Məhkəmə qərarları › İş №e-2(125)-4819/2025

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-4819/2025

25.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-4819/2025 25.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlu, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC, xx.xx.2022-ci il tarixli, BPM**********86 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh (cavabdeh) iddiaçının xeyrinə 242,16 manat əsas, 37,4 manat faiz borcu olmaqla, cəmi 279,56 manat kredit borcunun, həmçinin ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat məbləğində xidmət haqqının tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, iddiaçı "xxxx" ASC-nin (Bank) Gəncə filialı ilə Məhərrəmov Vaqif Yunis oğlu (borcalan) arasında bağlanmış BPM**********86 nömrəli, xx.xx.2022-ci il tarixli kredit (tam kart çərçivə) müqaviləsinə və hesabdan çıxarışa əsasən Bank borcalana 24 ay müddətinə illik 20 faiz dərəcəsi ilə ödəmək şərtilə ümumilikdə 1000 manat məbləğində nağd kredit verilmişdir. xx.xx.2022-ci il tarixli, BPM**********86 nömrəli kredit (tam kart çərçivə) müqaviləsi üzrə ödəniş cədvəli əsasında borcalan xx.xx.2024-cü il tarixinədək hər ay 50,9 manat, sonuncu ay isə 50,8 manat ödəməli idi. X1 Yunis oğlu xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı iddia ərizəsində göstərmişdir ki, kredit müqaviləsinə əsasən borcalan müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli idi. Borcalan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilən məlumata əsasən mərhum borcalanın xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsələrin dairəsinin müəyyənləşdirilməsi üçün cavabdehin ərizəsi əsasında xx.xx.2024-cü il tarixdə vərəsəlik işi açılmışdır. Miras əmlak, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-13504/2024 saylı məktubuna əsasən 848,10 manat pul vəsaitindən ibarətdir. Maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsinə əsasən nağd kredit borcu üzrə Banka ödənilməmiş – 242,16 manat əsas və 37,4 manat faiz borcu qalmışdır. Cavabdeh mərhum borcalanın vərəsəsi kimi müəyyən olunmasına baxmayaraq iddiaçı qarşısında olan öhdəliyi icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliklərini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun qaytarılması haqqında iddiaçı tərəfindən bildiriş göndərilərək, xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Cavabdehin ünvanına yazılı məhkəmə bildirişi və prosessual hüquq və vəzifələr barədə qanundan çıxarış göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmiş, bu barədə müvafiq xəbərnamə işə əlavə edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddia ərizəsinin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, BPM**********86 nömrəli kredit (tam kart çərçivə) müqaviləsindən görünür ki, "xxxx" ASC borcalanın adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı, bundan sonra «Tam kart» adlanacaq) buraxmağı, borcalanın adına bank hesablarını açmağı, borcalan Tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 manat məbləğinədək, kreditdən istifadəyə görə illik 24 faizədək ödəmək şərti ilə kredit limitini ayırmağı, borcalan isə Tam kart eləcə də Hesablar vasitəsi ilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilmiş (şəxsi ehtiyacların ödənilməsi (istehlak)) təyinatı üzrə istifadə etməyi, bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada Krediti qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öz öhdəsinə götürür. Borcluya ayrılmış kredit xətti məbləği 1000 manat məbləğində olmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli nağd kredit üzrə maliyyə arayışından görünür ki, borcalanın xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixinədək olan ödənilməmiş borcu – 242,16 manat əsas, 37,4 manat faiz borcu olmaqla, cəmi borcu 279,56 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər 1 saylı notariat ofisi tərəfindən verilmiş, “Qanun üzrə vərəsəlik hüququ haqqında” xx.xx.2024-cü il tarixli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə ölmüş Məhərrəmov Vaqif Yunis oğlunun vərəsəsi arvadı – Cavabdeh miras əmlakdan tam hissədə irs almalıdır. Şəhadətnamə verilən miras əmlak miras qoyana məxsus Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2- 13504/2024 saylı məktubuna əsasən 848,10 manat vəsaitdən ibarətdir. Bank tərəfindən xx.xx.2025-ci il tarixdə cavabdehin ünvanına bildiriş göndərilərək onlara sözügedən kredit müqaviləsi üzrə Banka borcun (gecikmənin) olması barədə xəbərdarlıq edilmiş və kredit müqaviləsi üzrə yaranmış öhdəliyin tam şəkildə yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə 3 gün müddətində məhkəmədə ona qarşı iddia qaldırılacağı barədə məlumat verilmişdir. Hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (maddə 739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (maddə 739.2). Miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır (maddə 1146). Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (maddə 1255). Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar (maddə 1306.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, bankla borcalan arasında qanunvericiliyə uyğun olaraq kredit (tam kart çərçivə) müqaviləsi bağlanmış, iddiaçı öhdəliyini icra etmiş, borcalan tərəfindən isə müqavilə üzrə öhdəlik icra edilməmişdir. Müqaviləyə uyğun olaraq bankın müqaviləyə birtərəfli qaydada xitam vermək və borcun vaxtından əvvəl qaytarılmasını tələb etmək hüququ yaranmışdır. Göstərilən qanunvericilik normalarını və Konstitusiya Məhkəməsi Plenumunun qərarındakı mövqeyini rəhbər tutaraq məhkəmə qeyd edir ki, cavabdeh, mərhum Məhərrəmov Vaqif Yunis oğlunun ölümündən sonra ondan qalmış miras əmlakı miras qoyanın qanun üzrə vərəsəsi kimi qəbul etdiyindən, həmin əmlakın dəyərinin də hazırda iddiaçının tələb etdiyi məbləğdən yüksək olmaması mübahisələndirilmədiyindən, iddiaçı, mərhum Məhərrəmov Vaqif Yunis oğlunun kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsəsi – arvadı Cavabdeh tələb etməkdə haqlıdır. Həmçinin, iddiaçının təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh tərəfindən isə məhkəməyə iddia tələbini təkzib və borcun düzgün hesablanmadığını təsdiq edəcək heç bir sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehdən əsas borcun, ona hesablanmış faizlərin ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi və iddiaçının bank xidmət haqqını ödəməsi nəticəsində çəkdiyi 0,40 manat əlavə xərcin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, BPM**********86 nömrəli kredit (tam kart çərçivə) müqaviləsi üzrə yaranmış 242,16 manat əsas və 37,4 manat faiz borcu olmaqla, cəmi 279,56 (iki yüz yetmiş doqquz manat əlli altı qəpik) manat kredit borcu, həmçinin ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar