Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4532/2025 28.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 İsa oğlunun sədrliyi Quliyeva Günay Ələstun qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı ölmüş şəxsin kredit borcunun mirası qəbul etmiş vərəsələrdən tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 4987.78 manat məbləğində əsas kredit bоrcu, 1157.09 manat məbləğində faiz bоrcu və 125.7 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 6270 (altı min iki yüz yetmiş) manat 57 (əlli yeddi) qəpik məbləğində bоrcun və tərəflərindən ödənilmiş 82.71 manat məbləğində dövlət rüsumunun tutulmasına dair iddia ərizəsi ilə Gəncə şəhər Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsalandırılmışdır ki, İsgəndərov Zaur Qiyas oğluna İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 006A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, İsgəndərov Zaur Qiyas oğluna aylıq faiz dərəcəsi 1.9167% оlmaqla 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 6200 (altı min iki yüz) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 1212.22 manat ödəniş etmiş və оnun iddiaçıya 4987.78 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-ci maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirlər ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 450 gün üçün hesablanmış faiz borcu 1157.09 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 450 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 125.7 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən Kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş AR DİN-in BPQMİ-nin Maps şöbəsi tərəfindən alınmış arayışdan borclu İsgəndərov Zaur Qiyas oğlunun vəfat etdiyi İddiaçı QSC-yə məlum olmuşdur. Vəkil sorğularına verilən cavab məktublarından mərhum borclu İsgəndərov Zaur Qiyas oğlunun adına Gəncə şəhəri, Nizami rayonu, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, ev 5 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.013 ha torpaq sahəsi aşkar edilmiş və həmin fərdi yaşayış və torpaq sahəsinin hal-hazırda mərhumun ailə üzvləri Cavabdeh2, X2, Cavabdeh3 faktiki istifadəsində olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmçinin onu da bildirirlər ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, İsgəndərov Zaur Qiyas qızının ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəlişəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarında qeyd edildiyi kimi,“borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə hüququ pоzulmuş şəxsin оna vurulmuş zərərin (real zərər və əldən çıxmış faydanın) əvəzinin tam ödənilməsini tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, оnun pоzulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə, cavabdeh оnun risk dairəsinə daxil оlan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər cavabdeh öhdəliyin lazımınca icra edilməməsi, о cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditоr cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə cavabdehin deyil, məhz kreditоrun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq tənəsübü müəyyənləşdirərək tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Həmin Məcəllənin 501-ci maddəsinə əsasən kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Məhkəmədə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirak etmiş, iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilənlərə uyğun izahat vermiş, sonda iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmədə Cavabdeh2 iştirak etmiş, ona və uşaqlarına qarşı irəli sürülən iddiaya etiraz etmiş və bildirmişdir ki, Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, ev 5 onun mərhum ərinin adınadır. O, isə uşaqları ilə birgə həmin evdə yaşayır. Özü xəstədir, 4 dəfə ağır əməliyyat olunmuşdur, işləmir. Həmin borcu ödəməyə imkanı yoxdur. Borcu yalnız evi adına keçirəndən sonra ödəyə bilər. Sonda iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh3, Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını və yekun qərar çıxarılmasını mümkün hesab etmişdir. Məhkəmə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və Cavabdeh2 dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki işin materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə İsgəndərov Zaur Qiyas oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006A********** saylı kredit müqaviləsindən görünür ki, Bank tərərfindən İsgəndərov Zaur Qiyas oğluna 35 (otuz beş) ay müddətinə 6200 (altı min iki yüz) manat məbləğində krеdit verilmiş, İsgəndərov Zaur Qiyas oğlu həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə İsgəndərov Zaur Qiyas oğlunun xx.xx.2025-ci il tarixinə iddiaçı Banka 4987.78 manat əsas, 1157,09 manat faiz və 125.7 manat cərimə olmaqla, cəmi 6270.57 manat borcu qalmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İsgəndərov Zaur Qiyas oğlu xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, ev 5 ünvanında olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.013 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə mərhum İsgəndərov Zaur Qiyas oğlunun adına qeydiyyata alınmışdır. İş materiallarında olan, Gəncə şəhər İcra Hakimiyyətinin 23 may 2025-ci il tarixli məktubundan görünür ki, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli Sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən Gəncə şəhəri, Məhəmməd ünvan 1 ünvanda qeyd edilmişdir ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 faktiki Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, 5 saylı evdə yaşayırlar. “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə əldə edilmiş məlumatlardan müəyyən olunur ki, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşayış yeri üzrə Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, 5 saylı evdə qeydiyyatdadırlar. İşdə olan iddiaçı Bank tərəfindən cavabdehlərə ünvanlanmış xəbərdarlıq məktublarından görünür ki, iddiaçı bank cavabdehlərə xəbərdarlıq edərək, kredit müqaviləsi üzrə olan borcun ödənilməsini tələb etmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı Bank tərəfindən 82.71 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmədə işin halları kimi müəyyən olunmuşdur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə İsgəndərov Zaur Qiyas oğlu arasında bağlanmış xx.xx.2023-cü il tarixli 006A********** saylı kredit müqaviləsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərərfindən İsgəndərov Zaur Qiyas oğluna 35 (otuz beş) ay müddətinə aylıq 1,9167 faiz hesablanmaqla 6200 (altı min iki yüz) manat məbləğində krеdit verilmiş, İsgəndərov Zaur Qiyas oğlu həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İsgəndərov Zaur Qiyas oğlu xx.xx.2024-cü il tarixdə ölmüşdür. xx.xx.2023-cü il tarixli 006A********** saylı kredit müqaviləsinin tərkib hissəsi olan “ödəniş planı”ndan müəyyən edilir ki, İsgəndərov Zaur Qiyas oğlu aldığı 6200 manat məbləğində kreditdən 19 fevral 2024-cü il tarixədək 1212,22 manat məbləğində əsas kredit borcunu və 1001,78 manat faiz borcu ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı Bankın məhkəməyə təqdim etdiyi hesabdan çıxarış məlumatlarından müəyyən edilir ki, İsgəndərov Zaur Qiyas oğlu aldığı 6200 manat məbləğində kreditdən 19 fevral 2024-cü il tarixədək “ödəniş planında nəzərdə tutulan 1212,22 manat məbləğində əsas kredit borcunu öldüyü günədək tamamilə ödəmiş, həmin tarixədək onun heç bir məbləğdə ödəməli olduğu əsas kredit borcu qalmamışdır. Adi riyazi hesablamadan müəyyən olunur ki, İsgəndərov Zaur Qiyas oğlunun aldığı 6200 manat məbləğində kreditdən öldüyü günə (6200-1212,22)=4887,78 manat məbləğində əsas kredit borcu qalmışdır. Bundan başqa, həmin sənədin tədqiqindən müəyyən edilir ki, İsgəndərov Zaur Qiyas oğlu həmin müqavilə üzrə 19 fevral 2024-cü il tarixədək “ödəniş planında nəzərdə tutulan 1001,78 manat məbləğində faiz borcundan 881,53 manat ödəmiş, 120,25 manat faiz borcunu ödəməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdənnəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideyinlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Beləliklə, miras qoyan İsgəndərov Zaur Qiyas oğlu öldükdən sonra onun birinci növbə vərəsələri olan arvadı və övladları-Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 İsgəndərov Zaur Qiyas oğlundan miras qalmış Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, ev 5 ünvanlı fərdi yaşayış evinə faktiki surətdə yiyələndiklərindən və həmin əmlakı idarə etdiklərindən, onlar həmin mirası qəbul etmiş sayılırlar. Mülki Məcəllənin qeyd edilən normalarının hazırki işin faktiki hallarına tətbiqindən belə nəticə müəyyən olunur ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1mərhum İsgəndərov Zaur Qiyas oğlunun qanun üzrə birinci növbəli vərəsələri kimi öləndən miras qalmış və dəyəri ölənin miras kredit borcundan qat qat yüksək olan Gəncə şəhəri, Məhəmməd Füzuli küçəsi, 2-ci döngə, 5 saylı fərdi yaşayış evini faktiki qəbul etdiklərindən, mirasqoyan mərhum İsgəndərov Zaur Qiyas oğlunun kredit borcunu ödəmək vəzifəsi daşıyırlar. Məhkəmə ölmüş şəxsin kredit borcunun məbləğinin müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, mərhum İsgəndərov Zaur Qiyas oğlunun əsas kredit borcu 4987.78 manat məbləğində düzgün hesablanmışdır. Bununla bərabər məhkəmə qeyd edir ki, iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixdə məhkəməyə təqdim etdiyi maliyyə arayışına əsasən mərhum İsgəndərov Zaur Qiyas oğlunun banka xx.xx.2023-cü il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 1157.09 manat faiz borcu qalmışdır. Məhkəmə hesab edir ki, mərhum İsgəndərov Zaur Qiyas oğlunun banka xx.xx.2023cü il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 1157.09 manat faiz borcunun tutulması hissədə iddia tam haqlı sayıla bilməz. Belə ki, artıq yuxarıda qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamda malik olduğu əmlak hüquqlarının və vəzifələrinin toplusu daxildir. İş materiallarından müəyyən edilir ki, İsgəndərov Zaur Qiyas oğlunun aldığı 6200 manat məbləğində kreditdən 19 fevral 2024-cü il tarixədək “ödəniş planında nəzərdə tutulan 1212,22 manat məbləğində əsas kredit borcunu tamamilə ödəmiş, həmin tarixədək onun heç bir məbləğdə ödəməli olduğu əsas kredit borcu qalmamışdır. İsgəndərov Zaur Qiyas oğlunun öldükdən sonrakı dövr üçün ödəməli olduğu 4887,78 manat məbləğində əsas kredit borcu qalmışdır. Bununla da məhkəmə göstərir ki, İsgəndərov Zaur Qiyas oğlu öldüyü günədək sözügedən kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü əsas borcu ödəmək öhdəliklərini vicdanla, tamamilə yerinə yetirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 04.06.18 tarixlı qərarında qeyd etmişdir ki, kredit müqaviləsi üzrə borclunun ölümü də tərəflər arasında mövcud olan müqavilə münasibətlərini başa çatdırmır və əsas borca görə faizlər hesablanmaqda davam edə bilər. Borclunun ölümündən sonra faizlərin hesablanmasının davam etməsi və ya dayandırılması, yəni güzəştlərin tətbiqi məsələsi bankdaxili qaydalara uyğun olaraq müəyyənləşdirilə bilər. Lakin o da nəzərə alınmalıdır ki, mülki hüququn mühüm prinsiplərindən biri də vicdanlılıq prinsipidir. Mülki Məcəllənin 5.3cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Yəni kreditorlar borclu öldüyü halda faizlərin hesablanmasının davam edib-etməməsi məsələsinə baxarkən vicdanlılıq prinsipindən çıxış etməli, miras qalmış əmlakın həcmi, vərəsələrin maddi durumu və s. kimi halları nəzərə almalıdırlar.Həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu gəldiyi nəticələrə görə, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Vərəsələr borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Beləliklə də, İsgəndərov Zaur Qiyas oğlu öldüyü günədək sözügedən kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü əsas borcu ödəmək öhdəliklərini vicdanla, tamamilə yerinə yetirdiyini nəzərə alan məhkəmə hesab edir ki, İsgəndərov Zaur Qiyas oğlundan miras qalmış 4887,78 manat məbləğində əsas kredit borcuna görə onun ölümündən sonrakı müddət üçün faizlərin hesablanması mülki hüququn vicdanlılıq prinsipi ilə uzlaşmır və mərhumun sözügedən kredit müqaviləsi üzrə faiz borcu 120,25 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddianın 125.7 manat məbləğində cərimə borcu tələbi hissəsi ilə bağlı qeyd edir ki, ölmüş şəxsin kredit borcuna qeyd edilən məbləğdə dəbbə pulunun hesablanması tənasübsüz sürətdə yüksək olan məbləğ kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Buna görə də, məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq, tənasübsüz sürətdə yüksək olan cərimə pulunun miqdarının azaldılmasını məqsədə müvafiq hesab edir və belə qərara gəlir ki, 125.7 manat məbləğində (cərimə) dəbbə pulu azaldılmalı və hesablanmış həmin borcun 10 faizi qədər, yəni 12,5 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə bu qənaətdədir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, mərhum İsgəndərov Zaur Qiyas oğlunun vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 4887,78 manat məbləğində əsas kredit borcu, 120,25 manat faiz borcu və 12,5 manat dəbbə pulu olmaqla, cəmi 5120,53 manat məbləğində pul alınaraq, iddiaçı Bankın hesabına ödənilməlidir. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, iddiaçı Bank tərəfindən hazırki iddianın qaldırılması üçün 82.71 manat məbləğində dövlət rüsumu ödənilmişdir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Baxılan işdə iddia qismən təmin edildiyindən məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 82.71 manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olan 67 manat hissəsinin əvəzi cavabdehlər- Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 aid edilməli və onlardan tutularaq, iddiaçı Bankın hesabına ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı QSC ilə mərhum İsgəndərov Zaur Qiyas oğlu arasında bağlanmış xx.xx.2023cü il tarixli 006A********** saylı kredit müqaviləsi üzrə 4987,78 manat məbləğində kredit bоrcu, 120,25 manat məbləğində faiz bоrcu və 12,5 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 5120.53 (beş min bir yüz iyirmi) manat 53 qəpik məbləğində pul və iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə münasib olan hissəsinin əvəzi kimi 67 (altmış yeddi) manat məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı QSC-nin hesabına ödənilsin. Faiz və cərimə üzrə borcun ödənilməsi tələbinin qalan hissəsində iddia əsassız olduğundan təmin edilməsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №e-2(125)-4532/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4532/2025
28.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver