Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4489/2023 14.07.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, “Jinbei H2L” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyana görə ödənilmiş 1090 manat sığorta ödənişinin və ödənilmiş 30,90 manat məbləğində dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, “Jinbei H2L” markalı, **-AE-*** dövlət qeydiyyat nişanlı avtomobil (bundan sonra – Sığortalanmış avtomobil) xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi baş vermiş, Cavabdeh mülkiyyətində olan “Naz Lifan” markalı, ** DL *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük vəsiqəsi olmadan idarə edərkən yol hərəkəti qaydalarını pozmaqla yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə sığortalanmış avtomobilə zərər vurmuşdur. Gəncə şəhəri X2 Şöbəsinin xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. “Jinbei H2L” markalı avtomobilə dəymiş zərər 1090 manat məbləğində qiymətləndirilərək, həmin məbləğdə pul vəsaiti iddiaçı "xxxx" ASC tərəfindən sığortalı “X1 Şirkəti” MMC-yə ödənilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə törədilmiş nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən sığortalanmış və “X1 Şirkəti” MMC-nin qanuni sahibliyində olan “Jinbei H2L” markalı avtomobilə maddi zərər dəymişdir. Baş vermiş hadisənin cavabdehin idarə etdiyi “Naz Lifan” markalı avtomobil ilə törədilməsi iş materiallarına əlavə edilmiş İnzibati Xəta haqqında protokolda və müvafiq qərarda öz əksini tapmışdır. Hadisə nəticəsində əmlaka dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Jinbei H2L” markalı sığortalı avtomobilə 1090 manat məbləğində ziyan dəymişdir. xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən iddiaçı sığortalıya 1090 manat sığorta ödənişi həyata keçirmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Sığortaçı tərəfindən sığortalıya ödənilmiş 1090 manat məbləğində vəsaitin qaytarılması barədə cavabdehə müvafiq bildiriş göndərilmiş, lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduqları qeyd edilmiş, bu barədə müvafiq reyestrdən çıxarış işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284- 5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Qeyd edilən qanun normalarının mənasından görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. İşin materialları ilə müəyyən edilir ki, cavabdeh idarə etdiyi avtomobillə xx.xx.2020-ci il tarixdə sığorta hadisəsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçı tərəfindən avtonəqliyyat vasitələrinin tam sığortası növü üzrə sığortalanmış “Jinbei H2L” markalı avtomobil zədələnmişdir. Bununla bağlı, cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törtməyə görə 400 manat məbləğində cərimə edilmişdir. Eyni zamanda, iş materialları ilə zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyən olunmuşdur. Həmçinin, iş materiallarından görünür ki, sığorta hadisəsinin törədilməsi nəticəsində dəymiş maddi zərərə görə 1090 manat sığorta ödənişi "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə - “X1 Şirkəti” MMC-yə ödənilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin təqsiri nəticəsində sığorta hadisəsi baş verdiyindən, eləcə də sığortalanmış əmlaka vurulmuş zərər iddiaçı tərəfindən aradan qaldırıldığından, iddiaçı subroqasiya tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də, iddiaçı tərəfindən ödənilmiş 1090 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə xərclərlə bağlı məsələni də müzakirə edərək hesab edir ki, iddia təmin olunduğundan, iddiaçı tərəfindən ödənilmiş 30,90 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alaraq və MPM-in 216-220, 227, 284-6.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 1090 (bir min doxsan) manat pul və ödənilmiş dövlət rüsumunun, bank xidmət haqqının əvəzi kimi 31,30 (otuz bir manat otuz qəpik) manat məbləğində pul vəsait alınaraq iddiaçı "xxxx"ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-4489/2023
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4489/2023
14.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver