Məhkəmə qərarları › İş №e-2(125)-494/2024

Gəncə Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(125)-494/2024

22.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № e-2(125)-494/2024 22.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X13 Şakir oğlunun sədrliyi, X6 iclas katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi üzrə mülki işə, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2000 (iki min) manat maddi zərərin, 4000 (dörd min) manat mənəvi zərərin, habelə ödənilmiş 80 (səksən) manat dövlət rüsumu olmaqla, cəmi 6080 (altı min səksən) manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 nömrəli X7 Yardım Xəstəxanasında həkim stomatoloq Cavabdeh müraciət edərək, ağıl dişinin çəkilməsini xahiş etmişdir. Həkim problem olmadığını və 40 manat müqabilində ağıl dişini çəkəcəyini bildirmişdir. O, razılaşmış və həkim dərhal onun dişini çəkmək istəyəndə o, dişinin rentgen edilməmiş çəkilməsinin nə dərəcədə düzgün olduğunu soruşmuş, Cavabdeh isə rentgenə ehtiyac olmadığını və heç bir problem olmayacağını bildirmişdir. O, həkimin məsləhətinə qulaq asmış və həkim ağıl dişini çəkmişdir. O, 2-3 gün şiddətli ağrılardan əziyyət çəkdiyindən və həmin ağrılar dözülməz olduğundan xx.xx.2023-cü il tarixdə X2 müraciət edərək, qan analizi və biokimya testi etdirmiş və alınan cavablardan da göründüyü kimi onun qanında diş çəkilməsindən sonra zəhərlənmə baş vermişdir. Bundan sonra o, həmin tarixdə “BestlabClinic”də biokimya testi etdirmiş və orada da ümumi göstəricilər normadan çox olmuşdur. Bundan sonra o, həkim məsləhətinə əsasən demək olar ki, bütövlükdə bədənin bütün nahiyələrindən müxtəlif klinikalarda müayinədən keçmiş və bir çox müalicələr almış və dərman preparatları qəbul etmişdir. Hətta cavabdehin səhlənkarlığı ucbatından qanında olan infeksiyalara görə 2 dəfə hərəsinə 200 manat olmaqla, cəmi 400 manat ümumi qanını dəyişdirmək məcburiyyətində qalmışdır. O, cavabdehin səhlənkarlığı ucbatından səhhətinin normallaşması ilə bağlı klinikalarda aşağıdakı xərcləri çəkmişdir: 1 xx.xx.2023cü il tarixdə “X1” analizlərlə bağlı 67 manat + 21 manat=88 manat; 2. xx.xx.2023-cü il tarixdə “BestLabClinic”də 81 manat; 3. xx.xx.2023-cü il tarixdə “X14”da 25 manat; 4. xx.xx.2023-cü il tarixdə “X3”də 177 manat+50 manat+124 manat+3 manat=354 manat; 5. xx.xx.2023-cü il tarixdə “Ortoped Xəstəxanası”nda 25 manat; 6. xx.xx.2023-cü il tarixdə “Diamed Klinikası”nda 167 manat; 7. xx.xx.2023-cü il tarixdə “Ege Hospital”da 88 manat;

8. xx.xx.2023-cü il tarixdə “Star Lab”da 20 manat+35 manat=55 manat; 9. xx.xx.2023-cü il tarixdə Poliklinikada 35 manat” 10. xx.xx.2023-cü il tarixdə “X4”də 29 manat; 11. xx.xx.2023-cü il tarixdə “Premium Clinic”də 19 manat; 12. xx.xx.2023-cü il tarixdə “Premium Clinic”də 150 manat; 13. xx.xx.2023-cü il tarixdə “X15 Laboratoriya”da 19 manat+19 manat=38 manat; 14. xx.xx.2023-cü il tarixdə “X16”ndə 50 manat olmaqla, ümumi cəmi 1204 manat. O, cavabdehin səhlənkarlığı ucbatından səhhətinin normallaşması ilə bağlı apteklərdən aldığı dərmanlarla bağlı aşağıdakı xərcləri çəkmişdir:

1. xx.xx.2023-cü il tarixdə "xxxx"ləri MMC aptekdə 70,52 manat; 2. xx.xx.2023-cü il tarixdə "xxxx"ləri MMC aptekdə 20,83 manat; 3. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC aptekdə 62,05 manat; 4. xx.xx.2023-cü il tarixdə “Elnur Aptek”də 154,92 manat; 5. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də 16,40 manat; 6. xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-də 11,94 manat+20,45 manat olmaqla cəmi 32,39 manat ümumi cəmi: 357,11 manat (356 manat). O, səhhəti ilə bağlı ümumilikdə dişin çəkilməsinə görə 40 manat, qanın dəyişdirilməsinə görə 400 manat, xəstəxanalara görə 1204 manat, dərman vasitələrinin alınmasına görə 350 manat olmaqla, ümumilikdə 2000 manat xərcləmişdir. Bundan başqa ağır xəstəlik keçirdiyinə görə o, hər dəfə həkim qəbuluna getdikdə, analiz verdikdə, müayinələr olunduqda gərgin psixoloji vəziyyət keçirmişdir və hal-hazırda onun psixologiyasına pis təsir etmişdir və o, mənəvi sarsıntı keçirmişdir. Həkim rəylərində və diaqnozlarında onun qaraciyərinin zədələnməsi, psixoloji və depressiv hal keçirməsi aydın şəkildə qeyd olunmuşdur. Odur ki, o, cavabdeh tərəfindən ona dəymiş mənəvi zərərin məbləğini 4000 manat olaraq qiymətləndirir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkil) Vəkil iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddia tələbini müdafiə edərək, əlavə olaraq izahatında bildirdi ki, Cavabdeh tərəfindən İddiaçı dişinə vizual olaraq baxış keçirilmiş, vizual baxış keçirildikdən sonra iddiaçının ağıl dişi çəkilmiş və bu vizual adlanan prosedurun nəticəsində İddiaçı səhhətində kəskin ağrılar baş vermiş, bununla da iddiaçının qanına zəhərlənmə keçmişdir. Cavabdehin səhlənkarlığı ucbatından İddiaçı səhhətinin normallaşması ilə bağlı ayrı-ayrı klinikalarda müayinələrdən keçmiş, dərman vasitələri qəbul etmiş və müxtəlif məbləğdə xərclər çəkmişdir. Eyni zamanda bu hal onun psixologiyasına da təsir göstərmiş və mənəvi sarsıntı keçirmişdir. Beləliklə, Cavabdeh tərəfindən iddiaçıya həm maddi, həm də mənəvi zərər dəymişdir. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh X8 iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçıla əvvəllər hər hansı bir şəxsi tanışlığı olmamışdır. Ramil xəstə kimi onun yanına birinci dəfə gəlib ona müraciət etmiş və ağıl dişinin çəkilməsini xahiş etmişdir. Bu zaman o, ağıl dişini müayinə metodundan istifadə edərək nəzərdən keçirmiş, dişdə heç bir narahatçılıq olmadığını və dişin vizual olaraq göründüyünü müəyyən etmişdir. Ona görə də rentgen müayinəsinə ehtiyac duymamış və dişi çəkmişdir. Bu zaman iddiaçıdan dişin çəkilməsinə görə 40 manat yox, 20 manat pul almışdır. Belə ki, ağıl dişləri müəyyən bir yaş həddinə çatdıqdan sonra abseslərin əmələ gəlməsinə səbəb olur və insanda narahatçılıq yaradır. Ona görə də bu kimi halların qarşısını almaq üçün həmin dişlərin çıxarılmasına qərar verilməlidir. Lakin, iddiaçı da ağıl dişinin çəkilməsinin əsas səbəbi sözügedən dişin diş tacının 70 faiz yox olması, dişin bir hissəsinin məhv olması və 2/3 hissəsinin qalması olmuşdur. Belə olduğu halda iddiaçının dişinin bərpası mümkün olmamış və dişin çəkilməsinə zərurət yaranmışdır. İddiaçının dişinin demək olar ki, 70 faiz hissəsi dağılmış vəziyyətdə olmuşdur. Ümumiyyətlə protokola görə əgər dişdə perkutor ağrılar varsa, bu diş kökünün ətrafında yüngül iltihablar olması deməkdir və dişin vaxtında çəkilməməsi absesə çevrilməsidir. Bu zaman diş mütləq şəkildə çəkilməlidir. Həkim təcrübəsi deyilən anlayış mövcuddur, hansı ki, bununla da əlavə müayinə metodu həkimin öz öhdəsinə qalır. O, Füzuli istiqamətində, Ağdam-Xocalı istiqamətində hərbi həkim kimi çalışmış və 20 illik təcrübəsinə əsaslanaraq xəstələrini zərurət duyduqda və ehtiyac olduqda rentgen müayinəyə göndərmişdir. Eyni zamanda Məhkəmə Tibbi Ekspertizasının ağız boşluğu üzrə bütün tibbi rəylərini xəstəni müayinə edərək o, hazırlayır. Belə olduğu halda onun tərəfindən iddiaçının dişinin çəkilməsi zamanı hər hansı bir səhlənkarlığa yol verilməsi və diş çəkdikdən sonra iddiaçının qanına zəhərlənmə keçməsi mümkün deyildir. Onun tərəfindən ağıl dişi normal şəkildə çəkilmiş, diş çəkildikdən sonra dişin ətrafında heç bir qızartı, şişmə, patologiya və narahatçılıq olmamış və diş asan şəkildə çıxarılmışdır. Diş çəkildikdən sonra dişin yerində, yuvasında laxta olmadıqda dişdə qaşıma işləri aparılır ki, dişin yuvası qan ilə dolsun, laxta yaransın və dişin yuvası daha tez sağalsın. İddiaçı da isə bu hala ehtiyac olmamışdır. Çünki diş çıxarıldıqdan sonra dişin yeri, yəni yuvası qanla dolmuş vəziyyətdə olmuşdur. Bu halın özü də dişin özünün normal və problemsiz şəkildə çıxarılması və daha tez sağalması deməkdir. Eyni zamanda diş çıxarıldıqdan sonra onun tərəfindən iddiaçıya önəmli məsləhətlər də verilmişdir ki, bunlara mütləq şəkildə əməl etməlidir. İddiaçı onunla sağollaşmış və təxminən iyul ayının altısı və ya yeddisi onun yanına gələrək, diş çəkilməsindən sonra onda “Hepatit C” virusu aşkar edildiyini bildirmiş və keçdiyi müayinələrə görə ondan pul tələb etmişdir. O, isə Ramilə heç bir günahı olmadığı üçün pul verməyəcəyini demişdir. Həmçinin, çəkilən dişin yerinə baxış keçirmiş, bu zaman dişin yerində heç bir narahatçılıq olmamış, diş şişməmiş, həmin nahiyəyə heç bir virus keçməmişdir. Dişin yerində heç bir abses əlaməti olmamışdır. İddiaçının əlindəki sənədlərə baxmış və görmüşdür ki, o, iddiaçının ağıl dişini iyul ayının 1-də çəkmiş, iddiaçı isə iyul ayının 4-də analiz vermişdir. Hansı ki, 3 gün müddətində “Hepatit C” xəstəliyinin əmələ gəlməsi və aşkar olunması mümkün deyildir. Sözügedən xəstəliyin bədəndə aşkar olunması üçün azı 1-2 ay vaxt lazımdır. Əlavə olaraq bildirir ki, onun tərəfindən kabinetində istifadə etdiyi bütün avadanlıqların vaxtı-vaxtında və mütəmadi olaraq sterilizasiya olunur. Belə olan halda diş çəkilməsindən sonra iddiaçıya hər hansı bir virusun keçməsi və bunun nəticəsində bədəndə zəhərlənmə baş vermə ehtimalı sıfıra bərabərdir. Xəstənin dişinə nə qədər laqeyd yanaşasan ki, diş abses verə, abses nəticəsində iltihablana və sepsis, yəni qana zəhərlənmə keçə, belə şəxs isə ancaq stasionar şəkildə müalicə almalıdır. Ambulator şəkildə xəstənin müalicəsi mümkün deyildir. İddiaçı analizlərindən görünür ki, iddiaçı da “C” reaktiv zülal yüksəkdir. “C” reaktiv zülal bədənin müqavimətidir. “C” reaktiv zülal adətən, hamilə qadınlarda, xərçəng xəstələrində, siqaret çəkənlərdə yüksək olur. Həmçinin, iddiaçı iş materiallarına mart ayında keçdiyi yoxlamalar ilə bağlı analizlərini də əlavə etmişdir. Belə ki, 01 mart 2023-cü il tarixli analiz nəticələrindən görünür ki, iddiaçıda amilaza da yüksək olmuşdur. Bu da mədəaltı vəzinin narahatçılığı deməkdir. Bunun özü də onu deməyə əsas verir ki, İddiaçı diş çəkilməmişdən əvvəl narahatçılıqlar və problemlər olmuş və bununla bağlı həkim yoxlamalarından keçmiş və bununla bağlı analizlər vermişdir. Eyni zamanda o, iddiaçının dişini çəkdikdən sonra onda narahatçılıq olub-olmamasını soruşmuş, iddiaçı isə ona heç bir probleminin və narahatçılığının olmadığını bildirmişdir. Diş çəkildikdən sonra 3 gün ərzində şəxsdə “Hepatit C” xəstəliyinin yaranması qeyri-mümkündür. İddiaçı da “Hepatit C” xəstəliyinin aşkar olunmasının diş çəkilməsinə heç bir aidiyyəti yoxdur. Perkutor ağrı, yəni dişə toxunduqda əgər xəstədə ağrı varsa, orada iltihab başlanması deməkdir, onun müalicəsi demək olar ki, 99 faiz mümkün deyildir, ağıl dişlərində isə ümumiyyətlə mümkün deyildir. İddiaçı “Toksiki hepatit, xroniki hepatitin kəskinləşməsi diaqnozu qoyulmuşdur. “Toksiki hepatit” uzun müddət spirtli içki qəbul edən, siqaret çəkən, eyni zamanda iddiaçıya “septisemi və depressiya diaqnozu qoyulmuşdur ki, iddiaçıya buna görə yazılmış sakitləşdirici dərmanlar, antibiotiklər qəbul etdikdə yaranır. Diş çəkiləndən sonra yalnız abses verə və sebsis yarana bilər, bu hallarda iddiaçıda baş verməmişdir. “Toksiki hepatit” yarana bilməz. İddiaçı ondan pul almaq məqsədi ilə əsassız olaraq iddia qaldırmışdır. Odur ki, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək, mübahisəyə tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş; 01 mart 2023-cü il tarixli “Həyat Clinic” Medical Center tərəfindən verilmiş analiz nəticələrindən görünür ki, İddiaçı aminotransferaza (ALT) nəticə-34,4 ölçü vahidi-U/L referans-0-41; a-amilaza nəticə-117 ölçü vahidi-U/L referans-28-100; qammaqlutaminaminotransferaza (GGT) nəticə-43 ölçü vahidi-U/L referans-0-60-dır. 04 iyul 2023-cü il tarixli X5 tərəfindən verilmiş nəticələrdən görünür ki, İddiaçı biokimya testi nəticəsində antistreptolizin O (ASO) nəticə-114,97 vahid-İU/ml referans aralığı-0-250; C-reaktiv zülal (CRP) nəticə-42,05 H vahid-mg/L referans aralığı 0-5-dir. 28 avqust 2023-cü il tarixli “Starlab Klinikası” tərəfindən verilmiş müayinə sənədindən görünür ki, İddiaçı sağ tərəfli mastoidit əlamətləri. Paranazal sinuslarında patoloji dəyişikliklər aşkar edilməmişdir. 02 sentyabr 2023-cü il tarixli “Premium Clinic” tərəfindən verilmiş nəticələrdən görünür ki, İddiaçı C-reakrit zülal nəticə-10,0 ölçü vahidi mg/dl norma-0,0-6,0; immunoqlobulin İgE nəticə 105,6 ölçü vahidi İU/ml norma-0-130; ALAT nəticə-29,9 ölçü vahidi U/İ norma-40 SAT nəticə-30,2 ölçü vahidi U/İ norma-40 Qelevi-fosfotaza nəticə- 275,0 ölçü vahidi U/İ norma-35-123-dür. 06 sentyabr 2023-cü il tarixli, 198943 nömrəli "xxxx" tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində "xxxx" MMC-də plazmaferez prosedurunda olmuşdur. 07 sentyabr 2023-cü il tarixli, 190 nömrəli “Bakı Kliniki Mərkəzi” tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində klinikada ambulator müayinə və müalicədə olmuşdur. Toksikoallergik dermatit diaqnozu qoyulmuşdur. 12 sentyabr 2023-cü il tarixli “Diamed Klinikası” tərəfindən verilmiş abdominal USM nəticəsindən görünür ki, İddiaçı dalaq kiçik ölçülü konfiqurasiyada (73x35x44 mm) izlənmiş olub, konturları lobulasiyalıdır və sol subdiafraqmatik sahədə yerləşim göstərmişdir. Kaudal qonşuluğunda dalaq ilə oxşar intensivlikdə, 10 mm ölçülərdə iki ədəd aksesuar dalaq mövcuddur. 18 sentyabr 2023-cü il tarixli, 7860/02 nömrəli “X3” tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həkim, laboratoriya müayinəsindən keçmişdir. İddiaçı toksiki hepatit diaqnozu qoyulmuşdur. Ambulator müalicə tövsiyə olunmuşdur. 18 sentyabr 2023-cü il tarixli “Premium Clinic” tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində “Premium Clinic”ə müayinə və müalicə üçün müraciət etmişdir. Aparılan müayinələr, kliniki həkim baxışından sonra xəstəyə “Toksiki hepatit, Xroniki hepatitin kəskinləşməsi” diaqnozu təyin edilmişdir. Xəstə ambulator şəraitdə müalicə alır. 20 sentyabr 2023-cü il tarixli “BestLabClinic” tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.2023-cü il tarixində klinikada müayinə olunmuşdur. Pasientə müayinə nəticəsində septisemi və depressiya diaqnozu qoyulmuşdur. Müalicə yazılmış və dərman preparatları təyin olunmuşdur. Cavabdeh hazırki iddiaya etirazından görünür ki, İddiaçı ona qarşı Gəncə Şəhər Məhkəməsində iddia ilə müraciət edərək bildirmişdir ki, o, rentgen etmədən 40 manat müqabilində onun dişini çəkmiş və diş çəkildikdən sora onun səhhətində ağrılar olmuş, qanına zəhərlənmə keçmişdir. O, dişin çəkilməsi üçün 40 manat deyil, 20 manat almışdır. İddiaçı rentgen müayinəsindən keçmək istədiyini bildirməmişdir. Həmçinin, çəkilmiş diş əvvəlcədən tərəfindən müayinə edilərkən vizual olaraq tam göründüyü üçün rentgen müayinəyə göndərilməsinə ehtiyac olmamışdır. İddiaçı əsassız olaraq səhhətindəki ağrıları məhz çəkilmiş diş ilə əlaqələndirir. Belə ki, iyul ayının 6 və ya 7-si günü onun iş yerinə gəlib ondan müvafiq müayinələrdən keçməsi ilə bağlı ondan 200-300 manat pul istəyərkən, ona nahaq yerə pul verməyəcəyini demiş və ondan çəkilmiş dişin yerinin ağrıyıb-ağrımadığını soruşduqda, o, dişin yerinin ağrımadığını demişdir. Çəkilmiş dişin yerini müayinə etdikdə də həqiqətən çəkilmiş dişin yerində hər hansı patalogiyanın olmadığını müəyyənləşdirmişdir. O, hər hansı bir məbləğdə pul verməyəcəyini dedikdə iddiaçı ondan əl çəkməyəcəyini demişdir. İddiaçı dişi çəkildikdən 3 gün sonra iş yerinə gəlib dişinin çəkilməsindən sonra, yəni 3 gün ərzində onda “Hepatit C” xəstəliyinin yarandığını demişdir. Məhz, dişi çəkildikdən sonra, yəni 3 gün ərzində onda “Hepatit C” xəstəliyinin əmələ gəldiyini dedikdə ona izah etmişdir ki, həmin xəstəlik barədə 3 gün ərzində məlumat əldə etmək mümkün deyildir. İddiaçının səhhəti ilə bağlı müvafiq tibb müəssisəsində analizlər verməsinin çəkilmiş diş ilə heç bir əlaqəsi yoxdur. Həmçinin, iddiada göstərilmiş dişin çəkilməsindən sonra guya ki, qanda zəhərlənmə baş verməsi əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi analizlərdən də görünür ki, onun qanında hər hansı zəhərlənmə əlamətləri yoxdur. İddiaçının iddiada göstərdiyi xüsusatlar hər hansı bir müvafiq ekspertizalar təyin edilmədən qeyd olunduğu üçün tam əsassızdır. Odur ki, İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Beləliklə, iclasında müəyyən olunmuşdur ki, İddiaçı ağıl dişinin çəkilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə cavabdeh olan stomatoloq Cavabdeh müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının dişi müayinə olunmuş, diş vizual olaraq göründüyü üçün rentgen müayinəyə ehtiyac duyulmamış və Cavabdeh İddiaçı ağıl dişini çəkmişdir. İddiaçı ağıl dişi çəkildikdən sonra ağrılardan əziyyət çəkdiyinə görə xx.xx.2023-cü il tarixdə qan analizi və biokimya testi etdirmişdir. Həmçinin, səhhətinin normallaşması üçün müxtəlif tarixlərdə müxtəlif klinikalarda həkim müayinələrdə olmuş və müxtəlif məbləğdə xərclər çəkmişdir. İddiaçı hesab edir ki, səhhətində baş verən ağrılar, problemlər cavabdehin səhlənkarlığı ucbatından baş vermişdir və cavabdehin səhvi nəticəsində onun qanına zəhərlənmə keçmişdir. Həmçinin, həkim qəbullarına getdikcə, analizlər verdikcə psixologiyası pozulmuş və mənəvi sarsıntı keçirmişdir. Bu səbəbdən də İddiaçı hal-hazırda Cavabdeh qarşı dəymiş maddi və mənəvi zərər tələbini irəli sürmüş iddia tələbinin əsası kimi qeyd edilən hallara istinad etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə iddia tələbini qəbul etmədiyini bildirərək, rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə iddia tələbinin dəlillərini işin faktiki halları ilə birlikdə nəzərdən keçirərək qeyd edir ki, İddiaçı Cavabdeh xx.xx.2023-cü il tarixində onun ağıl dişini çəkməsi ilə əlaqədar səhhətinə zərər vurması, qanına zəhərlənmə keçməsi və buna görə də xərclər çəkdiyini qeyd etsə də, Cavabdeh səhlənkarlığı, səhvi, təqsiri habelə hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçının sağlamlığının pozulması, iddiaçının səhhətinə hər hansı formada xəsarət yetirilməsi heç bir mötəbər sübutla öz təsdiqini tapmamışdır. Həmçinin, məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş 01 mart 2023-cü il tarixli “Həyat Clinic” Medical Center tərəfindən verilmiş analiz nəticələrindən görünür ki, iddiaçı ağıl dişi çəkilmədən əvvəl də səhhətində olan narahatçılıqlar və problemlər ilə bağlı zəruri yoxlamalardan keçmiş, analizlər vermiş və müvafiq xərclər çəkmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, İddiaçı səhhətində problemlər yaranması Cavabdeh məsuliyyətsizliyi və ehtiyatsızlığı nəticəsində baş vermədiyindən, başqa sözlə, Cavabdeh tərəfindən İddiaçı maddi zərər vurulmadığından, iddiaçının həkim qəbullarında olmasına, müayinələrdən keçməsinə, analizlər verməsinə görə psixoloji və depressiv hal yaşamasının səbəbkarı Cavabdeh ola bilməz və iddiaçının məhz buna görə də cavabdehdən maddi və mənəvi zərər tələb etməsi də əsassızdır. Odur ki, iddia tələbi hər iki hissədə təmin edilə bilməz. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumu İddiaçı aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qət etdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərər” tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 80 (səksən) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Zaman İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar