Məhkəmə qərarları › İş №e-2(125)-4806/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №e-2(125)-4806/2024

09.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № e-2(125)-4806/2024 09.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Camal Yusifəli oğlu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbi»nə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı QSC Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı cavabdehlərdən müştərək qaydada 006R********** nömrəli kredit müqaviləsinə əsasən ödənilməmiş əsas borcun əvəzi qismində 2.499 manat 51 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 2.360 manat 95 qəpik, cərimə qismində 2.145 manat 76 qəpik və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 90 manat 06 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri tədqiq edərək, hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, cavabdehlərə qarşı həmin şəxslərin qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəməsində iddia qaldırmaq hüququ iddiaçıya izah olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 24.2-ci maddəsinə görə mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. «İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarının 13-cü bəndində məhkəmələrə izah edilmişdir ki, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Həmin Qərarın 15-ci bəndində məhkəmələrə izah edilmişdir ki, kommersiya mübahisələrinin subyektlərinin, habelə baxış predmetinin mümkün dairəsi də məhz mübahisə üzrə hüquq münasibətinin xarakterinin sahibkarlıq fəaliyyəti ilə bağlı olmasına dair bu Qərarın 13-cü bəndində əks olunmuş yanaşma baxımından müəyyənləşdirilməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar yaranmış, İddiaçı QSC Cavabdeh4 (VÖEN **********) sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün (fərdi mikro kredit məqsədilə) 18 ay müddətinə aylıq 2.25 faiz dərəcəsi ilə 3.000 manat məbləğində kredit vermişdir. Göründüyü kimi tərəflər arasındakı mübahisə mübahisənin xarakterinə görə ümumi məhkəməyə deyil, kommersiya məhkəməsinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərillən maddənin tələbinə uyğun olaraq məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 90 manat 06 qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, çek nömrəsi:********) dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı «pul tələbi»nə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə izah edilsin ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı həmin şəxslərin qeydiyyatda olduğu yer üzrə kommersiya məhkəməsinə iddia ərizəsi ilə müraciət edə bilər. Ödənilmiş 90 (doxsan) manat 06 (altı) qəpik məbləğində dövlət rüsumu (ödənilmə tarixi:xx.xx.2024, çek nömrəsi:********) dövlət büdcəsindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Gəncə Şəhər Məhkəməsinə şikayət verilə bilər Hakim: Camal Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar