Məhkəmə qərarları › İş №e-2(125)-455/2023

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-455/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-455/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlunun sədrliyi, məsləhətçi (iclas katibi) Əlizadə Ümid Maqsud oğlunun katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və pul tələbi» barədə iddiasına dair mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı açıq səhmdar cəmiyyəti Cavabdeh qarşı 03 may 2021-ci il tarixli, 5030***- *******01 nömrəli kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 12.003 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.252 manat 73 qəpik, cərimə qismində 134 manat 17 qəpik, cəmi 13.390 manat 84 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 130 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı 03 may 2021-ci il tarixli 5030***-*******01 nömrəli kredit müqaviləsinə əsasən 03 may 2024-cü il tarixədək qaytarmaq və illik 19% ödəmək şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həm də kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin cavabdeh öhdəliklərini lazımi qaydada və vaxtında icra etməmişdir. Cavabdeh 12 sentyabr 2022-ci il tarixə İddiaçı açıq səhmdar cəmiyyətinə əsas borcun əvəzi qismində 12.003 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.252 manat 73 qəpik, cərimə qismində 134 manat 17 qəpik, cəmi 13.390 manat 84 qəpik məbləğində borcu qalmaqdadır. İddiaçı tərəfindən cavabdehə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) həlli üçün poçt vasitəsilə pretenziya göndərilmişdir. Lakin, cavabdeh bugünədək borcunu ödəməmişdir. Sonda iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 16 yanvar 2023-cü il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddiaçının nümayəndəsi K.H.Məmmədov mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəblərini və ya mümkünsüzlüyünu bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək, cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Lakin Cavabdeh mülki işin məhkəmədə baxılmağa hazırlanması zamanı məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsində iddianı qismən, yəni ödənilməmiş əsas borcun əvəzi qismində 12.003 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 1.252 manat 73 qəpik hissədə etiraf etmiş və iddianın etiraf edilməsinin hüquqi nəticələrinin ona məlum olduğunu bildirmişdir Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 03 may 2021-ci il tarixli, 5030***-*******01 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh illik 19% kreditdən istifadəyə görə haqq ödəmək və 03 may 2024-cü il tarixədək qaytarmaq şərti ilə 15.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 03 may 2021-ci il tarixli kassa məxaric orderinin kserosurətindən görünür ki, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətindən 15.000 manat məbləğində nağd pul vəsaitini almışdır. İşdə olan İddiaçı açıq səhmdar cəmiyyətinin 12 sentyabr 2022-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdehlə İddiaçı açıq səhmdar cəmiyyəti arasında bağlanmış 03 may 2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh borcu əsas borc qismində 12.003 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.252 manat 73 qəpik, cərimə qismində 134 manat 17 qəpik təşkil edir. Beləliklə, işdə olan sübutlarla Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyəti ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya əsas borc qismində 12.003 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.252 manat 73 qəpik məbləğində borcunun yarandığı təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı qismən etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə Cavabdeh iddianı qismən etirafı qəbul olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya həmin Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3 maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq, tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını, o cümlədən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini, habelə kredit müqaviləsi üzrə faiz dərəcəsini nəzərə alaraq, 134 manat 17 qəpik təşkil edən cərimə məbləğinin 20 manat məbləğinə qədər azaldılmasını məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 03 may 2021-ci il tarixli, 5030***- *******01 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin kredit müqaviləsi ləğv edilməli, ödənilməmiş əsas borcun əvəzi qismində 12.003 manat 94 qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.252 manat 73 qəpik, cərimə qismində 20 manat, cəmi 13.276 manat 67 qəpik məbləğində pul vəsaiti cavabdehldən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə məhkəməyə iddia ərizəsi verilərkən dövlət rüsumunun ödənilməsinə sərf olunmuş vəsaitin əvəzi qismində 130 manat 30 qəpik məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qismən təmin edilsin. İddiaçı açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 03 may 2021-ci il tarixli, 5030***-*******01 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 03 may 2021-ci il tarixli, 5030***-*******01 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 12.003 (on iki min üç) manat 94 (doxsan dörd) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 1.252 (bir min iki yüz əlli iki) manat 73 (yetmiş üç) qəpik, cərimə qismində 20 (iyirmi) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 130 (bir yüz otuz) manat 30 (otuz) qəpik, cəmi 13.406 (on üç min dörd yüz altı) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti tutulsun. İddiaçı açıq səhmdar cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar