Məhkəmə qərarları › İş №e-2(125)-4672/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4672/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4672/2024 04.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X1 İsa oğlunun sədrliyi, Əsgərov Sərxan Eldar oğlunun katibliyi ilə, İddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmədə baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat kredit borcunun və dövlət rüsumu kimi ödənilmiş 77.05 manat məbləğdə pulun alınıb BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı BOKT "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, BOKT "xxxx" Azərbaycan MMC ilə Cavabdeh2 arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə azalan balansla illik 27 % ödəmək şərtilə 12 000 (on iki min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə krediti faizlə borcalana verməyi, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdələrinə götürmüşlər. Eləcə də bu borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə borclunun kreditor qarşısında öhdəliklərinin icrasının təmini kimi 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Cavabdeh müqavilənin şərtlərini pozaraq ödəniş cədvəli üzrə dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə şifahi və rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq, o, müxtəlif bəhanələrlə kredit borcunu ödəməkdən imtina etmişdir. Nəticədə cavabdehin BOKT “Viator Mikrokredit- Azərbaycan MMC-nə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borcu yaranmışdır. Bu səbəbdən də BOKT "xxxx" MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün, ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. məhkəmənin əvvəlki iclasında Cavabdeh1 iştirak etmiş, digər cavabdehlər- Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlı olduqlarını və borcun məbləğini mübahisələndirmədiklərini bildirmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə gəlməmişlər. Məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, iddiaçı Bank cavabdehə 36 ay müddətinə azalan balansla illik 27 % ödəmək şərtilə 12 000 (on iki min) manat kredit verməyi, cavabdeh isə həmin kredit və faiz borcunu müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan iddiaçı BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqavilələrindən görünür ki, sonuncu bankla Cavabdeh2 arasında eyni tarixdə bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Bank qarşısında tam məsuliyyəti öz üzərilərinə götürmüşlər və borclu ilə birgə məsuliyyət daşıyırlar. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 BOKT "xxxx" MMC-yə 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsi üzrə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borcu vardır. İşdə olan xəbərdarlıq məktublarından görünür ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 xəbərdarlıq edilərək kredit müqaviləsi üzrə borc xatırladılmış və ödənilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən 77.05 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilmişdir ki, Cavabdeh2 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli kredit müqaviləsinə əsasən BOKT "xxxx" MMC-dən 36 ay müddətinə illik 27 % ödəmək şərtilə 12 000 (on iki min) manat məbləğində kredit verilmişdir. Borcun təminatı olaraq Cavabdeh3 və Cavabdeh1 ilə 25563/6 nömrəli, 28 iyul 2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclular müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 24 iyul 2024-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Buna görə də iddiaçı Bank hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının kredit borcunun qaytarılması ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 412-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından Cavabdeh2 hərəkətləri öhdəliyi lazımınca icra edilməməsi və müqaviləni əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər, yəni zaminlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, Azərbayan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların iddiaçı Banka borcu yaranmışdır. Beləliklə, məhkəmənin iş üzrə gəldiyi yekun nəticə ondan ibarətdir ki, iddia əsaslı olduğundan təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77.05 manat alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırlamı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. BOKT "xxxx" MMC ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 arasında bağlanmış 25563/6 nömrəli, xx.xx.2022-ci il tarixli kredit və zaminlik müqavilələrinə əsasən 5166.63 manat əsas, 325 manat faiz və 213 manat cərimə borcu olmaqla, cəmi 5704.63 (beş min yeddi yüz dörd) manat 63 qəpik məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 77(yetmiş yeddi) manat 05 qəpik məbləğində pul cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınıb, iddiaçı BOKT "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi (çatdırıldığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin 1 (bir) ay müddətində qətnamədən apellyasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Hakim: Ədil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar