Məhkəmə qərarları › İş №e-2(125)-4557/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4557/2025

01.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4557/2025 01.09.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu, «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı «pul» tələbi barədə iddia ərizəsinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixdə «X1 Kredit Təşkilatı» ASC Cavabdeh2 və Cavabdeh1 qarşı xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 703 manat 16 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 922 manat 31 qəpik, cəmi 1.625 manat 47 qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 36 manat 30 qəpik məbləğində pul vəsaitinin cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraati qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin ünvanına göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə, iddiaçının tələbinə dair əsaslandırılmış etirazları olduğu halda 10 iş gün müddətində öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etmək hüquqlarının mövcudluğu cavabdehə izah edilmiş, lakin iddia tələbinə cavabdeh tərəfindən verilmiş etiraz məhkəməyə daxil olmamış və ərizənin əsaslandığı tələbetmə hüququ mübahisələndirilməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 285-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət edir və iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatlarının alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yoxdur, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli çərçivə kredit və girov müqaviləsinin surətindən görünür ki, «X1 Kredit Təşkilatı» ASC tərəfindən Cavabdeh2 illik 42 faiz dərəcə ödəmək şərti ilə 18 ay müddətinə 2.145 manat məbləğində kredit verimişdir. İşə əlavə olunan xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli çərçivə kredit və girov müqaviləsinə əlavə olunan ödəniş cədvəlinin surətindən görünür ki, müvaqilə müddəti ərzində yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh2 hesablanmış faiz borcu 796 manat 10 qəpik təşkil edir. İşdə olan «X1 Kredit Təşkilatı» ASC tərəfindən verilmiş kredit müqaviləsi üzrə borca dair xx.xx.2025-ci il tarixli, BO-227/2025 nömrəli maliyyə arayışının surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 «X1 Kredit Təşkilatı» ASC-dən götürdüyü 2.145 manat məbləğində əsas borcdan 1.441 manat 84 qəpik məbləğində ödəniş etmiş, eləcə də müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 265 manat 27 qəpik ödəniş etmiş və müqavilənin 7.2-ci bəndinə əsasən hesablanmış cərimə borcundan 62 manat 89 qəpik ödəniş etmişdir. Halhazırda Cavabdeh2 ödənilməmiş əsas borcun əvəzi qismində 703 manat 16 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 922 manat 31 qəpik, cəmi 1.625 manat 47 qəpik məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh2 «X1 Kredit Təşkilatı» ASC-dən 2.145 manat məbləğində pul vəsaitini qəbul etmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli, BŞ-0836/2023 nömrəli bildirişin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 760 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmişdir. Həmçinin Banka olan bütün borc məbləğini xx.xx.2023-cü il müddətində Cavabdeh2 təklif edilmişdir. Əks təqdirdə borc məbləğinin qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, mülki iş materiallarından görünür ki, tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh2 tərəfindən öhdəliklər icra edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə uyğun olaraq borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və həmin Məcəllənin 448.2ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə görə əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Mülki işin tədqiq edilmiş hallarından göründüyü kimi «X1 Kredit Təşkilatı» ASC Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli kredit müqaviləsi ilə üzrə «X1 Kredit Təşkilatı» ASC tərəfindən Cavabdeh2 2.145 manat məbləğində pul vəsaitini borc verilmiş, Cavabdeh2 həmin borcu, eləcə də ona hesablanmış əlavə qismində 796 manat 10 qəpik məbləğində pul vəsaitini xx.xx.2024-cü il tarixədək «X1 Kredit Təşkilatı» ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh2 «X1 Kredit Təşkilatı» ASC-yə əsas borc qismində 1.441 manat 84 qəpik, müqavilə müddətinin sonuna hesablanmış və ödənilməmiş faiz borcu qismində 265 manat 27 qəpik məbləğində ödəniş etsə də, əsas borcun 703 manat 16 qəpik məbləği, müqavilə müddətinin sonuna – xx.xx.2024-cü il tarixə hesablanmış faiz borcunun 530 manat 83 qəpik məbləği hissəsində ödəniş etməmişdir. Bununla da «X1 Kredit Təşkilatı» ASC-nin Cavabdeh2 qarşı əsas borc qismində 703 manat 16 qəpik məbləğində, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 530 manat 83 qəpik məbləğində, eləcə də Mülki Məcəllənin 445.7-ci maddəsində və ya əldən çıxmış faydanın əvəzi qismində pul tələbinə dair məhkəmədə iddia qaldırmaq hüququ yaranmışdır. Lakin «X1 Kredit Təşkilatı» ASC tərəfindən Cavabdeh2 qarşı qeyd olunan əlavə tələblər üzrə iddia qaldırılmamış, hesablanmış və ödənilməmiş faiz borcu qismində isə 922 manat 31 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması məhkəmədən xahiş edilmişdir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, «X1 Kredit Təşkilatı» ASC-nin Cavabdeh2 qarşı ödənilməmiş əsas borcun əvəzi qismində 703 manat 16 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcu qismində 530 manat 83 qəpik məbləğində pul tələbi əsaslı olsa da, iddia faiz borcuna dair digər hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Konustitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Beləliklə, mülki iş materiallarından görünür ki, iddia ərizəsində qeyd olunan «X1 Kredit Təşkilatı» ASC ilə Cavabdeh1 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, ZM1- MR0016198-2022 nömrəli zaminlik müqaviləsi mülki iş materiallarına əlavə olunmamışdır. Bununla yanaşı tərəflər arasında bağlanmış borc müqaviləsinə uyğun olaraq, Cavabdeh2 tərəfindən öhdəliklər icra edilməmişdir. Lakin «X1 Kredit Təşkilatı» ASC-nin Cavabdeh1 qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, yəni müqavilə müddətinin başa çatdığı xx.xx.2024-cü il tarixdən ən geci bir il ərzində iddia irəli sürməli olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bilavasitə qanundan irəli gəldiyi üçün qanunla müəyyən edilmiş müddət ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminliyə xitam verilir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizəsi verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Buna görə də məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda göstərilən normaları və müqavilə şərtləri baxımından hazırki mübahisə üzrə Cavabdeh1 aid hissədə iddia rədd olunmalıdır. Beləliklə, məhkəmə mülki işin yuxarıda sadalanan hallarını, nəzərə alaraq, hesab edir ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 703 manat 16 qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 530 manat 83 qəpik, cəmi 1.233 manat 99 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edildiyinə görə dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 32 manat 33 qəpik məbləğində pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 284-5, 284-6, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin iddiası qismən təmin edilsin. Cavabdeh2 «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2022-ci il tarixli, MR0016198-2022 nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 703 (yeddi yüz üç) manat 16 (on altı) qəpik, xx.xx.2024-cü il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 530 (beş yüz otuz) manat 83 (səksən üç) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin bir hissəsinin əvəzi qismində 32 (otuz iki) manat 33 (otuz üç) qəpik, cəmi 1.266 (bir min iki yüz altmış altı) manat 32 (otuz iki) qəpik məbləğində pul vəsaiti tutulsun. «X1 Kredit Təşkilatı» Açıq Səhmdar Cəmiyyətinin iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə, qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar