Məhkəmə qərarları › İş №e-2(125)-472/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-472/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-472/2025 24.06.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış ******* saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən Bank borcalana istehlak məqsədləri üçün 36 ay müddətinə illik 15.5 faiz dərəcəsi ilə 13000 manat kredit vermiş, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin krеdit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə əsas borcu 9547.98 manat, faiz borcu 23.36 manat hesablanmışdır. İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya borcalan) arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsinə əsasən, Bank borcalana 24 ay müddətinə illik 13.5 faiz dərəcəsiylə 3000 manat krеdit vеrmiş borcalan, krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin krеdit müqaviləsinə əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixinə əsas borcu 2667.52 manat, faiz borcu 226.84 manat hesablanmışdır. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ******* saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 9547.98 manat əsas, 23.36 manat faiz, ümumilikdə 9571.34 manat; ******* saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən 2667.52 manat əsas, 226.84 manat faiz, ümumilikdə 2894.36 manat borc və 127.8 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və müəyyən olunmuş müddətdə kreditin və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi yerinə yetirməmişdir. Borcluya dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 9/1243 nömrəli ekspert rəyinə əsasən, cavabdeh X1 İddiaçı ASC-yə 29 avqust 2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 10.258,25 manat əsas, 26,50 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 9.551,24 manat əsas, 41,12 manat faiz borcu; 30 dekabr 2023-cü il tarixli, ******* saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 2.667,17 manat əsas, 140,04 manat faiz borcu, xx.xx.2024-cü il tarixə 2.667,17 manat əsas, 224,05 manat faiz borcu hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq iclasın onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmiş, cavabdeh iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hazırkı mülki iş üzrı iddiaçı iki kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə ******* saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə dair hissədə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə Bank öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə müəyyən edilmiş əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə həmçinin qeyd edir ki, ekspert tərəfindən həmin müqavilə üzrə iddia tələbindən artıq əsas və faiz borcu hesablansa da, iddiaçının tələbi həcmində 9547.98 manat əsas və 23.36 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, şəkişmə prinsipinin təmin olunmasına baxmayaraq, cavabdeh daha az borcu qalmasına və daha çox ödəniş etməsinə dair hər hansı dəlil təqdim etməmişdir. Məhkəmə xx.xx.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsinə dair hissədə qeyd edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələri üzrə Bank öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehlə aralarında bağlanmış müqavilələr üzrə müəyyən edilmiş əsas və faiz borcunun ödənilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı, iddiaçı 2667.52 manat əsas borcun tutulmasını xahiş etsə də, ekspert tərəfindən həmin müqavilə üzrə 2667.17 manat əsas borc hesanlanmışdır, ekspert rəyinin əsassız olmasını və (ya) cavabdehin daha az əsas borcunun olmasını təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır, buna görə 2667.17 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa, iddiaçı 226.84 manat faiz borcunun tutulmasını xahiş etsə də, ekspert tərəfindən iddianın məhkəməyə verildiyi tarixə həmin müqavilə üzrə 224.05 manat faiz borcu hesanlanmışdır, ekspert rəyinin əsassız olmasını və (ya) cavabdehin daha az əsas borcunun olmasını təsdiqləyən hər hansı dəlil təqdim olunmamışdır, buna görə 224.05 manat faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci və 119.1-ci maddələrinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də, məhkəmə ödənilmiş 127.40 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutulmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ******* saylı, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış 9547.98 manat əsas, 23.36 manat faiz borcu olmaqla, cəmi 9571 (doqquz min beş yüz yetmiş bir) manat 34 (otuz dörd) qəpik borc tutularaq İddiaçı ASC-yə ödənilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, ******* nömrəli kredit müqaviləsi üzrə yaranmış 2667.17 manat əsas borc, 224.05 manat faiz borcu olmaqla, cəmi 2891 (iki min səkkiz yüz doxsan bir) manat 22 (iyirmi iki) qəpik borc tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 127 (yüz iyirmi yeddi) manat 40 (qırx) qəpik pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar