Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-473/2022 28.09.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərli Xədicə Əlicabbar qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Mülki işin mübahisəsiz halları bundan ibarətdir ki, İddiaçı ASC (bundan sonra – iddiaçı və ya Bank) ilə Cavabdeh1 (borcalan) arasında bağlanmış xx.xx.2020-ci il tarixli, SHBO-0075 saylı kredit müqaviləsinə əsasən Bank borcalana illik 18,9 % faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 manat kredit vermiş, borcalan isə krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. Bank ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən, Cavabdeh2 və X3 eyni tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün zamin qismində öz üzərlərinə məsuliyyət götürmüşlər. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən xx.xx.2020-ci il tarixli, SHBO-0075 saylı kredit müqaviləsi üzrə əsas borca görə 6129,59 manat, faiz borcuna görə 497,67 manat, cərimə borcuna görə 858,72 manat olmaqla, cəmi 7485,98 manat pulun və 94,86 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 kredit borcunu ödəmək öhdəliyi vaxtında və lazımınca icra etməmiş, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən yayınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışına əsasən, Cavabdeh1 8 Sentyabr 2020-ci il tarixli, SHBO-0075 saylı kredit müqaviləsinə əsasən 6129,59 manat əsas, 497,67 manat faiz, 858,72 manat cərimə borcu olmaqla, cəmi 7485,98 manat borcu hesablanmışdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə teleqram ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdehlər iclasa gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Belə ki, Bank ilə Cavabdeh1 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. İddiaçı krediti borcalana versə də, borcalan Cavabdeh1 kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, beləliklə Bank qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş əsas və faiz borcu yaranmışdır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Belə ki, bankın təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəf isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və kreditə hesablanmış faizləri tələb etməkdə haqlıdır. Odur ki, əsas və faiz borcunun tutulması hissəsində iddia əsaslı olduğundan təmin ediməlidir. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdeh tərəfin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdeh tərəfin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 858.72 mant məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq 300 manat məbləğində müəyyən edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə nəzərə alır ki, Bank ilə borcalan Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsinə görə kreditor qarşısında Cavabdeh2 və Fəxrəddin Şirinov zamin qismində öz üzərinə məsuliyyət götürmüşdür. Qeyd edilənlərə əsasən, əsas, faiz və azaldılmış cərimə borcu Cavabdeh1, Cavabdeh2 və Fəxrəddin Şirinovdan müştərək qaydada tutulmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 8 Sentyabr 2020-ci il tarixli, SHBO- 0075 saylı kredit razılaşması üzrə 6129,59 manat əsas, 497,67 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 6927.26 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 27 manat dövlət rüsumu da cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli, SHBO-0075 saylı kredit müqaviləsi üzrə yaranmış 6129,59 manat əsas, 497,67 manat faiz, 300 manat cərimə borcu olmaqla, cəmi 6927 (altı min doqquz yüz iyirmi yeddi) manat 26 (iyirmi altı) qəpik pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 27 (iyirmi yeddi) manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Xədicə Səfərli
Məhkəmə qərarları › İş №e-2(125)-473/2022
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-473/2022
28.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver