdir. İddiaçının iddiası əsassız və ədalətsiz olduğu üçün, o təmin edilə bilməz. İddiaçı göstərmişdir ki, onun əmək haqqısında dəyişiklik olduğu üçün və uşaqlara vaxtıvaxtında və gecikdirilmədən məhkəmənin çıxardığı qətnamə əsasında ödədiyi 360 manat (hər bir uşağa 120 manat olmaqla) uşaqları saxlanması üçün kifayət etmir. Lakin o, aşağıda bir neçə səbəb göstərməklə bu iddianın əsassız olduğunu bildirir. İddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, o, 5 nömrəli İşarəvermə və Rabitə Sahəsində mühəndisproqramçı vəzifəsində çalışmaqla 620 AZN əmək haqqı alır. Əlavə olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, 2023-cü ilin avqust ayının 18-dən 5 nömrəli İşarəvermə və Rabitə sahəsində ştat cədvəlində baş vermiş dəyişikliklərlə bağlı olaraq onun vəzifəsində və aylıq oklad maaşında dəyişiklik olmuşdur. Belə ki, onun tutmuş olduğu "mühəndisproqramlaşdırıcı" vəzifəsi yeni ştat cədvəlinə uyğun olaraq dəyişdirilərək “elektrik mexaniki” olub və aylıq əmək haqqı okladı 620 manatdan enərək 564 manat olmuşdur. Bu amilin nəzərə alınmasını xahiş edir. Əgər iddiaçı özünün iddia ərizəsində qeyd etdiyi kimi 360 manat uşaqların gündəlik qidalanması və saxlanması üçün çətinlik çəkdiyini bildirirsə, onda hansı səbəbdən xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə (işin nömrəsi e- 2(125)-4606/2023) müraciət edərək "valideynin razılığı olmadan ölkə hüdudlarından kənara uşağın çıxarılması" ilə müraciət edərək və orada sözbəsöz olduğu kimi qeyd edərək "Mən uşaq!arımla birlikdə yay aylarında Azərbaycan Respublikasından kənarda istirahət etmək istəyirəm" bildirmişdir. Hamıya məlum olduğu kimi sərbəst və ehtiyat pul vəsaiti olmadan xarici ölkələrə istirahət etmək mümkünatı yalan və absurd məsələdir. Ona görə belə qənaətə gəlmək olar ki, ya iddiaçının sərbəst pul vəsaiti (əlavə gəliri) var, ya da uşaqları bəhanə edib ondan alimentin artırıb öz şəxsi istirahətini təmin edərək, onun simasında isə yeni qurduğu ailəsini (həyat yoldaşı və övladını) öz şəxsi intriqa və ambisiyası nəticəsində yoxsulluğa gətirib çıxarmaqdır. İddiaçı X31 Təhsil Mərkəzində "Təhsilalanlarla iş şöbəsi”nin şöbə müdiri vəzifəsində çalışdığını bildirir və bu vəzifənin ixtisar olduğu göstərir, lakin məhkəməyə eyni zamanda mərkəzdə ingilis dili tədris etdiyi barədə məlumatları bildirmir. Bir ingilis dili müəllimi olaraq həm mərkəzdə, həm də təhsildən kənarda gəlir əldə etdiyini yəqin bilir. Çünki əlavə gəliri olduğu üçün bir daha məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, yuxarıda qeyd etdiyi kimi "Xaricdə yay aylarında istirahət etmək" niyyəti ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 maddəsini əsas gətirərək elə göstərir ki, guya uşaqlara baxmaq yalnız ata tərəfindən alimentin ödəməklə müəyyən olunmuşdur. Lakin diqqətlə oxusa orada valideynlər (ata və ana) uşaqlarını saxlamağa borcludurlar. Ona görə 2024-cü il üçün müəyyən olunmuş uşaqlara 235 manat məbləğin tamı hər iki valideynin üzərinə düşür. Əgər uşaqların baxılmasına çəkdiyi əziyyəti qiymətləndirmək istəyirsə, onda o, hər 3 uşağı qəbul edib hal-hazırda yeni ailəsi və övladı ilə birgə böyüdüb başa çatdırmağa hazırdır. Aliment məbləğinin dəyişdirilmədən saxlanması üçün onun qarşı tərəfə etiraz iddia qaldırmanın əsas səbəbi ondan ibarətdir ki, həyat yoldaşı X2 “beyin qan dövranının kəskin pozğunluğu. İşemik insult" keçirməsidir. Xəstənin 1 aylıq qəbul etdiyi dərmanların dəyəri 130 manatdan artıq təşkil edir. Yekun olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, o və onun himayəsində olan azyaşlı uşaq və işemik insult keçirmiş həyat yoldaşı hal-hazırda 120 manata kirayənişin kimi "Xəmsə küçəsi ev 61"-də yaşayırlar. Lakin bunu bir sənəd kimi təqdim etmək imkanı olmayacaq. Belə ki, sənəd təqdim etmək üçün notarial qaydada kirayə müqaviləsinin xərclərini və eyni zamanda bundan irəli gələcək digər bütün vergi və digər xərclərinin hamısı onun tərəfindən qarşılanacağını bildirdiyi üçün və onun bunu qarşılamaq imkanı olmadığı üçün sənəd təqdim edə bilmir. Lakin lüzum olarsa məhkəmənin nümayəndəsi ilə birlikdə qarşı tərəfin iştirakı ilə məhkəmə üçün bir daxili sənəd tərtib etməyə onun tərəfindən reallaşdırmaq imkanı vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qeyd edir ki, onun himayəsində az yaşlı uşaq, övladı Faiq Qaraxanlı və insult keçirmiş həyat yoldaşı Amaliya Qaraxanova vardır. Həyat yoldaşının aylıq müalicə və müayinəsi üçün kifayət qədər vəsait sərf olunur. Alimentin 360 manat miqdarında tutulması və onun tərəfindən təqdim olunmuş arayışda göstərilən əmək haqqı 564 manat (büdcəyə olan tutulmalar nəzərə alınmadan) olması ailəsi və insult keçirmiş həyat yoldaşının tam xərclərini qarşılamağa imkan vermir. Odur ki, təyin edilmiş alimentin sabit pul məbləğində hər uşağa 120 manat olmaqla cəmi 360 manat məbləğində tutulması məqsədə uyğun olardı. Həmçinin, İddiaçı ona qarşı Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edərək alimentin artırılması üçün bir neçə səbəb gətirmiş və özünü uşaqları üçün çalışan bir ana kimi qələmə verir. Lakin bunu da bildirir ki, özünün bildirdiyi kimi "Sənaye və Texnologiyalar üzrə X31 Təhsil Mərkəzi”nin rəhbərliyi tərəfindən 25 iyun 2024 cü il tarixdə aldığı xəbərdarlığa görə 27 avqust 2024-cü il tarixdən "Təhsilalanlarla iş şöbəsi"nin şöbə müdiri vəzifəsindən azad olunmalı idi. Həqiqətən iddiaçı özünün işdən azad olunacağı barədə məlumatlıdırsa və özünün bildirdiyi kimi əlavə uşaq hazırlığından heç bir gəliri yoxdursa, onda belə bir sual: "Qarşı tərəf özünün hansı sərbəst pul vəsaitinə arxayın olub 08 avqust 2024-cü il tarixdə "xxxx" MMC ilə aylıq xidmət haqqı ödənişi 69 manat olan "Xidmət müqaviləsi" bağlayır. Bu xərc məcburi və vacib xərc kimi söyləmək olmaz əgər ki, özün bir ingilis dili fənni tədris edən müəllim olduğu halda. Onda ya İddiaçı özünü uşaqlar üçün heç bir əziyyətə qatlamayaraq onun simasında yeni qurduğu ailəni (həyat yoldaşı və övladını) öz şəxsi intriqa və ambisiyası nəticəsində yoxsulluğa gətirib çıxarmaqdır, ya da uşaqların hazırlıqlarına və məşğələlərinə xərclədiyi bu vəsaitlərdən qat-qat artıq uşaq hazırlığından pul vəsaiti qazanıb əldə edir. Lakin yuxarıda göstərdiyi bu xərcin əksi olaraq onun məcburi əlavə xərcləri ortaya çıxır. Belə ki, sentyabr ayın 1-i həyat yoldaşı Amaliya Qaraxanova axşam radələrində təzyiqi yenidən yuxarı qalxaraq halı biqəfil ağırlaşmağa başlamış və "X29”ın həkim personalların səylərindən sonra halı yavaş-yavaş əvvəlki vəziyyətə qayıtmışdır. Sentyabr ayının 2-si yenidən X5 həkim-nevropatoloqu Elvin Niftəliyevin qəbulunda olmuşlar. Həkimin təkrar müayinəsindən sonra yenidən əlavə müalicə təyin etmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, həkim qəbulu 50 AZN və resept üzrə dərmanların ümumi dəyəri 138 AZN, əlavə evdə sistem vurmaq üçün tibb bacısının 15 AZN əl muzdlusu və digər növbədənkənar əlavə məcburi xərclər çıxmışdır. Əlavə bir də məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Elvin Niftəliyevin müalicəsi ilə birgə X19 həkimləri Hikmət Məmmədov və invaziv-kardioloqu Musa Qəhrəmanovun təyin etdiyi gündəlik davamlı müalicəsi də gedir və buda özlüyündə əlavə müalicə xərcləridir. Odur ki, İddiaçı Vaqif qızının iddiasının əsassız rədd edilməsinə və onun etiraz iddiasının qəbul olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili Üzrə Dövlət Agentliyi Sənaye və Texnologiyalar Üzrə X31 Təhsil Mərkəzi tərəfindən İddiaçı ünvanlanmış 25 iyun 2024-cü il tarixli, 70 nömrəli xəbərdarlıqda bildirilmişdir ki, Sənaye və Texnologiyalar üzrə X31 Təhsil Mərkəzində aparılan ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq onu gələcəkdə gözləyən işdən azad edilmə barədə xəbərdarlıq etmişlər. O, AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən bu xəbərdarlıq sənədi təqdim ediləndən 9 həftə sonra xx.xx.2024-cü il tarixdə tutduğu vəzifədən azad olunacaqdır. AZ-İV seriyalı, 458439 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 03 yanvar 2012-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İV seriyalı, 576029 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 22 oktyabr 2015-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. AZ-İV seriyalı, 576030 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 22 oktyabr 2015-ci il tarixdə doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş 29 iyun 2024-cü il tarixli iş yerinə dair arayışdan görünür ki, İddiaçı Sənaye Texnologiyaları üzrə X31 Təhsil Mərkəzində məşğulluq təsnifatı üzrə: Dövlət qulluqçusu-şöbə müdiri; əmək müqaviləsi üzrə: təhsil alanlar şöbəsində çalışmaqla 584 manat əmək haqqı alır. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə xx.xx.2024-cü il tarixli, MŞG/MT007/2024-01109 nömrəli arayışdan görünür ki, arayış vətəndaş İddiaçı və Cavabdeh ailə münasibətlərindən irəli gələn “alimentin artırılması” tələbinə dair müraciəti əsasında xx.xx.2024-cü il tarixində, 15:00 saatlarında keçirilən ilkin mediasiya sessiyasında iştirak etdiyini təsdiq etmək üçün verilir. Lakin, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etmədilər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (əlli beş) manat məbləğində xərci tam ödəmişdir. “İngilis dili üzrə hazırlıq xidmətlərinin göstərilməsinə dair” 08 avqust 2024-cü il tarixli xidmət müqaviləsindən görünür ki, icraçı "xxxx" X3 ilə sifarişçi İddiaçı arasında bağlanmış müqavilədən görünür ki, icraçı bu müqavilə əsasında Sifarişçiyə nəzərdə tutulmuş müddət ərzində Sifarişçinin xarici dil (ingilis dili) üzrə bilik və bacarıqlarının artırılması üçün hazırlıq xidmətləri göstərir, Sifarişçi isə İcraçının göstərdiyi xidmətin əvəzində İcraçıya bu müqavilə ilə müəyyənləşdirilmiş qaydada xidmət haqqı ödəyir. Hazırlıq xidmətləri onlayn şəkildəyəni internet informasiya sistemlərindən istifadə etməklə real vaxt rejimində məsafəli şəkildə həyata keçirilir. Tərəflərin əvvəlcədən qarşılıqlı yazılı razılığı olduğu təqdirdə xidmətlər offlayn, yəni üzbəüz real məkan-zaman daxilində də həyata keçirilə bilər. Sifarişçi bu müqavilə üzrə İcraçının göstərdiyi xidmətlərin müqabilində ona hər tədris ayı (8 dərs) üçün 69 (altmış doqquz) manat məbləğində aylıq xidmət haqqı ödəyir. AZ-İİ seriyalı, 261013 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 arasında nikah 06 mart 2018-ci il tarixdə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 06 mart 2018-ci il tarixdə 512 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə “Qaraxanov”, arvada “Qaraxanova” soyadı verilmişdir. AZ-İV seriyalı, 309846 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 11 mart 2020-ci il tarixdə doğulmuşdur. Anası: X2, atası: Cavabdehdur. “Gimnastika Baku” tərəfindən verilmiş diplomdan görünür ki, X10 İİİ yer tutmuşdur. 06 dekabr 2021-ci il tarixli “Kenquru Riyaziyyat” tərəfindən verilmiş sertifikatdan görünür ki, X15 14 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi X6 Müsabiqəsində iştirak etmişdir. 12 may 2022-ci il tarixli “Kenquru Riyaziyyat” tərəfindən verilmiş sertifikatdan görünür ki, X15 24 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi X6 Müsabiqəsində iştirak etmişdir. 01 iyun 2023-cü il tarixli “Kenquru Riyaziyyat” tərəfindən verilmiş sertifikatdan görünür ki, X16 16 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi X6 Müsabiqəsində iştirak etmişdir. 01 iyun 2023-cü il tarixli “Kenquru Riyaziyyat” tərəfindən verilmiş sertifikatdan görünür ki, X12 16 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi X6 Müsabiqəsində iştirak etmişdir. 01 iyun 2023-cü il tarixli “Kenquru Riyaziyyat” tərəfindən verilmiş sertifikatdan görünür ki, X15 16 aprel 2023-cü il tarixində Azərbaycan Respublikası Təhsil İnstitutunun təşkil etdiyi X6 Müsabiqəsində iştirak etmişdir. Gəncə şəhəri 14 saylı tam orta məktəb tərəfindən verilmiş diplomdan görünür ki, Qaraxanlı Aycan şahmat üzrə təlim məşq turnirində qızlar arasında İİİ yer tutduğuna görə təltif edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, hesab edir ki, uşaqların yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün sabit pul məbləğində müəyyən edilən alimentin miqdarının artırılması hissəsində iddia qismən təmin edilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş sübutların bilavasitə tədqiqi zamanı aydın oldu ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1096/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 3506/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2012-ci il təvəllüdlü X7, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir. Lakin, həmin vaxtdan uşaqlar böyüdüyü və onların bir sıra xərcləri artdığı üçün qət edilmiş hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment uşaqların saxlanılmaları üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanmaları üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, İddiaçı “alimentin artırılması” tələbinə dair mediasiya şurasına müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etsə də, tərəflər arasında razılıq əldə olunmamış, o səbəbdən də iddiaçı “alimentin artırılması” tələbinə dair iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasında iştirak etməmiş, lakin AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq, işi ilə əlaqədar olaraq məhkəmənin 16 oktyabr 2024-cü il tarixli baxış iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı cavabdehin gəlirlərinin artması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Konstitusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanunun: 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə görə isə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinin tələbinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 №-li Qərarının 8.14-cü bəndində məhkəmələrin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, alimentin artırılması tələbi iddiaçının müəyyən etdiyi məbləğdə deyil, qismən təmin edilməlidir. Belə ki, iddiaçının cavabdehdən tələb etdiyi alimentdən 2 ildən çox vaxt keçməsi və uşaqlar böyüdükcə onların tələbatları və saxlanma xərclərinin nisbətən artması, hazırda uşaqların azyaşlı olmalarını, tərəflərin ailə və maddi vəziyyəti nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehin gəlirləri barədə sübut təqdim edə bilməmişdir. Hazırki iş üzrə alimentin məbləği artırılan zaman əvvəlki qətnamə üzrə təyin olunan alimentin məbləği ilə yeni müəyyən olunacaq alimentin məbləği arasında tənasüblük gözlənilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbinə görə bilavasitə məhkəmə iclasında tədqiq edilən, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, həmin sübutlar bir-birini tamamlamaqla iddiaçının tələbinin qismən əsaslı olmasına dəlalət edir. Məhkəmə yuxarıda qeyd olunan qanunvericiliyin normalarını, məhkəmə iclası zamanı müəyyən olunmuş halları, uşaqların maddi tələbat səviyyəsini, tərəflərin maddi və ailə vəziyyətini, tərəflərin gəlirləri barədə sübutların təqdim edilməməsini və habelə hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu səviyyəsini və uşaqları saxlamaq vəzifəsinin hər iki valideynə aid olduğunu nəzərə alaraq, tərəflərin birgə ailə münasibətindən doğulmuş uşaqların təminatının mümkün qədər maksimal saxlanması üçün iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə, həmçinin cavabdehin məhkəməyə ünvanlandığı etirazın dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdehin yenidən ailə həyatı qurması, o cümlədən həmin evliliyindən 1 uşağının olması hazırkı iş üzrə iddiaçı ilə nikahından olan uşaqlarının saxlanılması üçün üzərinə düşən vəzifələrdən azad edə bilməz və o, valideyn olaraq uşaqlarının saxlanılmasında, artan tələbatlarının qarşılanmasında iştirak etmək öhdəliyini daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, cavabdehin yenidən ailə qurması və yeni ailəni planlamaqla uşaqların dünyaya gəlməsinə qərar verməsinə görə sosial məsuliyyəti o daşımaqla bunlara görə gələcəkdə düşəcəyi hər cür maddi çətinlik qarşısında məsuliyyət daşıdığını da əvvəlcədən görməli və bilməli idi. Beləliklə, məhkəmə hesab edir ki, iş üzrə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanmaları üçün Cavabdeh İddiaçı xeyrinə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1096/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş, hər ay hər uşaq üçün 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində tutulan alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilməlidir. İddia tələbi üzrə miqdarı dəyişdirilmiş (artırılmış) alimentin tutulması, qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Bundan başqa «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilir. Həmin qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə məhkəməyə verilən iddia ərizələri üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqında iddialarda bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinin tələbinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, İddiaçı olduğundan dövlət rüsumunun ödənilməsindən azad edildiyi üçün ona hər ay cavabdeh tərəfindən ödənilməli olan alimentin artırılmış hissəsi 45 manat olmaqla, həmin məbləğin bir il ərzində məcmusu 540 manat təşkil etdiyindən, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 (əlli) manat məbləğində mediasiyaya dair xərci ödəmiş, cavabdeh isə mediasiya sessiyasında iştirak etsə də mediasiya xərcini ödəməmişdir. Mediasiyaya çəkilən xərc iddiaçı tərəfindən ödənildiyindən, məhkəmə hesab edir ki, Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər qismində 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-1096/2022 nömrəli, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılsın və xx.xx.2012-ci il təvəllüdlü X15, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2015-ci il təvəllüdlü X8 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün Cavabdeh hər ay hər uşaq üçün 135 (bir yüz otuz beş) manat olmaqla, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə verilsin. Artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində 20 (iyirmi) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov
Məhkəmə qərarları › İş №e-2(125)-4454/2024
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4454/2024
16.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver