Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-492/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı MMC, xx.xx.2023-cü il tarixli, STK01-2107 saylı kredit müqaviləsinə əsasən həmin müqavilənin girovu olan **-HJ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsalı, ağ mirvari rəngli, “Mitsubishi” markalı “Pajero” model minik avtomobilini 7E-26059 saylı etibarnamə ilə idarə edən zaman inzibati xəta törətdiyi üçün Cavabdeh 584 manat cərimə məbləği, o cümlədən məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat olmaqla ümumilikdə cəmi 614 manat məbləğində pulun tutularaq iddiaçı MMC-nin direktoru X1 ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı MMC-nin direktoru X3 şəxsində və Cavabdeh arasında xx.xx.2023 tarixli STK01-2107 saylı 7200 manat məbləğində kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin girovu **-HJ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsalı, ağ mirvari rəngli,“Mitsubishi” markalı “Pajero” model minik avtomobili olmuşdur. Cavabdeh girov predmeti olan həmin avtomobili 7E-26059 saylı etibarnamə ilə idarə edən zaman inzibati xəta törətmiş və nəticədə həmin inzibati xətaya əsasən 584 manat cərimə borcu yaranmışdır. Cavabdeh müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən girov predmeti olan avtomobil geri alınan zaman həmin cərimə məbləği aşkar edilmişdir. Cərimə məbləği olan 584 manat İddiaçı MMC tərəfindən ödənilmişdir. Nəticədə cavabdeh İddiaçı MMC-yə 584 manat maddi zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş göndərilsə də, cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamadığından bildirişin verilməsi mümkün olmamışdır. Məhkəmə cavabdehin telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə SMS bildiriş və onun sonuncu yaşayış yeri üzrə yerli icra hakimiyyəti orqanına cavabdehə təqdim etməsi üçün bildiriş göndərmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllsinin (MPM) 147 və 185.5-ci maddələrinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, işin faktiki halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh (borcalan və ya cavabdeh) arasında bağlanmış STK01-2107 nömrəli, 13 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə illik 54 faiz dərəcəsi ilə 7200 manat kredit verilmiş, borcalan isə kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi kredit məbləğini, habelə kreditdən istifadəyə görə hesablanmış faizləri və digər ödənişləri kreditora qaytarmağı (ödəməyi) öhdəsinə götürmüşdür. Ödəniş cədvəli əsasında cavabdeh xx.xx.2025-ci il tarixi də daxil olmaqla hər ay 496,71 manat, sonuncu ay isə 495,27 manat ödəməli idi. Borcalanın həmin öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə iddiaçı MMC ilə borcalan arasında STK01-2107 nömrəli, 13 dekabr 2023-cü il tarixli girov müqaviləsi bağlanmış, həmin müqaviləyə və ona əlavə edilmiş STK01-2107 nömrəli kredit müqaviləsinə əsasən avtomobilin qiymətləndirilməsi və girov götürülməsi üzrə akta əsasən borcalana məxsus olmuş 1999-cu il buraxılışlı, ağ mirvari rəngli, “Mitsubishi Pajero” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobil girov qoyulmuş, girov predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 5500 manat müəyyən edilmişdir. Əsas müqavilə üzrə tələb edilə bilinəcək əsas borc 7200 manat təşkil edən kredit məbləği və hesablanacaq faiz borclarıdır, girov ilə təmin olunmuş öhdəliyin yaranma əsası iddiaçı MMC ilə cavabdeh arasında yazılı formada bağlanmış və məbləği 7200 manat olan xx.xx.2023-cü il tarixli, STK01-2107 saylı kredit müqaviləsidir. Cavabdeh iddiaçıya ərizə ünvanlayaraq bildirmişdir ki, iddiaçı ilə aralarında bağladıqları xx.xx.2023-cü il tarixli, STK01-2107 saylı kredit müqaviləsinə əsasən verilmiş 7200 manat məbləğdə kreditin ödəniş cədvəlinə əsasən 5 (beş) iş günü müddətində ödənişi gecikdirdiyi halda kreditin təminatı kimi ona məxsus xx.xx.2023-cü il tarixli qiymətləndirmə aktına əsasən 5500 manat məbləğində qiymətləndirilmiş qızıl-zinət əşyalarının məhkəməyə müraciət edilmədən satılaraq borcun əvəzinə yönəldilməsinə razıdır, yenidən qiymətləndirmə zamanı girov predmetinin satışından əldə edilən məbləğ təşkilata olan kredit öhdəliyini tam ödəmədikdə qalıq borcunu ödəməyə təminat verir, girov qoyulmuş ona məxsus qızıl-zinət əşyaları satılıb borcun əvəzinə yönəldikdən sonra təşkilata qarşı iddia və tələbi olmayacaq. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 1999-cu il buraxılışlı, ağ mirvari rəngli, “Mitsubishi Pajero” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X2r. İş materiallarına əlavə edilmiş nəqliyyat vasitəsindən istifadə edilməsinə dair xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, mülkiyyətçi X3 özünəməxsus 1999-cu il buraxılışlı, ağ mirvari rəngli, “Mitsubishi Pajero” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyətini Cavabdeh etibar etmiş, etibarnamə 8 il 2 ay 25 gün müddətinə verilməklə, xx.xx.2032-ci il, saat 23:59-dək qüvvədə olmuşdur. İş materiallarında olan, Gəncə şəhəri X5 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan və bununla əlaqədar Gəncə şəhəri X5 Şöbəsinin xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, cavabdeh, xx.xx.2024-cü il tarixində, saat 02:20-də Gəncə şəhəri, Nizami prospekti ərazisində “Mitsubishi Pajero” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, yəni nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsini idarə etməyə və nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsin görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan, xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Cavabdeh etibarnamə əsasında idarə etdiyi **-HJ-*** dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı “Pajero İO” model minik avtomobili Gəncə şəhərinin ərazisində aşkar edilərək götürülmüşdür. İddiaçı tərəfindən təqdim edilmiş, xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı cavabdehin inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli protokol üzrə 584 manat cərimə borcunu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi tələbi ilə bağlı pretenziya məktubu göndərilərək xx.xx.2023-cü il tarixli, STK01-2107 nömrəli kredit müqaviləsinə əsasən həmin müqavilənin girovu olan **-HJ-*** dövlət qeydiyyat nişanlı, 1999-cu il istehsalı, ağ mirvari rəngli, “Mitsubishi” markalı “Pajero” model minik avtomobilini 7E-26059 saylı etibarnamə ilə idarə edən zaman inzibati xəta törətmiş Cavabdeh 584 manat cərimə məbləğinin İddiaçı MMC-nin direktoru X1 ödəməsi tələb edilmiş, əks halda məhkəməyə müraciət ediləcəyi barədə məlumat verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsiinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd edilən müddəadan da göründüyü kimi, qanun öhdəliyin yaranması üçün üç hüquqi əsas müəyyən etmişdir. Yəni, öhdəlik ya bir şəxsin digər şəxsə vurduğu zərər (delikt) nəticəsində (bu halda, zərər vuran şəxsin vurduğu zərərin əvəzini zərər çəkənə ödəmək öhdəliyi yaranır), ya əsassız varlanma (bu halda, əsassız varlanan şəxsin əldə etdiklərini zərər çəkənə qaytarmaq öhdəliyi yaranır), ya da tərəflər arasında bağlanmış müqavilənin icra edilməsi (yaxud icra edilməməsi), qüsurlu icra edilməsi və s. nəticəsində yarana bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olundu ki, iddiaçı MMC-nin direktoru, mülkiyyətçi X3 özünə məxsus 1999-cu il buraxılışlı, ağ mirvari rəngli, “Mitsubishi Pajero” minik markalı, **-HJ-*** dövlət qeydiyyat nişanlı avtomobili müvəqqəti olaraq cavabdehin istifadəsinə vermişdir. Nəqliyyat vasitəsi cavabdehin sahibliyində olduğu müddət ərzində, yəni xx.xx.2024-cü il tarixində, saat 02:20-də cavabdeh, Gəncə şəhəri, Nizami prospekti ərazisində həmin avtomobili idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş, bununla əlaqədar Gəncə şəhəri X5 Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında İXP seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol və xx.xx.2024-cü il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdeh, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.1 və 333.1-ci maddələri ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İnzibati cərimə vaxtında ödənilmədiyinə görə həmin məbləğə əlavə olaraq dəbbə pulu hesablanmış və cavabdehin törətdiyi inzibati xəta hadisəsinə görə yaranmış borcu ümumilikdə 584 manat təşkil etmişdir. Nəqliyyat vasitəsi xx.xx.2024-cü il tarixində Gəncə şəhərinin ərazisində aşkar edilərək götürülmüşdür. İddiaçı MMC cavabdehin törətdiyi inzibati xəta hadisəsinə görə yaranmış ümumilikdə 584 manat borcu onun əvəzindən dövlət büdcəsinə ödəmişdir. Hazırda iddiaçı həmin məbləğin cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Mülki Məcəllənin 431.1-ci maddəsinə əsasən borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Həmin Məcəllənin 431.3-cü maddəsinə əsasən əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün müddətində cəriməni qanunla müəyyən edilmiş əsaslar olmadan ödəməyən şəxsə onun ödənilmədiyi hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır. Dəbbə pulu bütün gecikdirilmiş müddətə, lakin 2 aydan çox olmamaq şərti ilə tətbiq edilir. Qərarın qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində cərimə qanunla müəyyən edilmiş əsaslar olmadan ödənilmədikdə, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxsin inzibati xətanı törədərkən idarə etdiyi nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir. Cərimə, müvafiq dəbbə pulu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, sözügedən nəqliyyat vasitəsi cavabdehin sahibliyində olduğu müddət ərzində Gəncə şəhəri X5 Şöbəsi tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərara əsasən cavabdehə inzibati cərimə tənbehi tətbiq edilmişdir. İnzibati cərimə vaxtında ödənilmədiyinə görə həmin məbləğlərə əlavə olaraq dəbbə pulu hesablanmış və cavabdehin törətdiyi inzibati xəta hadisəsinə görə yaranmış ümumilikdə 584 manat borc onun əvəzinə iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Borcun ödənilməsini təsdiq edən qəbzi məhz iddiaçının məhkəməyə təqdim etməsi bu halı təsdiq edir. İddiaçının həmin borcu ödəməkdə məqsədi isə həmin nəqliyyat vasitəsi ilə inzibati xəta hadisələri törədildiyinə görə, nəqliyyat vasitənin saxlanca verilməsinin qarşısının alınması olmuşdur. Cavabdeh tərəfindən törədilmiş inzibati xəta hadisəsinə görə inzibati xətalar qanunvericiliyinə əsasən sözügedən nəqliyyat vasitəsinin saxlanması təhlükəsi olduğundan, iddiaçı müvafiq kredit və girov müqavilələrini də əsas götürüb, məcburiyyət qarşısında qalaraq cavabdehin əvəzindən onun öhdəliyini icra etmişdir. Digər tərəfdən isə qeyd edilməlidir ki, cavabdehin təqsiri üzündən yaranmış öhdəliyin iddiaçı tərəfindən icra edilməsi nəticəsində cavabdehin əmlak vəziyyətində hər hansı azalma baş verməmiş, bununla cavabdeh iddiaçının ödədiyi vəsait həcmində onun əmlakı hesabına əsassız varlanmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələbi haqlı olduğuna görə təmin edilməli, 584 manat məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin, MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia əsaslı olduğundan, məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə (hakim) yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 584 (beş yüz səksən dörd) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №e-2(125)-492/2025
Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-492/2025
12.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver